Toğrul Allahverdili: “Qlobal Gənc Liderlər Forumunun keçirilməsi ölkəmiz üçün önəmlidir” AÇIQLAMA

"Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 21-24 avqust tarixində Bakıda Qlobal Gənc Liderlər Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artması, Azərbaycan xalqının Mədəniyyətinin Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında əhəmiyyətli rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan-Türkiyə Evinin içraçı direktoru, diaspor.az saytının rəhbəri Toğrul Allahverdili Qlobal Gənc Liderlər Forumunun Bakıda keçirilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, tədbirin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilməsi Forumu daha da önəmli edib: “Tədbirin məqsədi dünyanın müxtəlif ölkələrindən çoxlu sayda gənci bir araya toplayaraq qarşıda duran məqsədlərə nail olmaq üçün onların fikir və düşüncələrini öyrənməkdir. Dörd gün davam edəcək Forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısının, o cümlədən “Şvarzman”, “Rodos”, “Fulbrayt”, “Marşal”, “Truman”, “Mitcel”, “Geyts” kimi nüfuzlu proqramların, Harvard, Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər Məktəbi, Toronto, Tsinxua, Leypsiq, Corctaun, Corc Vaşinqton, Sarbon, Sapienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun, Kolumbiya, Liverpul, Paris İqtisadiyyat Məktəbi, Çikaqo, Notr Dam, Miçiqan, Rotterdam, Barselona universitetləri kimi dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının qatılması gözlənilir.

Forumda beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, bu baxımdan yeni mənbələrin müəyyənləşdirilməsi və sair məsələlər öz əksini tapacaq. Bu gün Azərbaycanın Ermənistanın işğal siyasətini ifşa etmək üçün həyata keçirdiyi siyasətin bir qanadı da diaspora və lobbi siyasəti ilə bağlıdır . Yaxın keçmişdə azərbaycanlıları dünyada qəddar, irqçi kimi tanıtmağa çalışan erməni lobbisi bu gün çıxılmaz duruma düşüb. Çünki hazırda dünya ölkələrinin böyük əksəriyyəti Azərbaycanın tolerantlıq modelini yüksək qiymətləndirir, digər dövlətlər üçün nümunəvi səciyyə daşıdığını açıq şəkildə etiraf edir. Bu isə o deməkdir ki, qəddar bir xalq tolerantlıq nümunəsi yarada bilməz. Qeyd etmək istərdim ki , Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında dövlətlə Xaricdə fəaliyyət göstərən Azərbaycan diasporasının birgə fəaliyyəti öz müsbət nəticələrini verir. Tək elə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın, Heydər Əliyev Fondunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu istiqamətdəki fəaliyyəti kifayət qədər diqqəti cəlb edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə