Azərbaycan-Rusiya əməkdaşlığı yüksələn xətlə davam edir

İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü iki ölkə arasında əməkdaşlığın daim yüksələn xətt üzrə davam etdiyini göstərir. Bu görüş xüsusilə son dövrlər Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin inkişafında guya problemlərin olması ilə bağlı bəzi məkrli qüvvələrin məqsədli şəkildə yaydıqları fikirlərin əsassızlığını bir daha təsdiqlədi.

Bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov müsahibəsində bildirib.

Azərbaycan Prezidentinin Rusiyaya səfərinin mühüm əhəmiyyət daşıdığını göstərən bir neçə amili qeyd edən C.Xəlilov deyib: “Bunlardan birincisi prezidentlərin regionda hazırda həqiqətən də, sadə olmayan vəziyyət və ondan çıxış yollarının tapılması, təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə planların həyata keçirilməsi perspektivlərini müzakirə etmələridir”.

Respublika Veteranlar Təşkilatının sədr müavini deyib ki, ikinci mühüm amil görüşdə beynəlxalq və regional problematika ətrafında fikir mübadiləsi kontekstində Azərbaycan üçün prioritet olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin müzakirə olunmasıdır. Bu sırada, həmçinin Azərbaycan Prezidentinin Rusiya ilə münasibətlərin yüksək səviyyəsini, siyasi, ticari-iqtisadi, humanitar sahələrdə əməkdaşlığın fəal surətdə aparıldığını qeyd edərək, indiki görüşün bu sahədə yaxşı impuls olacağını bildirməsidir. Belə ki, xüsusilə iki ölkənin nəqliyyat və energetika sahələrində yaxşı əməkdaşlıq perspektivlərinə malik olduğunu vurğulayan Azərbaycan Prezidenti qarşılıqlı münasibətlərin həyatın praktiki olaraq bütün sahələrini əhatə etdiyini diqqətə çatdırıb.

“Nəhayət, Azərbaycan-Rusiya prezidentlərinin Soçi görüşü ölkələrimiz arasında münasibətlərə kölgə salmaq istəyən qüvvələrin məkrli plan və niyyətlərinin heç bir perspektivinin olmadığını, bütün bunların puç və mənasız olduğunu qəti şəkildə təsdiqlədi. Strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğundan xəbər verən belə görüşlərin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına mühüm təsir göstərdiyi şübhəsizdir. Məhz bu baxımdan dövlət başçıları strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər. Bəli, bu görüş bir daha göstərdi ki, xalqlarımızın və dövlətlərimizin iradəsini əks etdirən Azərbaycan-Rusiya münasibətləri sağlam məcrada inkişaf edir və yaxşı perspektivlərə malikdir”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə