Korlar hərbi xidmətə aparılır ANALİTİK

Ermənistan ordusununda rüsvayçılıqlar davam edir

Ermənistanda fəaliyyət göstərən Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi orduda tüğyan edən özbaşınalıqlar və rüsvayçı hallarla bağlı daha bir bəyanat yayımlayıb. Belə ki, artıq bir neçə müddətdir düşmən ölkənin ordusunda hərbi çağırış yaşına çatmış gənclərin həkim müayinəsindən kor-koranə şəkildə keçirilərək hərbi xidmətə cəlb edilmələri barədə məlumatlar ictimailəşdirilməkdədir. Bu baxımdan, Vanadzor ofisinin son zamanlar sağlamlığında ciddi problemlər olan şəxslərin orduya çağırılmaları ölkədə kəskin narazılıqlara səbəb olmaqdadır. SİA erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı ofisin rəhbəri Artur Sakunts dəfələrlə beynəlxalq insan haqları təşkilatlarına yazılı şəkildə müraciət ünvanladığını deyib və yaxın vaxtlarda sözügedən faktın araşdırılacağına ümid etdiyini bildirib.

Vigen Sarkisyan xəstə əsgərin onunla görüşmək xahişinə rədd cavabı verib

Bu arada növbəti belə bir fakt erməni ictimaiyyətinin hiddətinə səbəb olub. Məlum olub ki, hələ 2009-cu ildə gözlərində ciddi problemləri olan Razmik Yolçuyan adlı gənc kifayət qədər zəif gördüyü halda, həqiqi hərbi xidmətə çağırılaraq Qarabağ cəbhəsinə göndərilib. Lakin onun sağlamlığı həmin dövrdə daha da pisləşib və sol gözü tamamilə görmə qabiliyyətini itirib. Nəticədə onu tərxis etməyə məcbur olan hərbi hissə rəhbərliyi sonradan Yolçuyanın müalicəsi üçün onun aqibəti ilə maraqlanmayıb. Üstəlik, Ermənistanın müdafiə nazirliyi də erməni gəncinin müalicəsi üçün gərəkli addımlar atmayıb. Gözdən əlil Yolçuyan isə bildirib ki, əgər gözündə əməliyyat aparılmasa, korluq onun sağ gözünə də keçəcək və tamamilə görmə qabiliyyətini itirəcək. Halbuki, bir neçə dəfə aparılan əməliyyatlar uğursuz nəticələnib. İndi isə əməliyat xaircdə aparılmalıdır. Buna isə heç bir maddi imkan yoxdur. O, mətbuata Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla şəxsən görüşmək istədiyini desə də, nazir onu qəbul etməkdən imtina edib. Maraqlıdır ki, Ermənistanın müvafiq hərbi-səhiyyə orqanları Razmik Yolçuyanın orduya çağırılmamışdan öncə xəstə olduğunu bildiriblər, ancaq xəstə bir insanın nəyə görə hərbi xidmətə aparılmasını, hərbi komissiyadan hansı üsulla “sağalam” qismində keçirilməsini aydın şəkildə izah etməyiblər. Artıq həkimlər də etiraf edirlər ki, Razmikin bir gözü tamamilə kordur, digər gözünün isə görmə qabiliyyəti 2%-i təşkil edir.

Ermənistanın müdafiə nazirliyi Aprel müharibəsi zamanı yaralanmış əsgərlərin mülaicəsinə lazım olan maddi yardımı kəsib

Əslində, bu fakt Ermənistan ordusunda ilk hadisə deyil və adi hala çevrilib. Hətta o da sirr deyil ki, ötən ilin Aprel müharibəsi dövründə yaralanmış erməni əsgərləri belə, doğru-dürüst müalicə almırlar. Çünkki Ermənistanın müdafiə nazirliyi artıq həmin əsgərlərin mülaicəsinə lazım olan maddi yardımı kəsib. Ona görə də artıq hərbi xidmətdən yayınma halları durmadam artır, ölkədə hərbi qulluqçu çatışmazlığı problemi yaranmağa başlayır. Xüsusilə, pulu olan ailələr övladlarını hərbi xidmətdən yayındırmaq üçün Ermənistanın müdafiə nazirliyinin tabeçiliyində olan çağırış məntəqələrinin rəisləri, hərbi komissiyaları vasitəsi ilə rüşvətlər verirlər.

Vnadzor ofisinin rəhbəri Artur Sakunts: “Səhhətində ciddi problemlər olan insanların hərbi xidmətə aparılması ilə döyüş bacarığı həll edilmir”

Vanadzor ofisinin bəyanatında o da qeyd edilir ki, hakimiyyət əhalinin xaricə üz tutmasının fonunda hərbi xidmətə çağırışı təmin edə bilmir və bunu xəstələrin hesabına kompensasiya etməyə çalışır. “Lakin aydındır ki, səhhətində ciddi problemlər olan insanların hərbi xidmətə aparılması ilə döyüş bacarığı həll edilmir, əksinə orduda ölüm halları daha da artır, hərbçilər arasında qeyri-qanuni münasibətlərin böyüməsinə əlavə stimul yaradır”-deyə Artur Sakunts bəyanatında bildirir.

Rəqəmlər də məhz bu faktları təsdiq edir. 2017-ci ilin yanvarın 1-dən iyulun 31-nə kimi Ermənistan ordusunda 38 ölüm faktı qeydə alınıb. Bunların heç də hamısı döyüş şəraitində olan ölümlər deyil. Vanadzor ofisi bəyan edir ki, orduda qeyri-döyüş şəraitində baş verən ölümlərin sayı çoxdur.Həmçinin döyüş şəraitində olan hərbçilərin də təhlükəsizliyinin təmin edilmədiyi bildirilir. Nəticədə övladlarının həyatlarının itirilməsinin qarşısını almaq üçün valideyinlər istənilən məbləği ödəməyə hazır olduqlarını gizlətmirlər. Yaxud, gəncləri xarici ölkələrə qaçırdırlar. Belə bir vəziyyətdə ordunun döyüş qabiliyyətli olmasını iddia etmək isə sadəcə, gülüş yaradır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə