ASA rəhbəri: "Bakıda keçirilən Dünya Skaut Konfransı tarixə düşdü" AÇIQLAMA

"Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı tarixə düşən ən böyük skaut konfrans oldu. Çünki, bundan öncə heç bir kkaut konfransında bu qədər iştirakçı ölkə və qonaq olmamışdı". Bunu SİA-ya açıqlamasında Azərbaycan Skautlar Assosiasiyasının (ASA) rəhbəri İlyas İsmayıllı deyib.

Sözügedən konfransın 2008-ci ildə Koreyada keçirildiyini xatırladan ASA rəhbəri bildirib ki, hətta o zaman Dünya Skaut Konfransına Bakıdakı qədər iştirakçı qatılmayıb.

İ. İsmayıllının sözlərinə görə, konfransın ölkəmizdə keçirilməsi Azərbaycanın tanıdılması baxımından çox önəmlidir: "Çünki, buraya gələn qonaqlar ölkəmizlə yaxından tanış olmaqla yanaşı burada mövcud olan şəraiti və bütün həqiqətləri öz gözləri ilə görürlər".

"Dünya Skaut Konfransı yüz minlərlə insan taleyinə ən əsas da gənclərimizin taleyinə təsir edəcək bir tədbirdir. Dünya Skaut Hərəkatının Azərbaycanda inkişafı gənclərimizin bundan daha çox faydalanmasına səbəb olacaq. Belə olan halda, gənclərimizin asudə vaxtlarını səmərəli təşkil edəcək, onlara əlavə bacarıqlar, təhsil və digər məsələlərlə təmin etmiş olacağıq"- deyə, ASA rəhbəri qeyd edib.

İ. İsmayıllı əlavə edib ki, ümumiyyətə, bu günlərdə ölkəmiz dünya skautlarının mərkəzinə çevrilib: "Bildiyiniz kimi Dünya Skaut Hərəkatı Təşkilatı eyni zamanda gənclər təşkilatıdır. Hərəkat çox nüfuzlu olmaqla yanaşı, 40 milyondan artıq insanı və 167 ölkəni özündə birləşdirir. Hazırda Bakıda həmin təşkilatın Baş Assambleyası keçirilir və vacib qərarlar qəbul edilir. Tədbirdə iştirak etmək üçün 1500 qonaq ölkəmizə təşrif buyurub. 41-ci Dünya Skaut Konfransı nın Bakıda keçirilməsi ilə Azərbaycanın adı dünya skautları tarixinə də düşmüş oldu".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə