İslam həmrəyliyi müasir dövrün çağırışıdır

Lənkəran rayonu Osakücə kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi müasir dövrün çağırışıdır” adlı layihə çərçivəsində Osakücə kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib.

SİA-nın verdiyi məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və şöbənin əməkdaşları, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Tamerlan Əhmədli, dini icma sədri Rizvan Dadaşov, Osakücə kənd tam orta məktəbinin direktoru Arzu Mirzəyeva, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında ölkəmizdə müxtəlif dinlərə və məzhəblərə mənsub insanların bərabər, mehriban və həmrəylik şəraitində yaşadığını qeyd edib. O, İslam həmrəyliyinin yalnız müsəlman aləmində deyil, bütün dünyada sülhə və əmin-amanlığa töhfə olduğunu bildirib.

DQİDK-nın əməkdaşı Tamerlan Əhmədli çıxışında Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin dini-mənəvi dəyərlərinə hörmət və ehtiramla yanaşıldığını və ölkəmizdə tolerantlıq və həmrəylik mühitinin olduğunu bildirib. O qeyd edib ki, bu gün ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik və etnik-dini tolerantlıq əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin məntiqi nəticəsidir.

Osakücə kənd tam orta məktəbinin direktoru Arzu Mirzəyeva, dini icma sədri Rizvan Dadaşov, kənd ağsaqqalı Şahrza Dövlətov çıxışlarında ölkəmizdə dövlət-din münasibətlərinin zəngin milli-mənəvi dəyərlərimizə və ənənələrimizə söykəndiyini, müasir hüquqi normalarla tənzimləndiyini qeyd edib, mütərəqqi İslam dəyərlərinin təbliği və təşviqinin müasir tələblər səviyyəsində aparılmasının vacibliyini vurğulayıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.

Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə