"Soçi görüşü Azərbaycan-Rusiya əlaqələrinin inkişafı aspektindən də mühümdür" AÇIQLAMA

"Prezidentlərin Soçi görüşü iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyətə malikdir". Bunu SİA-ya Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həll yollarının müzakirə edildiyini dilə gətirən deputat söyləyib ki, Azərbaycan Dağlıq Qarabağ probleminin həlli üçün daha çox Rusiya ilə təmasda olmalı, problemi müzakirə etməlidir: "Çünki, hər kəsə bəllidir ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyanın forpostudur. Belə olan halda, düşmən ölkənin qəbul etmək imkanı yoxdur".

Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasən Rusiyadan asılı olduğunu dilə gətirən Q. Həsənquliyev qeyd edib ki, Rusiya ilə yanaşı Minsk qrupunun digər həmsədr ölkələri olan Fransa və ABŞ-da problemin həllində öz sözünü demək imkanına malikdir: "Bütün bunları nəzərdən keçirdikdə prezidentlərin Soçi görüşünü əhəmiyyətli hesab edirəm. Bu görüş eyni zamanda Azərbaycan-Rusiya əlaqələrinin inkişafı aspektindən də mühümdür".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə