Mübariz Əhmədoğlu: “Qarabağ məsələsinə haram qatmaq lazım deyil"

“Ermənistan elə hesab edir ki, Rusiyaya qarşı mübarizə aparmaq gücündədir”. SİA-nın verdiyi məlumata görə, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ Ermənistanın bu addımlarına inanır.

Politoloq əlavə edib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland əvvəlcə Azərbaycanın maraqlarına uyğun bəyanatlar verirdi. Lakin diplomat son bəyanatında bildirdi ki, çərçivə sazişi mövcuddur və onun üzərində iş gedir: "Hoqland bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında etimada ehtiyac var, buna görə də snayperlər geri çəkilməlidir. Hoqland Ermənistanın sözünü deyir, lakin bu, müvəqqətidir. Yəqin, onlar yenidən Ermənistana aldanmaq istəyirlər".

Politoloqun fikrincə, Ermənistanın ABŞ-a bir metr yaxınlaşması Rusiyanın Ermənistandan iki metr uzaqlaşması ilə nəticələnir.

M.Əhmədoğlu bildirib ki, Dağlıq Qarabağla bağlı bəzi mətbu orqanlarımızda qeyri-ciddi yanaşmalar var: "Abxaziyanı Qarabağa tay tutan mətbu orqanlarımız var. Əgər Rusiya Prezidenti Vladimir Putin Abxaziyaya gəlibsə, bu o deməkdir ki, Qarabağa da gələcək?! Bunlar tamam fərqli məsələlərdir. Qarabağ məsələsinə haram qatmaq lazım deyil".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə