Siyasi ölüxanada həyat izi axtaranlar KÖŞƏ

Müxalifət düşərgəsində cərəyan edən son proseslər də sübut edir ki, burada cəmləşən, lakin bir-birinə ziddiyyətli münasibətlər sərgiləyən “liderlər” hər zaman öz “uğurlarını” tamamilə başqa istiqamətlərdə axtarıblar. İllər keçsə də, dövrün siyasi trayektoriyası dəyişsə də həmin “liderlər” dəyişilməz olaraq yerlərində saymaqda davam edirlər. Bunun ilk səbəbi radikal, dağıdıcı müxalifət “liderlərinin” özlərini xalqdan, dövlətçilik maraqlarından təcrid etmələridir. İkinci səbəbi isə ayrı-ayrı dövlətlərdə baş verən müxtəlif siyasi proseslərin Azərbaycanda da təkrarlanacağı xəyallarıdır. Üçüncüsü və ən əsası Azərbaycanda müxtəlif ictimai-siyasi hadisələr ərəfəsində xarici dairələr, dipkorpuslar və təşkilatlar qarşısında diz çökərək boyunlarına ağırlığına tab gətirməyəcək qədər öhdəliklər götürmələridir. Halbuki, düşərgə təmsilçiləri illər uzunu nə azsaylı tərəfdarlarına, nə də xarici havadarlarına verdikləri vədlərini yerinə yetirə bilməyiblər. Gerisi isə hər kəsə aydındır.

Uzağa getməyək, bir müddət Gürcüstanda, sonra Ukraynada, onun ardınca isə Qırğızıstanda, eləcə də ərəb ölkələrində baş verən, bu gün də həll olunmamış siyasi böhranları göstərə bilərik. Məhz bu böhranlar kontekstindən çıxış edən AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, Müsavatın sabiq başqanı, hazırda “MSDM” adlı qurum yaradaraq, hələ də “prezident olmaq” xülyalarından ayrıla bilməyən İsa Qəmbər və müsavatçıların hazırkı başqanı Arif Hacılı ucuz təfəkkürləri ilə “siyasi nailiyyət” qazanacaqlarını düşünürlər.

Qərbin anti-Azərbaycan dairələri dəfələrlə ölkəmizdə seçki və referendum prosesləri ərəfəsində radikal müxalifətlə təmaslar qurub, öz çirkin məqsədlərini reallaşdırmağa çalışıb. Bu barədə kifayət qədər faktlar, dəlillər, sübutlar mövcuddur. Yəni sirr deyil ki, hətta ABŞ, Fransa, Böyük Britaniya, Norveç, İsveç və s. ölkələrdə fəaliyyət göstərən maliyyəçi qurumlar kütləvi etirazlar yaratmaq üzrə sahələrdə mütəxəssis sayılacaq şəxsləri müxtəlif diplomatik adlar altında Azərbaycana göndərib, səfirliklərdə təmaslar təşkil edilib, “liderlərə”, eləcə də “hüquq müdafiə təşkilatlarına”, siyasiləşmiş QHT-lərə külli miqdarda maliyyə vəsaitləri ayrılıb. Hətta həmin vəsaitlərdən daha çox qazanmaq arzusunda olan müxalifətçilər bir-birləri ilə açıq şəkildə qapışıblar da! Bəs sonra nələr baş verib? Bəlli olub ki, xərclənən vəsaitlər ən yaxşı halda beş-on nəfərlik mitinqlərə, toplantılara sərf edilib, onların isə necə deyərlər hesab-fakturaları yoxdur. Yəni pullar mənimsənilib. Belə olan təqdirdə Qərbin Azərbaycan əleyhinə işləyən dairələri artıq belə bir müxalifətlə əməkdaşlıq etməyəcəklərini anlamağa, dərk etməyə başlayıblar. O da sübut olunub ki, Azərbaycanda mövcud olan xalq-dövlət birliyi, eyni zamanda yürüdülən uğurlu siyasət nə daxili, nə də xarici qüvvələrin ayaq açmasına heç bir şans vermir.

Bütün bunların baş verdiyi bir zaman radikalizm prinsipindən yapışan “liderlərin” 2018-ci il prezident seçkilərinə qatılmaları istiqamətində özlərinə “əl qatmaları” kənardan çox gülməli görünür. Gah “Milli Şura”nın sədri Cəmil Həsənli AXCP sədri Əli Kərimlinin işçisi qismində ABŞ-a gedib orada plagiat məqalələrlə çıxış edir, gah Arif Hacılı Almaniyanı “su yoluna” döndərir. Ancaq nəticə yoxdur və olmayacaq da. Olmayacaq ona görə ki, onlar bütün mənalarda bitiblər, tükəniblər. Tükənmişlərin isə yeri heç vaxt inkişaf faktorunun yanında ola bilməz. Bu, çağdaş dövrün bəlli tələbidir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə