Mübariz Qurbanlı Qırğız Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 22-də Qırğız Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupov ilə görüşüb.

SİA-nın verdiyi məlumata görə, qonağı səmimi salamlayan Komitə sədri Qırğız Respublikası ilə Azərbaycan arasında tarixi kökləri olan dostluq münasibətlərindən danışıb.

Ölkəmizdə vicdan və etiqad azadlığının konstitusion təminat altında olduğunu bildirən Mübariz Qurbanlı dövlətimizin din siyasətinin demokratik dövlət quruculuğuna, dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslandığını diqqətə çatdırıb.

Azərbaycan əhalisinin 96 faizinin İslam dininə etiqad etdiyini deyən Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımızın daim yüksək qiymət verdiyini və hörmətlə yanaşdığını, dövlət tərəfindən mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə yardımı göstərildiyini vurğulayıb. M.Qurbanlı bu ənənələrin dərin tarixi köklərdən qaynaqlandığını bildirib. Ölkəmizdə bu ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunduğuna diqqət çəkən Komitə sədri qeyd edib ki, müasir dövrdə İslam aləminin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var.

Səmimi görüşə görə minnətdarlığını bildirən Bakıt Yusupov deyib ki, Azərbaycanda dini ekstremizmə və radikalizmə qarşı mübarizə haqqında kifayət qədər məlumatları var və bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasında maraqlıdırlar. Qonaq, eyni zamanda, Azərbaycan nümayəndə heyətini 28-29 sentyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək “Müasir dünyəvi dövlətdə İslam” adlı beynəlxalq konfransa dəvət edib. B.Yusupov qeyd edib ki, konfrans ölkələrin milli-mədəni kimliyinin qorunması, din pərdəsi altında yayılan radikal ideyaların qarşısının alınması, dövlət-din münasibətlərində demokratik dövlət idarəçiliyinin effektivliyinin gücləndirilməsi məqsədilə təşkil ediləcək.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı da iştirak edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə