"Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinin daha da dərinləşməsinə xidmət edib" ŞƏRH

"Azərbaycan və Rusiya dövlət başçıları uzun müddət idi ki, görüşmürdülər və onların müzakirə edəcəyi mühüm məsələlər var idi. Bura həm sərhəd, həm Ümümdünya Azərbaycanlıları Konqresinin Rusiyada fəaliyyəti, həm erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana NOTA göndərməsi, həm ikitərəfli münasibətlər, həm də ən əsas məsələ olan Dağlıq Qarabağ münaqişəsi daxil idi". Bunu SİA-ya politoloq Fikrət Sadıqov Azərbaycan və Rusiya prezidentlərinin Soçidəki görüşünü şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti həmkarı ilə görüşdə həyata keçirdiyi balanlaşdırılmış siyasətinin davamı kimi ölkəmizin mövqeyini kifayət qədər prinsipal şəkildə ortaya qoyub: "Bildiyiniz kimi Azərbaycan Rusiya arasında münasibətlərə kənardan müdaxilə cəhdləri var idi. Lakin Azərbaycan Prezidenti görüş zamanı ölkəmizin mövqeyini ortaya qoymaqla bir daha sübut etdi ki, Azərbaycan həm Qərb, həm də Rusiya ilə münasibətləri inkişaf etdirməyə hazırdı və edəcək də. Çünki bu bizim xarici siyasətimizin əsas prioritetlərindəndir".

Görüşün nəticələrini müsbət qiymətləndirən F. Sadıqov söyləyib ki, dövlət başçıları görüş zamanı strateji tərəfdaşlığın daha da dərinləşdirlməsi istiqamətində görülməsi zəruri olan işlər, yeni yolların müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparıblar: "Prezident İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə görüşü iki ölkə arasında bütün sahələr üzrə məhsuldar əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edib".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə