Dinin siyasiləşdirilməsi yolverilməzdir

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.

SİA-nın verdiyi məlumata görə, seminar-treninqdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə, Ağdaş Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Novruzova, Ağdaş Rayon Gənclər və İdman İdarəsinin müdiri Azad Gözəlov, QMİ-nin bölgə qazısı Əli Məmmədov, Qarabağ Əlillər Cəmiyyətinin nümayəndəsi İsmayıl Xəlilov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağdaş RİH başçısının müavini Aynurə Novruzova ölkəmizdə tolerantlığın inkişafı, multikultural həyat tərzi, dini radikalizm və ekstremizmin qurbanı olmuş insanlar, həyata keçirilən maarifləndirmə fəaliyyətindən danışaraq, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlərin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Dini fanatizmdən danışan Ə.Zülfüqarov deyib ki, din savadsız və fanatik insanların əlində alətə çevrilir. Özünü dindar hesab edən hər bir şəxs mütləq bu meyillərdən uzaq olmalı, İslamı buyrulduğu kimi araşdırmalıdır. O bildirib ki, dini inanc sistemi əxlaqi ve mənəvi dəyərlər çərçivəsindən çıxıb, siyasi ideologiyaya çevriləndə və geniş bir kütlə tərəfindən dəstəklənən siyasi bir təşkilatlanma şəklində təzahür edəndə dini radikalizm ilə qarşı-qarşıya olduğumuzu bilməliyik. Dinin ilkin hədəf və məqsədi insanların ruhi saflığı və mənəvi tərbiyə vasitəsi olduğuna görə, onu siyasətə alət etməyə yol vermək olmaz.

Daha sonra çıxış edən Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə qeyd edib ki, ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulub və dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizm və ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur.

QMİ-nin bölgə qazısı Əli Məmmədov malik olduğumuz milli-mənəvi dəyərlərimizin təbliğatını genişləndirməklə İslam dininə zidd olan radikal düşüncələrə qarşı mübarizəyə daha çox töhfə verməyin mümkün olduğunu bildirib.

Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə