"Həmsədrlər danışıqlar prosesinin iflasa uğramadığı barədə təəssürat yaratmağa çalışırlar" AÇIQLAMA

“Artıq uzun müddətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkili üzərində çalışdıqları ilə bağlı eyni bəyanatı yayırlar. Onlar bu addımları ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqlar prosesinin iflasa uğramadığı barədə təəssürat yaratmağa çalışırlar”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, istər XİN başçılarının görüşündə müsbət nəticə əldə etmək, istərsə də Azərbaycan və Ermənistan prezidentlərinin danışıqları bərpa etməsi üçün əlverişli zəmin aradılmalıdır: “İndiki şəraitdə Ermənistanın davranışları ortadadır. Düşmən ölkə nəinki işğal altında olan Azərbaycan ərazilərindən mülki əhalini atəşə tutur, eyni zamanda Ermənistan-Azərbaycan sərhədində təxribat törətməklə üçüncü qüvvənin bu prosesə cəlb edilməsinə çalışır. Belə bir şəraitdə yalnız bəyanatlar və ya XİN başçılarının görüşünə ümidlə keçinmək təbii ki mümkün deyil”.

E. Mirzəbəyli qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar prosesinin müsbət nəticələnməsi üçün məsuliyyət daşıyırlar: “Əgər Ermənistan təxribatlarını davam etdirsə, bu ölkəyə qarşı konkret tədbirlər həyata keçirilməlidir. Əgər düşmən ölkə yenə cəzasız qalacaqsa, o zaman nə xarici işlər nazirlərinin görüşündə hər hansı nəticə əldə edilməyəcək, nə də prezidentlərin görüşü üçün əlverişli zəmin yaranacaq. Bu aspektdən ümumilikdə həmsədrlərin o cümlədən də amerikalı həmsədr Riçard Hoqlandın söylədiyi növbəti informasiya boş və mənasızdır”.

Siyasi şərhçinin sözlərinə görə, ümumiyyətlə həmsədrlər öz dövlətlərinin siyasətini ortaya qoyur, onların hər hansı formada qərar vermək imkanları yoxdur: “ Həmsədrlər dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı strategiyalarının həyata keçirmək istiqamətində diplomatik missiya gerçəkləşdirirlər. Bu baxımdan həmsədrin dəyişib, dəyişməməsi məsələyə yanaşmasının dəyişməsi demək deyil. Yanaşmanın dəyişməsi konkret dövlətlərin fəaliyyətdə, əməldə Ermənistana qarşı sanksiyaların, təzyiqlərin həyata keçirilməsidir. Əks təqdirdə verilən bəyanatlar boş informasiyadan başqa bir şey deyil”.

Qeyd edək ki, amerikalı həmsədr Riçard Hoqland açıqlamasında hazırda BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkili üzərində çalışdıqlarını bildirib. Hoqland eyni zamanda Azərbaycan və Ermənistan prezidentlərinin tezliklə birbaşa danışıqları bərpa edəcəklərinə ümidini ifadə edib .

Məlumat üçün nəzərinizə çatdıraq ki, BMT Baş Assambleyasının 72-ci sessiyası sentyabrın 12-25-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında baş tutacaq. Sessiya çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə