Hikmət Babaoğlu: “Azərbaycan məqamı çatanda torpaqlarını azad etmək üçün qətiyyətli addımlar atmağı bacarır” MÜNASİBƏT

“Azərbaycan Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinin birgə bəyanatını Ermənistan ciddi xəbərdarlıq kimi qəbul edərək işğal siyasətindən əl çəkməlidir. Əks təqdirdə, məqam yetişən kimi hərbi əməliyyatlar yenidən alovlana bilər: “Qlobal beynəlxalq münasibətlər sistemində, o cümlədən yaşadığımız Qafqaz regionunda sürətli siyasi proseslər baş verir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, hazırda beynəlxalq münasibətlər sistemində yeni keyfiyyət dəyişikliyi müşahidə edilir: “Bu keyfiyyət dəyişikliyi özü ilə bərabər yeni şərtlər də gətirir. Yəni beynəlxalq münasibətlərin iştirakçısı olan milli dövlətlərin öz siyasətlərinə yenidən baxışını zəruri edir. Bir neçə gün bundan öncə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında baş tutan görüş də məhz beynəlxalq münasibətlərdə yaranmış yeni keyfiyyət dəyişikliklərinin gətirdiyi şərtləri bir daha müzakirə etmək, bir daha qonşu olaraq hər iki dövlətin milli maraqları kontekstində qiymətləndirmək xarakteri daşıyıb. Rusiya ilə Azərbaycan arasında olan ikitərəfli münasibətlərə, habelə Moskvanın Cənubi Qafqaz siyasətinə nəzər saldıqda görürük ki, bu münasibətlərin necə olmasında əsas faktorlardan biri məhz Ermənistanın torpaqlarımızı işğal etməsi faktıdır. Ona görə də düşünürəm ki, Soçi görüşündən sonra Ermənistanda siyasi mərkəzlərin öz ənənəvi orentasiyasını itirməsi, çaşqınlıq vəziyyətinə düşməsi və təmas xəttində yenidən aqressivləşmələri Azərbaycan Xarici İşlər Nazirliyilə Müdafiə Nazirliyinin birgə bəyanatla çıxış etrməsinə əsas verdi. Azərbaycan güclü və torpaqlarını azad etməyə qadir dövlətdir. Ölkəmizin həmçinin böyük beynəlxalq nüfuzu var.

Tarixi fürsət yaranan, beynəlxalq müstəvidə xeyrimizə şərtlər formalaşan kimi dərhal Azərbaycan diplomatiyası hücuma keçərək həmlə edir. Ona görə də düşünürəm ki, birgə verilən həmin bəyanat yerində olan bəyanatdır. Xüsusən də iki institusional orqanının verdiyi həmin bəyanat sıradan verilən bəyanat deyil. Düşünürəm ki, həmin bəyanatın məzmununda reallıqlar və Azərbaycanın mövqeyi öz əksini tapıb. Ermənilər bunu ciddi xəbərdarlıq kimi qəbul etməli və Azərbaycan torpaqlarını işğalda saxlamaqdan əl çəkməlidirlər. Bu bəyanat Azərbaycanın mövqeyinin bir daha qiymətləndirilməsi və onun qətiyyətliliyi baxımından da çox əhəmiyyətlidir. Bu tələblərə ermənilərin əməl etməməsi fonunda cəbhədə hərbi əməliyyatların yenidən başlana biləcəyilə bağlı suala isə ritorik cavab vermək istəmirəm. Hər şey asılı olacaq dəqiq qiymətlənidirmənin nəticəsi və müvafiq aktorlarla məsələnin müzakirə edilməsindən, mövcud regional və beynəlxalq şərtlərin nə dərəcədə ölkəmizin xeyrinə olmasından. Bu şərtlər əlbəttə ki, öz-özünə formalaşmır. Bu şərtləri Azərbaycan özü formalaşdırır. Qonşu dövlətlərlə beynəlxalq münasibətlər sistemində öz rolu, yeri və nüfuzunu özü müəyyənləşdirir. Şərtlər imkan verən kimi də, heç şübhəsiz Azərbaycan qətiyyətli addımlar atacaq. Azərbaycanın nə qədər qətiyyətli və güclü olduğunu hamı bilir. 2016-cı ilin aprelinə qədər bunu ancaq nəzəri baxımdan bilirdilərsə, ondan sonra praktik baxımdan da hər kəsə, ilk növbədə Ermənistanın özünə də bəlli oldu. Azərbaycan məqamı çatanda torpaqlarını azad etmək üçün qətiyyətli addımlar atmağı bacarır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə