Bakıda Qlobal Gənc Liderlər Forumunun keçirilməsi Azərbaycanın dünyanın mərkəzi olaraq tanınmasını sübut edir - ANALİTİK

Gənclərin Forumdakı fəallığı yaxın gələcəyin formalaşdırılmasına da öz töhfələrini verəcək

Bəlli olduğu kimi, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilməkdədir. Belə ki, dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısının, bir sıra nüfuzlu proqramların təmsil olunduğu Forumda gənc liderlərlə yanaşı, bir sıra ölkələrin sabiq prezidentləri, iş adamları nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri, iri korporasiya rəhbərləri bir araya gələrək, qarşılıqlı dialoqlar qurmaqdadırlar. Eləcə də toplantılar çərçivəsində keçirilən panel iclasları və qrup müzakirələrində gənc liderlər böyük siyasi təcrübəyə malik sabiq dövlət başçıları ilə interaktiv fikir mübadilələri apararaq, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmaqdadırlar.Ümumiyyətlə, Bakıda Qlobal Gənc Liderlər Forumunun keçirilməsi Azərbaycanın dünyanın mərkəzi olaraq tanınmasını sübut edir. O cümlədən, qənaətə gəlmək mümkündür ki, çağdaş dövrün siyasi axarının tənzimlənməsi, müxtəlif sahələrin idarə olunması baxımından gənclərin Forumdakı fəallığı yaxın gələcəyin formalaşdırılmasına da öz töhfələrini verəcək. Həmçinin, keçirilən əhəmiyyətli tədbirdə liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin, liderliyin daxili və xarici hüdudları müzakirə olunmala yanaşı, münbit, səmərəli debatlar da baş tutmaqdadır. Bütövlükdə isə Bakıda Qlobal Gənc Liderlər Forumunun keçirilməsi dünyanın Azərbaycan həqiqətlərinin, tarixinin daha yaxından müşahidə edilməsinə şərait yaratmağa əsaslı zəminlər yaratmaqdadır. Forumla bağlı səslənən müxtəlif fikirlər də məhz sözügedən tədbirin nə dərəcədə əhəmiyyətli olmasını sübut etməkdədir.

Millət vəkili Aydın Mirzəzadə: “Bakı dünyanın diplomatik mərkəzinə çevrilib”

Bununla bağlı fikir bildirən millət vəkili Aydın Mirzəzadəyə görə, Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu yaxşı mənada iddialı layihədir. Belə ki, hər bir ölkə Qlobal Liderlərin Forumunu keçirmək, bu məsələlərin müzakirə platformasına çevrilmək istəyər: “Azərbaycan isə bu forumu keçirməklə buna hazır olduğunu və bu gün Bakının dünyada diplomatik mərkəzlərdən birinə çevrildiyini sübut edir”.

Azərbaycanda vaxtaşırı beynəlxalq miqyaslı tədbirlərin keçirildiyini deyən deputat onu da qeyd edib ki, bu tədbirlər nəticəsində dünyanın bir çox tanınan liderləri, ictimai xadimləri ölkəmizə səfər edirlər: “Səfər zamanı təkcə gündəlikdəki məsələlər müzakirə edilmir, eyni zamanda Azərbaycanın inkişafı ilə də tanış edilir. Bununla da Azərbaycanın inkişaf modeli digər ölkələr üçün bir nümunəyə çevrilir”.

“Azərbaycanın həm paytaxtı, həm də regionlarında mənzil almaq, burada iş qurmaq istəyənlərin sayıl da durmadan artır”

Aydın Mirzəzadəyə görə, məhz ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin nəticəsidir ki, Azərbaycana investisiya qoymaq istəyən şirkətlərin sayı çoxalır, ölkəmizə gələn turistlərin sayı durmadan artır: “Artıq Bakı çoxdilli, çoxmədəniyyətli bir şəhərə çevrilib. Azərbaycanın həm paytaxtı, həm də regionlarında mənzil almaq, burada iş qurmaq istəyənlərin sayıl da durmadan artır. Bundan əlavə, universitetlərimizdə də xarici tələbələrin sayının kəskin şəkildə artması gözlənilir. Bu günlərdə bildirildi ki, Azərbaycan təhsilinin flaqmanı olan Bakı Dövlət Universiteti üçün 7 min nəfərlik tələbə şəhərciyi salınacaq. Bu isə Azərbaycan diplomu almaq istəyən xarici ölkə gənclərinin sayının durmadan artmasına səbəb olacaq”.

Görünən də budur ki, artıq Azərbaycan bir çox sahələrdə beynəlxalq aləmin diqqətini cəlb edən mühüm beynəlxalq tədbirlər keçirir, dünya isə həmin tədbirlərin müsbət nəticələrini görür. Daha dəqiq desək, artıq Azərbaycan zaman-zaman beynəlxalq siyasət arealına müasir modellər təklif edir və bu modellər bütün mənalarda siyasi-ictimai brendə çevrilməkdədir.

“Azərbaycan gəncləri xarici ölkələrdə də ayrı-ayrı sahələrdə çox uğurlu mövqe tuta bilirlər”

Aydın Mirzəzadə də bu amildən çıxış edərək deyib ki, Azərbaycanda gənc lider yetişdirilməsi üçün artıq çox səmərəli bir model formalaşıb: “Gənclərin yüksək səviyyəli təhsil alması, onların gənclər, ictimai təşkilatları vasitəsilə, həmçinin ayrı-ayrı keçirilən beynəlxalq tədbirlərdə könüllü funksiyası yerinə yetirməklə özlərini gələcək həyata hazırlaması buna çox yaxşı sübutdur. Azərbaycan gəncləri arzularını ölkəmizdə həyata keçirmək üçün ildən-ilə daha çox imkanlar qazanır. Eyn zamanda Azərbaycan gəncləri xarici ölkələrdə də ayrı-ayrı sahələrdə çox uğurlu mövqe tuta bilirlər. Bu gün Azərbaycan diplomu, Azərbaycan gəncliyi günü-gündən daha çox nüfuz qazanır”.

Latviyanın sabiq prezidenti Valdis Zatler: “Dünyada sülhün və sabitliyin bərqərar olmasına öz töhfəsini verən Forumun böyük əhəmiyyəti var”

Forumun işinə qatılan xarici qonaqlar da bu tədbirin nə qədər əhəmiyyətli və vacib olması, xüsusilə də Azərbaycanda keçirilməsi faktoruna toxunaraq bildiriblər ki, Qlobal Gənc Liderlər Forumu müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biriləri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir. Belə ki, Latviyanın sabiq prezidenti Valdis Zatlersə görə, bu cür tədbirlərin keçirilməsi dünyada sülhün və sabitliyin bərqərar olmasına öz töhfəsini verir: “Forumun böyük əhəmiyyəti var. Buraya toplaşanlar fikir və təcrübə mübadiləsi aparırlar. Onlar fərqli siyasi quruluşa malik ölkələrdən gəliblər. Beləliklə, bu Forum müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biriləri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir”.

Latviyanın eks-prezidenti onu da əlavə edib ki, fikir mübadiləsi aparmaq, səmərəli, elmli debatlar quraraq nəticəli müzakirələr aparmaq problemlərin həllində ən yaxşı yoldur. “Məhz bu baxımdan, Qlobal Gənc Liderlər Forumu gənclərin təcrübəli insanlarla görüşdüyü yeni platformadır”- deyə Valdis Zatlers vurğulayıb.

Azərbaycan-Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdili: “Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında dövlətlə xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun birgə fəaliyyəti öz müsbət nəticələrini verir”

Azərbaycan-Türkiyə Evinin icraçı direktoru, Diaspor.az saytının rəhbəri Toğrul Allahverdili də hesab edir ki, 21-24 avqust tarixində Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artması, Azərbaycan xalqının Mədəniyyətinin Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında əhəmiyyətli rol oynayır. Onun sözlərinə görə, tədbirin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığıyla keçirilməsi forumu daha da önəmli edir. “Tədbirin məqsədi dünyanın müxtəlif ölkələrindən çoxlu sayda gənci bir araya toplayaraq, qarşıda duran məqsədlərə nail olmaq üçün onların fikir və düşüncələrini öyrənməkdir”-deyə qeyd edən Toğrul Allahverdiliyə görə, Forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısının, o cümlədən "Şvarzman”, "Rodos”, "Fulbrayt”, "Marşal”, "Truman”, "Mitcel”, "Geyts” kimi nüfuzlu proqramların, Harvard, Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər Məktəbi, Toronto, Tsinxua, Leypsiq, Corctaun, Corc Vaşinqton, Sarbon, Sapienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun, Kolumbiya, Liverpul, Paris İqtisadiyyat Məktəbi, Çikaqo, Notr Dam, Miçiqan, Rotterdam, Barselona universitetləri kimi dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının qatılması əhəmiyyətli məqamlardandır.

Forumun mühüm amillərə söykənməsi həm də belə nəticəyə gəlməyə əsas verir ki, bu gün Azərbaycanın Ermənistanın işğal siyasətini ifşa etmək üçün həyata keçirdiyi siyasətin bir qanadının da diaspora və lobbi siyasəti ilə bağlıdır . Belə ki, yaxın keçmişdə azərbaycanlıları dünyada qəddar, irqçi kimi tanıtmağa çalışan erməni lobbisi bu gün çıxılmaz duruma düşüb. Çünki hazırda dünya ölkələrinin böyük əksəriyyəti Azərbaycanın tolerantlıq modelini yüksək qiymətləndirir, digər dövlətlər üçün nümunəvi səciyyə daşıdığını açıq şəkildə etiraf edir.

Azərbaycan-Türkiyə Evinin icraçı direktorunun fikirlərniə görə, bu həm də o deməkdir ki, qəddar bir xalq tolerantlıq nümunəsi yarada bilməz: “Qeyd etmək istərdim ki , Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında dövlətlə xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun birgə fəaliyyəti öz müsbət nəticələrini verir”.

Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin: “Bu Forum həm Azərbaycan, həm bölgə, həm də dünya üçün çox önəmlidir”

“Qlobal Gənc Liderlər Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin reallaşdırdığı önəmli tədbirlərdən biridir. Gələcəyə baxmaq, problemlərin həllinə müxtəlif baxışlardan, nöqteyi-nəzərlərdən yanaşmaq lazımdır. Bu gün dünyamız bir çox problemlərlə qarşılaşıb. Elə problemlər var ki, həllini tapmayıb. Müharibələr, eləcə də etnik, məzhəb qarşıdurmaları mövcuddur. Bəzi həll olunmamış problemlər var ki, onların həllində ümid gənclərədir. Ona görə də gənclərə yol açmaq, onların gələcək liderlər kimi proseslərdə fəal iştirakına şərait yaratmaq çox önəmlidir”. Bu fikirləri isə mediaya açıqlamasında Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin söyləyib. Onun fikrincə, Qlobal Gənc Liderlər Forumu dünyanın hər yerindən - Afrikadan, Asiyadan, Amerikadan, Avropadan gəncləri bir araya gətirərək onlara mühüm problemləri müzakirə etmək imkanı yaradır. “Daha yaxşı dünyanı qurmaq üçün nə etmək lazımdır?” sualını verən Hikmət Çətin vurğulayıb ki, dünyanın gələcəyi gənclərə bağlıdır və Forum bu mənada xüsusi əhəmiyyəti ilə seçilir. O, gənclərin bacarığına inandığını bildirib: “Bu baxımdan Qlobal Gənc Liderlər Forumu üzləşdiyimiz problemlərin həllinə böyük töhfə verəcək. Bu Forum həm Azərbaycan, həm bölgə, həm də dünya üçün çox önəmlidir”.

ABŞ təmsilçisi Daniel Qoldstern: "Biz bu Forumda qlobal siyasi məsələləri də öyrənməkdə maraqlıyıq"

Qlobal Gənc Liderlər Forumunda iştirak edən ABŞ təmsilçisi Daniel Qoldstern isə Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunun gənclərin öyrənmələri üçün çox yaxşı platforma olduğunu qeyd edib. O, Azərbaycanda dünyanın müxtəlif ölkələrini təmsil edən gənclərlə görüşünü həyəcanverici olaraq qiymətləndirib və bildirib ki, bu, həm də fərqli baxışlara, mədəniyyətlərə malik insanlarla tanış olmaq deməkdir: “Biz bu Forumda qlobal siyasi məsələləri də öyrənməkdə maraqlıyıq".

Bakı Forumu gənc liderlərlə səmərəli əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından gözəl imkandır. Forumun daha bir əhəmiyyəti ondan ibarətdir ki, burada gənc liderlər təcrübəli insanlarla bir araya gələrək aktual məsələləri müzakirə edirlər. O, əmin olduğunu bildirib ki, Forumda aparılan fikir və təcrübə mübadilələri faydalı nəticələr verəcək”.

Yeri gəlmişkən, Daniel Qoldstern və digər ölkələrdən gələn gənclərin bir çoxu Azərbaycana ilk dəfə səfər etdiklərini, Bakının gözəlliyinə valeh olduqlarını, insanların qonaqpərvərliyinin onlarda zəngin təəssüratlar yaratdıqlarını, ölkəmizdən yalnız müsbət enerji aldıqlarını bildiriblər.

Azərbaycan dünya gənclərinin siyasət məktəblərinin başlanğıc nöqtəsi olaraq qiymətləndiriləcək

Ümumiyyətlə qeyd etmək yerinə düşərdi ki, Forumun əsas hədəflərindən biri həm də Azərbaycanın tarixi, müasir həyatı, və mədəniyyəti ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Bu baxımdan da yüksək etimada sahib olan insanların, eləcə də gənc liderlərin Azərbaycana gəlməsi, bu mənada ölkəmizin beynəlxalq aləmdəki yüksək reytinqinə əlavə təkanlar verir.

Beləliklə, irəli sürülən fikirlərdən və gəlinən nəticələrdən təməlli olaraq belə bir fikir formalaşır ki, Bakıda Qlobal Gənc Liderlər Forumunun keçirilməsi Azərbaycanın dünyanın mərkəzi olaraq tanınmasını sübut edir, o cümlədən, dünya gəncləri gələcəyin liderləri olaraq öz siyasi karyeralarının əsas təməllərini də məhz ölkəmizdə qoyurlar. Söz yox ki, bu seçim onların hər birinin yaxın gələcəkdə uğur əldə etmələri istiqamətində öz müsbət nəticələrini verəcək. Eyni zamanda, Azərbaycan dünya gənclərinin siyasət məktəblərinin başlanğıc nöqtəsi olaraq qiymətləndiriləcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə