NGBM-nin həmsədri: “Qlobal Gənc Liderlər Forumu yeni ideyadır"

"Bakının dünyanın tanınmış liderlərini bir araya gətirmək, bu gün və sabah üçün vacib məsələlərin müzakirəsini təşkil etmək ənənəsi formalaşıb". SİA-nın verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri İsmayıl Səragəldin deyib.

Onun sözlərinə görə, Bakı Qlobal Gənc Liderlər Forumu yeni bir ideyadır: "Burada bir çox ölkələrdən gənclər bir araya gəlir, sabiq prezidentlər, liderlər ilə müzakirələr aparır, onların təcrübələrindən bəhrələnirlər. Bu, gələcəyə doğru atılan yeni bir addımdır. İnanıram ki, bu təşəbbüs davam edəcək və daha çox gənc bura qoşulacaq".

Mərkəz həmsədri əlavə edib ki, bu forum dünya gəncləri, ölkələri arasında əlaqələrin inkişaf etməsinə mühüm töhfə verəcək.

Xatırladaq ki, avqustun 21-dən Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə təşkil edilən forum avqustun 24-dək davam edəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə