Valdis Zatlers: “Bakı Forum üçün ən gözəl məkandır” MÜNASİBƏT

"Bu gün Bakı dünyanın ayrı-ayrı ölkələrindən fərqli düşüncəyə və mədəniyyətə malik gəncləri bir araya toplayıb. Qlobal Gənc Liderlər Forumu əla ideyadır". Bunu SİA-ya açıqlamasında Forumda iştirak edən Latviyanın sabiq Prezidenti Valdis Zatlers deyib.

Onun sözlərinə görə, Forumun böyük əhəmiyyəti var: “Buraya toplaşanlar fikir və təcrübə mübadiləsi aparırlar. Forum iştirakçıları həm də müxtəlif peşələrin sahibləridir. Onlar fərqli siyasi quruluşa malik ölkələrdən gəliblər. Beləliklə, bu Forum müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biriləri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir. Mən bu cür tədbirin keçirilməsindən çox məmnunam. Fikir mübadiləsi aparmaq problemlərin həllində ən yaxşı yoldur”.

Valdis Zatlers qeyd edib ki, Qlobal Gənc Liderlər Forumu gənclərin təcrübəli insanlarla görüşdüyü yeni platformadır: “Gənc liderlər bu imkandan istifadə edərək tanınmış siyasi xadimlərin təcrübələrindən yararlana bilərlər. Nəzərə alsaq ki, Azərbaycanın belə tədbirlər keçirmək sahəsində böyük təcrübəsi var, Bakı bu Forum üçün ən gözəl məkandır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə