Politoloq: “Ermənistanla imzalanmış müqavilələrdə məhdudlaşdırıcı şərtlər var” MÜNASİBƏT

“Rusiya Federasiyası siyasi elitasının daxilində Dağlıq Qarabağ tənzimlənməsinə münasibətdə parçalanmanın əlamətləri görünür. Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ tənzimlənməsində ATƏT MQ-nin funksiyasını monopoliyaya alıb və bu resursunu ermənilərin xeyrinə xərcləyir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, 4 element RF XİN-in Dağlıq Qarabağ mövzusunda mövqeyinin antiAzərbaycan, ermənipərəst olduğunu nümayiş etdirir:

I. RF XİN-in fikrincə, Dağlıq Qarabağda yaşayanlar (yəni, ermənilər) kompromislərdən əziyyət çəkməməlidir. RF XİN Dağlıq Qarabağdan azərbaycanlılarının deportasiyasını “unudur”.

II. ATƏT MQ adından RF XİN Dağlıq Qarabağ erməniləri hərbi tərəf kimi göstərməklə sonradan danışıqlar prosesinin tam subyektinə çevrilmək niyyətindədir.

III. RF XİN bəyanatında Azərbaycanı ölkəsinə daxil olan Rusiya vətəndaşları arasında ayrı-seçkilik aparmaqda, milliyyətcə erməniləri öz ərazisinə buraxmamaqda ittiham etdi.

IV. RF Xİ nazirliyi Rusiyanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyəcəyi barədə qəflətən rəsmi açıqlama yaydı.

Maraqlıdır ki, ermənilər son dövrlərdə RF XİN-nin antiAzərbaycan mövqeyini fərqli izah edirlər; Guya, Azərbaycan Rusiya ilə imzaladığı silah müqavilələrinin pulunu ödəyə bilmir. Ona görə RF XİN belə bəyanatlarla Azərbaycanı hədələyir ki, pulunu ödə.

RF-də hakimiyyətin digər qanadları (bu Kreml və ya RF Müdafiə Nazirliyi ola bilər) isə fərqli siyasət aparır:

I. Ermənistan rəhbərliyi, o cümlədən Dağlıq Qarabağda hakimiyyəti zəbt edənlər Rusiyanın Azərbaycana silah satmasını Ermənistan üçün zərərli olmadığını bildirdilər: Rusiyanın Azərbaycana silah verməsi erməniliyə qarşı yönəlməyib. Bu sadəcə Rusiya tərəfinin biznesidir. Yalnız Rusiyanın Azərbaycana satdığı silah erməni hərbçisini öldürdüyü sübut olunduğu təqdirdə ermənilər yüngülcəvari Rusiyanın əleyhinə qımıldana bilərlər. Ola bilər, bu Kremlin göstərişidir.

II. Rusiyanın Ermənistana satdığı silahın Ermənistanda istifadəsi barədə rəsmi Yerevanın Rusiyaya hesabat verməsi barədə hələ 25 iyun 2013 cü ildə imzalanmış müqavilənin olduğu barədə məlumat dövriyyəyə buraxdı.

Siyasi analitiklərin fikrincə, “Rusiya Ermənistanın hərbi azadlığını məhdudlaşdırır. Həm Azərbaycana, həm də Ermənistana silah satan Rusiya Azərbaycanla imzaladığı müqavilələrdə heç bir məhdudlaşdırıcı şərt qoymur. Amma Ermənistanla imzalanmış müqavilələrdə məhdudlaşdırıcı şərtlər var”.

III. Rusiyada güclü erməni lobbisinin olmadığı barədə şərhlər yayıldı. Belə şərhləri erməni lobbisi və ya Rusiyadakı ermənipərəst qüvvələr və ya rəsmi Yerevan özü də təşkil edə bilər.

Rusiya Azərbaycanın ictimai rəyini nəzərə alır.

Rusiya hakimiyyətinin daxilində Dağlıq Qarabağ tənzimlənməsinə münasibətdə ziddiyyətin və ya haçalanmanın yaranması indiki halda tənzimlənmənin xeyrinədir. Vəziyyəti RF XİN-nin Rusiya adından tənzimlənmədə iştirakdan uzaqlaşdırmasına yönəltməliyik. Bu çox mümkündür. V.Putinin tələbi ilə ABŞ Kurt Volkeri Ukrayna məsələsi üzrə xüsusi nümayəndə təyin etdi. Nuland-Surkov formatı təxminən təkrarlanır. Buna bənzər format Dağlıq Qarabağ tənzimlənməsində də özünü doğrulda bilər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə