“Müsəlman intibahının bərqərarı - İslam Həmrəyliyi”

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay rayonu Yeniarx kənd məscidi dini icması tərəfindən “Müsəlman intibahının bərqərarı - İslam Həmrəyliyi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

SİA-nın verdiyi məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icma sədrləri, din xadimləri, ziyalılar və ağsaqqallar iştirak ediblər.

Tədbirdə geniş məruzə ilə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə dövlətimizin dinə, dindarlarımıza olan qayğısından bəhs edib. Mehdi Səlimzadə qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, zamanın böyük probleminə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn səmimi təşəbbüsdür. Həmrəylik dəyərlərinin qorunduğu məkanlardan biri olan Göyçay rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə belə maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayan M. Səlimzadə layihələrin işinə uğurlar arzulayıb.

Daha sonra “İslam həmrəyliyinin qarşısında duran maneələr” mövzusu ətrafında DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyevin, Göyçay RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabovun, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirovun çıxışları dinlənilib.

Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və layihə çərçivəsində nəşr olunan dini ədəbiyyat paylanılıb.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə