"Ermənistan indi də Azərbaycan-İsrail münasibətlərini korlamağa cəhd edir" MÖVQE

“Azərbaycanın Ermənistandan başqa heç bir dövlətlə konflikti yoxdur. Ölkəmiz bütün ölkələrlə sağlam siyasi, iqtisadi, diplomatik əlaqələrə malikdir. Lakin bunu gözü götürməyən qüvvələr var ki, onlar zaman-zaman Azərbaycanın sıx münasibətə malik olan ölkələrlə münasibətini korlamağa cəhd edir, bunun üçün müxtəlif təxribatlara əl atırlar. İsrail KİV-lərində yayılmış məlumatları da bunlardan biri hesab etmək olar”. Bu fikirləri SİA-ya ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

Bu yaxınlarda Azərbaycan-Rusiya münasibətlərinin korlanmasına cəhdlərin edildiyini xatırladan polkovnik bildirib ki, edilən cəhdlərə baxmayaraq ölkəmizdə həyata keçirilən düzgün siyasət Azərbaycanın heç bir ölkə ilə münasibətlərinin kəskinləşməsinə imkan verməz: “Azərbaycan-İsrail arasındakı hərbi və siyasi münasibətlər üst səviyyədədir. 2005-ci ildən etibarən ölkəmiz İsraildən müasir silah və hərbi avadanlıqlar alır. İsraildən PUA-lar alır, birgə istehsal həyata keçiririk. Belə olan halda, belə addımlar atmaqla İsrail heç vaxt öz alıcısını itirə bilməz. Bu baxımdan İsrail KİV-ində yayılan təxribat xarakterli məlumatı yalnız erməni diasporu tərəfindən yayıldığını söyləmək olar. Düşmən ölkə düşünülmüş şəkildə Azərbaycan-İsrail münasibətlərinə kölgə salmaq istəyir. Lakin onların bu cəhdi də alınmayacaq”.

“O ki qaldı Azərbaycanın PUA-lardan Ermənistan əleyhinə istifadə etməsinə düşmən ölkədən fərqli olaraq ölkəmiz bu texnikalardan mülki əhaliyə qarşı istifadə etmir. Lakin lazım gəldiyi təqdirdə yalnız düşmənə cavab olaraq onlardan istifadə edə bilər. Azərbaycan sülh tərəfdarıdır və hər zaman bununla bağlı mövqeyini açıq şəkildə ortaya qoyur ”- deyə, Cəlil Xəlilov əlavə edib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, İsraildə nəşr olunan “Maariv” qəzeti “Aeronautics Defense Systems” şirkətinin operatorlarının Azərbaycana satılmış yeni pilotsuz döyüş aparatını erməni hədəflərinə tuşlamaqdan imtina etdikləri iddiası ilə çıxış edib. Qəzetin yazdığına görə belə şikayət Azərbaycan Müdafiə Nazirliyi tərəfindən İsrail Müdafiə Nazirliyinə təqdim edilib. Həmçinin qeyd olunub ki, “Aeronautics Defense Systems” şirkətində isə ittihamları qəbul etmirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə