“Sərhədlərin açılması ilə bağlı informasiyaların əsası yoxdur” ŞƏRH

“Türkiyə ilə Avrasiya İqtisadi Birliyinin gömrüklə bağlı ortaq razılaşmanın meydana gələ biləcəyi ehtimalı ortalıqdadır. Gömrük münasibətlərinin qurulması Ermənistanla sərhədlərin açılması, eləcə də Türkiyə-Ermənistan diplomatik münasibətlərinin ortaya çıxacağı anlamına gəlmir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu məsələdə ən çox aktivlik nümayiş etdirənlə ermənipərəst dairələr, Ermənistan mətbuat orqanları və Rusiyadakı erməni mənşəli və onların çalışdığı kütləvi informasiya vasitələri, internet resurslarıdır: “Məqsədyönlü şəkildə gömrüklə bağlı hansı münasibətlərin qurulacağı, hansı ölkələrlə əlaqələrin tənzimlənəcəyi vurğulanmır, məsələnin yalnız Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirəcəyi, eyni zamanda sərhədlərin açılacağı məsələsi gündəmə gətirilir. Təbii ki, bunlar təxribat xarakterli məlumatlardır. Çünki Türkiyə ən yüksək səviyyədə Ermənistanla sərhədlərin Azərbaycan ərazilərinin işğaldan azad olunmayacağı təqdirdə açılmayacağını bəyan edib”.

E.Mirzəbəyli qeyd edib ki, burada söhbət Gömrük İttifaqı ilə münasibətlərin genişlənməsindən gedirsə, bu daha çox Rusiya və Türkiyə münasibətləri ilə bağlı olan məsələdir, nəinki Ermənistanla: “Burada sadəcə olaraq sadələşdirilmiş gömrük keçidlərindən söhbət gedə bilər. Bu da hələ ehtimal olaraq ayrı-ayrı ekspertlər tərəfindən səsləndirilən fikirlərdir. Bu baxımdan hesab edirəm ki, bu cür məlumatların heç bir əsası yoxdur və reallaşacağı da mümkün deyil”.

Siyasi şərhçi əlavə edib ki, bu məsələdə ən narahatedici məqam “Reqnium”, erməni mətbuatı və bu kimi agentliklərin məlumatlarının olduğu kimi tərcümə olunaraq Azərbaycan mediasında həqiqət kimi yayılmasıdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə