Qlobal Gənc Liderlər Forumu davam edib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu avqustun 22-də işini seminarla davam etdirib.

SİA-nın verdiyi məlumata görə, “Qadın və kişilər fərqli şəkildəmi liderlik edir? Mədəniyyətlər fərqli şəkildəmi liderlik edir? Nəyi mənimsəyib, nəyi öyrənə bilərik?” mövzusunda seminarda Ukraynanın sabiq birinci xanımı, NGBM-in üzvü Katerina Yuşenko, Bolqarıstanın sabiq Prezidenti, NGBM-in üzvü Rosen Plevneliev, Livanın Avropa İttifaqındakı sabiq səfiri Farida Allaghi çıxış ediblər.

Katerina Yuşenko dünyada baş verən proseslərə qadınların təsirindən, onların iqtisadiyyatın bir çox sahələrinə verdikləri töhfələrdən, ailədə oynadıqları mühüm roldan danışıb. O, həmçinin qloballaşma şəraitində insanların bir-birilərinə anlayışla yanaşmalarının vacibliyini qeyd edib.

Rosen Plevneliev qadınların siyasətdə, cəmiyyətdə oynadığı rolu xüsusi vurğulayıb. O, idarəçilikdə kişilərin və qadınların komanda kimi birlikdə çalışmalarının vacibliyinə toxunub. Vurğulayıb ki, bu, ən yaxşı nəticələr əldə etməyə kömək edəcək.

Farida Allaghi qadınların liderlik xüsusiyyətlərindən söhbət açıb. O, liderlik edən qadınların daha demokratik olduğunu bildirib F.Allaghi, həmçinin gənclərin, xüsusən də gənc qadınların cəmiyyətdə oynadıqları rolu qeyd edib, onların siyasi məsələlərin həllinə töhfələrini yüksək qiymətləndirib. Bir çox ölkələrdə qadınların yüksək vəzifələr tutduqlarını, lakin medianın bunu kifayət qədər işıqlandırmamasının təəssüf doğurduğunu bildirən F.Allaghi deyib: “Kişilər əlbəttə ki, dünyada mühüm rola malikdirlər, vacib işlər görürlər, qərarlar qəbul edirlər, lakin qadınları yaddan çıxarmamalıyıq, qadınlar heç vaxt kənarda qalmamalıdırlar. Bu gün dünyada baş verən proseslərə təsir etmək, böhrandan çıxmaq üçün səylərimizi birləşdirməliyik. Gender bərabərliyi gələcəyimiz üçün çox vacibdir”, - deyə o vurğulayıb.

Seminarın sonunda gənc liderlərin sualları cavablandırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə