Alternativ AXCP-dən Əli Kərimliyə sərt cavab

“Əbülfəz Elçibəylə bağlı tədbir keçirəndə belə özünü müxalifətçi hesab edənlərin söyüşlərinə, təhqirlərinə məruz qalırıq, bu biabırçılıqdır!”

AXCP sədri Əli Kərimlinin son bir neçə gündür ki, sosial şəbəkələrdəki zombiləri vasitəsilə sabiq və mərhum lideri Əbülfəz Elçibəyi təhqir etdirməsi vaxtilə onun müavini olmuş, hazırda isə alternativ olaraq yaradılmış AXCP-nin sədri Razi Nurullayevin tərəfdarları tərəfindən sərt şəkildə cavablandırlmaqdadır. Belə ki, Ə.Kərimlini satqınçılıqda, xəyanətdə, hakimiyyətə işləməkdə və siyasi dividenti xatirinə partiyanın qurucusunu təhqir etməkdən belə çəkinməməkdə suçlayan alternativ cəbhəçilər onu bu çirkin əməlindən əl çəkməyə səsləyirlər.

"Nəticəyə və real şəraitə baxsaq, bu günə kimi ənənəvi müxalifətin fəaliyyətini müsbət dəyərləndirə bilmirəm”

Bu arada R.Nurullayevin sədri olduğu AXCP-nin mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev də öz növbəsində Ə.kərimlini hədəfə alaraq onu və ətrafını rüsvayçı adlandırıb. SİA-nın əldə etdiyi məlumata görə, məsələyə ümumi kontekstdən yanaşan V.Qarayevə görə, məhz partiyadaxili qarşıdurmalar, ziddiyyətlər və şəxsi mənafelərə xidmət sonda təşkilatlarda köklü parçalanmalara səbəb olmaqdadır. “Daxili intriqalar, mənəm-mənəmlik müxalifəti parçalayıb”-deyə vurğulayan alternativ cəbhəçiyə görə, real şərait bütövlükdə hadisələrin gedişinə, ümumilikdə isə düşərgənin ağır durumuna acı təsirlərini göstərir. SİTAT: “Mən bütün məsələlərdə nəticəyə baxıram və ona uyğun fikir bildirirəm. Əlbəttə, real şərait də hadisələrin gedişinə təsir edir. Nəticəyə və real şəraitə baxsaq, bu günə kimi ənənəvi müxalifətin fəaliyyətini müsbət dəyərləndirə bilmirəm”.

“Bu gün müxalifətin belə aciz vəziyyətdə olmasında günahkar yenə müxalifət özüdür”

Alternativ AXCP-nin mətbuat xidmətinin rəhbərinə görə, müxtəlif vaxtlarda düşərgənin hər hansı bir uğur qazanması üçün şəraitlər də olub, ancaq Ə.Kərimli və onun kimilər həmin uğurun qazanılmasına əngəllər yaradıblar: “Bu müxalifətin uğur qazanması üçün tarixi əlverişli şərait də olub. Lakin daxili intriqalar, eqo savaşları bu uğurun qarşısını alıb ki, bu da birbaşa xalqın həyatının hansı istiqamətdə formalaşmasına təsir edib”.

“Ənənəvi müxalifət günahkardır”-fikrini önə sürən V.Qarayev yaxın tarixə nəzər saldıqda zamanında hakimiyyətə gəlmiş müxalifətin daxili çəkişmələrin qurbanı olduğunu qeyd edib. Belə ki, mənəm-mənəmlik ideologiyası, xalqın mənafeyini üstələdi və əlbəttə ki, bu da müxalifətin zəifləməsinə, hakimiyyəti itirməsinə, parçalanmaya gətirb çıxartdı: “Bu gün müxalifətin belə aciz vəziyyətdə olmasında günahkar yenə müxalifət özüdür”.

"Mənim bu fikirlərimdə yəqin ki, qərəz görməzlər, çünki vəziyyət açıq-aydın ortadadır"

Cəbhəçi funksioner bu gün də vəziyyətin eyni olduğunu vurğulayıb və alterantiv AXCP-nin yetkilisi hesab edir ki, ənənəvi müxalifət təmsilçiləri, xüsusilə Ə.Kərimli və ətrafı bu gün Əbülfəz Elçibəyi təhqir etməkdən belə çəkinmirlər: “Bu gün də eyni vəziyyətdir, tarixi səhvlərdən nəticə çıxarılmadı. Hətta deyərdim, biabırçılıqdır...Mənim bu fikirlərimdə yəqin ki, qərəz görməzlər, çünki vəziyyət açıq-aydın ortadadır. Və biz AXCP-ni yenidən formalaşdırmağı qarşımıza məqsəd qoyduqda məqsədimiz məhz bu idi, məhv edilmiş, gözdən salınmış AXCP-ni yenidən bərpa etmək...Sadə bir misal çəkim, biz hətta ideoloji, əbədi liderimiz Əbülfəz Elçibəylə bağlı hansısa tədbir keçirəndə belə özünü müxalifətçi hesab edənlərin söyüşlərinə, təhqirlərinə məruz qalırıq. Bu biabırçılıqdır”.

İlginc məqam isə V.Qarayevin təmsil olunduğu alternativ AXCP-ni real müxalifət hesab etdiyini deməsi və Ə.kərimlinin sədri olduğu AXCP-nin ümumiyyətlə siyasi gücə malik olmamasıını iddia kimi irəli sürməsidir SİTAT: “Demərəm bizdən başqa müxalifət yoxdur. Var əlbəttə. Amma ümumilikdə ənənəvi müxalifət cəbhəsində vəziyyət yenə də acınacaqlıdır”.

Göründüyü kimi, Ə.Kərimlinin siyasi gündəmdə qalması üçün indi də Ə.Elçibəyi ölümünün üzərindən 17 il keçməsinə rəğmən yenidən təhqir hədəfinə çevirməsi susqun qarşılanmayıb və bu məsələ alternativ cəbhəçilər tərəfindən nəzarətə götürülüb. Hətta yaxın vaxtlarda bu iki partiya arasında müəyyən qarşıdurmaların da yaranacağını istisna etmək olmaz.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə