Rəhim Qazıyev məsələsi böyüyür

Sülhəddin Əkbər bəzi məsələlərin hələ də gizli qaldığını deyir

AXC-Müsavat hakimiyyəti illərində müdafiə naziri olmuş, sonradan Şuşa da daxil olmaqla bir sıra ərazilərimizin erməni işğalçılarının əlinə verilməsində əsas rol sahiblərindən olan Rəhim Qazıyevlə bağlı daha bir şok doğuran məlumat yayılıb. SİA-nın məlumatına görə, bu dəfə həmin dönəmlərdə mili təhlükəsizlik naziri vəzifəsində çalışmış, hazırda AzDP adlı müxalifət partiyasına sədrlik edən Sülhəddin Əkbər R.Qazıyevlə münasibətlərinin hələ o vaxtlardan pozulduğunu deyib və bunun əsas səbəblərini dilə gətirib. Əldə etdiyimiz məlumata görə, R.Qazıyevin hərbi nazir postundan getməsində onun əməyi var. “Mənim Rəhim Qazıyevlə münasibətlərim bütün Azərbaycana bəllidir. Rəhim Qazıyevi istefa verməyə məcbur edən əsas adam mən olmuşam”-deyən S.Əkbərə görə, məhz bundan sonra R.Qazıyev onu özünə düşmən elan edib. SİTAT: “Ona görə də onun mənə düşmən münasibəti var. Milli Məclisin qapalı iclasında Rəhim Qazıyevin Rusiya ilə əlaqələri haqqında məlumat verərək, onu ifşa etmişəm. Bundan sonra da Rəhim Qazıyev istefa verməyə məcbur olub. Bu tarixi faktlardır və gizlətmək mümkün deyil”.

Maraqlıdır ki, çıxış etdiyi müxtəlif media qurumlarında hər zaman özünü təmizə çıxarmağa çalışan R.Qazıyev bu dəfə S.Əkbərin açıqlamasından sonra susqunluq nümayiş etdirib. Görünür, Qazıyev Əkbərin əlində onun barəsində heç özünün də bilmədiyi ifşaedici faktların olmasından ehtiyat edir. Əbəs yerə deyil ki, S.Əkbər “əgər Milli Məclisin qapalı iclaslarının stenoqramaları açıqlansa, Rəhim Qazıyevlə bağlı hər şey aydın olacaq”-deyə öz fikirlərinə şərh verərkən bildirib. SİTAT: “Çünki Milli Məclisin qapalı keçirilən iclasında Milli Təhlükəsizlik Nazirliyində olan faktlar mənim tərəfimdən açıqlanıb. Həmin faktlara əsasən, biz Rəhim Qazıyevin Rusiya ilə əlaqələrini ifşa etmişik. Həmin qapalı iclasda Baş nazir Pənah Hüseyn də çıxış edib. Daha sonra Rəhim Qazıyev istefa verib. İndi o bunları necə danır?”.

AzDP sədri R.Qazıyevin çətinə düşərkən söyüş söydüyünü və həqarətlərdə bulunduğunu onun zəif, əxlaqsız və tərbiyəsiz biri olduğunun sübutu kimi qiymətləndirib. Bu baxımdan, bir neçə gün öncə onu təhqir edən və “KQB” agenti adlandıran R.Qazıyevin səviyyəsinə enməməsi üçün o heç də cavab söyüşləri söyməyəcəyini, yalnız real faktları ortaya qoyacağını vurğulayıb.

“Rəhim Qazıyevin söyüş söyməsi də onun əxlaq və tərbiyyəsinin göstəricisidir. Mən özümü o səviyyəyə salıb, ona söyüşlə cavab vermərəm”-deyə S.Əkbər bildirib.

Onu da xatırladaq ki, bu gün bir çoxlarının xatirində olan tarixi videosüjet də arxivlərdə saxlanılmaqdadır. Belə ki, R.Qazıyev hərbi nazir olduğu vaxtlarda xalqın qarşısına çıxaraq Şuşa şəhərinin əldən gedəcəyi halda başına güllə sıxıb intihar edəcəyini söz vermişdi. Lakin sonradan onun öz sözünə əməl etməməsi Qazıyevi xalq arasında gülüş və istehza hədəfinə döndərmişdi.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə