Silah məsələsi Ermənistan ictimaiyyətini qorxuda saxlayır

Analitik yazarlar müharibə siqnallarnı verirlər

Qondarma Dağlıq Qarabağ Respublikasının Ermənistandakı daimi nümayəndəliyinin müşaviri Qarnik İsaqulyan erməni mətbuatına açıqlamasında Rusiyanın silah satışı ilə bağlı fikirlərini bildirərkən deyib ki, Azərbaycan özünün neft gəlirləri hesabına ən müasir silahları almağa nail olub. SİA xəbər verir ki, bu barədə “lragir.am” saytının siyasi şərhçisi Akop Badalyan yazıb. Belə ki, həmin şərhdə İsaqulyanın fikirləri yer alıb. SİTAT: “Onların (Azərbaycan tərəfinin-red.) Rusiyadan silah almasını biz ürək ağrısı ilə izləyirik və bunu Serj Sarkisyan da deyib. Lakin o bütün mötərizələri aça bilməzdi. Biz də əsas olaraq silahları Rusiyadan alırıq və hesab edirəm ki, balans Azərbaycanın xeyrinə deyil. Və bizim bu məsələni Rusiyanın qarşısına sərt şəkildə qoymamağımız belə deməyə əsas verir ki, bizdə müəyyən fora mövcuddur”.

Erməni analitik yazarından ilginc sual - Serj Sarkisyan 2006-cı ildə verdiyi bəyanatını təkrarlaya bilərmi?

Göründüyü kimi, separatçıların Ermənistandakı nümayəndəsi bu çıxışında bir növ erməni ictimaiyyətinin başının altına yastıq qoymağa çalışır, ancaq onun bu fikirləri analitik yazar Akop Badalyan tərəfindən ironik qarşılanır. Məsələn, erməni analitiki Qarnik İsalyanın fikirlərini şərh edərkən yazır ki, qarşı tərəf Azərbaycanın daha qorxulu silah almaq qüdrətinə malik olduğunu etiraf edir və Azərbaycanın Rusiyada silah alması yaxşı haldır. “O, rus silahlarının keyfiyyəti baxımından digər terxnoloji rəqiblərindən daha üstün olmasını deməklə əlbəttə ki, haqlı danışır”-deyə qeyd edən Badalyana görə, uzaq mənzilli rus silahları lokal qarşıdurmalarda istifadə edilən digər silahlardan fərqli olaraq daha ötkəmdir. Belə ki, Qarnik İsaqulyanın fikirləri şərh etməkdə davam edən erməni analitiki yazır ki, Ermənistanda əsas olaraq rus silahları olduğuna görə, məhz həmin silahlara qarşı effektli şəkildə istifadə edilə bilər.

SİTAT: “Pis vəziyyət onda ola bilərdi ki, Azərbaycan texnoloji cəhətdən daha təkmilləşdirilmiş silahlar əldə etsin. Azərbaycan silahlanmada Ermənistandan fərqli olaraq kifayət qədər çox pul xərcləyir, halbuki Serj Sarkisyan 2006-cı ildə bəyan etmişdi ki, bu məsələdə paritet ciddi şəkildə qorunur. Bəs Serj Sarkisyan həmin bəyanatının üzərindən 10 il keçməsinə rəğmən, eyni bəyanatını səsləndirə bilərmi? Yaxud, Ermənistan texnoloji cəhətdən daha təkmilləşdirilmiş silahları Rusiyadan deyil, başqa ölkədən ala bilərmi?”

Bu baxımdan, erməni analitik yazarının məntiqli sualı özündə bir sıra faktorları açığa çıxarmış olur. Məsələ ondadır ki, Akop Badalyan siyasi şərhi vasitəsilə ictimai rəyin diqqətinə çatdırmaq istəyir ki, Serj Sarkisyanın 10 il öncə verdiyi bəyanatı sadəcə boş ifadələrdir və bu gün də Ermənistan rəhbərliyinin səsləndirdikləri fikirləri əsassızlıqdan və boşboğazlıqdan başqa heç nəyi əks etdirmir.

Bu arada Ermənistanın maliyyə nazirinin də bəyanatını xatırladan analitik yazar onun sözlərinə əsaslanaraq qeyd edib ki, Ermənistan silahlanma istiqamətində Rusiya ilə yeni kredit danışıqlarına başlayıb. “Yəni Ermənistan silahı borca alır. Ancaq bu o demək deyil ki, silahı mütləq Rusiyadan almaq lazımdır. Və əsas sual – Ermənistan silahlanma məsələsində digər subyektlərlə danışıqlar aparmağa cəhdlər göstəribmi?”

İronik yanaşma – Rusiya Ermənistanın susqunluğunu “mükafatlandırır”, bəs nə ilə bəlkə nüvə silahıyla?

Yenə də mövzunu Dağlıq Qarabağ separatçılarının Ermənistandakı müşaviri üzərinə gətirən Badalyana görə, İsaqulyan sübut etməyə çalışır ki, Rusiyanın Azərbaycana silah satması məsələsində Ermənistanın susqunluğu nəylə isə “mükafatlandırılır”. SİTAT: “Nə ilə? Nüvə silahıylamı? Nəyə görə Rusiya Azərbaycanla hərbi-texniki əməkdaşlıq edir, lakin müttəfiqi olan Ermənistanla gizli və konfedensial olaraq münasibət saxlayır? Əgər Ermənistanda ictimai narazılıq yaranardısa Rusiya yenə də susacağıydımı?”

Erməni analitiki də hesab edir ki, Ermənistan hakimiyyəti müttəfiqi Rusiya ilə birgə Azərbaycanla qurulan silah biznesinə bəraət qazandırmağa cəhd edir. Onun fikrincə, Bakının Rusiyada silah alması eyni zamanda bu silahların istifadəsini legitimləşdirir və s.

Beləliklə, fakt budur ki, Ermənistan hakimiyyəti Rusiyanın Azərbaycana silah satması amilini nə qədər “malalamağa” çalışsa da, bu ölkə ictimaiyyətində əks-təsir göstərməyə başlayır. Çünki son vaxtlar cəbhədə baş verən gərginliklər ermənilərin geniş masştablı müharibənin başlanacağı qorxularının reallaşması siqnallarını verməkdədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə