Layihə iştirakçıları 10 şəhər və rayona səfər ediblər

“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsinin multipleyerləri artıq 10 şəhər və rayona səfər ediblər. SİA-nın verdiyi məlumata görə, regionlarda “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi uğurla davam edir. Layihə çərçivəsində bu günə qədər Azərbaycanın Dağlıq-Şirvan, Quba-Xaçmaz, Gəncə-Qazax və Yuxarı-Qarabağ iqtisadi rayonlarının 10 şəhər və rayonunu əhatə etməklə 365 gənc kişinin iştirakı ilə 19 təlim keçirilib.

“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsinin məqsədi gənc və yetkinlərin fəal iştirakına yönələn tamamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır.

Təlim zamanı iştirak edən gənc kişilərə “Gözləntilərin müəyyən olunması”, “Zorakılıq və ayrı seçkilik”, “Gender rollarını araşdırmaq”, “Ailədəki iş bölgüsü”, “Qız uşaqlarının əhəmiyyəti” kimi məsələlərə toxunularaq multipleyerlər tərəfindən ətraflı məlumat verilir. Təlim müddətində kişilər həmçinin mövzu ətrafında qrup işlərində iştirak edərək öz fikirlərini bölüşürlər.

Qeyd edək ki, regionlarda təlimlər 31 avqust tarixinədək davam edəcək və hal-hazırda təlimlər Şəki-Zaqatala iqtisadi rayonunda həyata keçirilir. Multipleyerlər tərəfindən keçirilən təlim regionlarla yanaşı artıq Bakı şəhərində start verilib. Bakıda keçirilən təlimlər Binəqədi, Sabunçu, Xəzər, Qaradağ, Suraxanı və ARGTMŞ Gənclər Evində keçirilməsi nəzərdə tutulub.

Xatırlaqdaq ki, layihə çərçivəsində 10-14 iyul tarixlərind “Multipleyer”lərin formalaşdırılması üçün “Təlimçilər üçün Təlim” keçirilib. Təlim zamanı iştirakçılara mövzu üzrə geniş məlumatlar verilib, müxtəlif qrup işləri həyata keçirməklə, onlara nəzəri biliklərin əldə olunmasından sonra praktiki bacarıqların verilməsi təmin olunub.

Məlumat üçün qeyd edək ki, “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondunun Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə həyata keçirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə