YAP Şərur rayon təşkilatinda qarşıda duran vəzifələr müzakirə olunub

Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xüsusi yeri olan Yeni Azərbaycan Partiyası 1992-ci ildə ulu öndər Heydər Əliyevin ətrafında birləşən xalqın aparıcı və mütərəqqi qüvvələrinin istəyi ilə yaradılıb. Bu gün davamlı inkişaf edən, yeniləşən ölkəmiz və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamız Heydər Əliyev ideyaları işığında özünün yüksək inkişaf mərhələsini yaşayır.

Bu fikirlər Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının şura iclasında səsləndirilib. İclasda altı ayda görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə edib.

Əmir Babayev Azərbaycanda, o cümlədən muxtar respublikada gedən tikinti-quruculuq, abadlıq işlərindən, aqrar sahənin, sənayenin və istehsal müəssisələrinin inkişafından, yaşıllıq tədbirlərindən danışıb, Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının altı aylıq fəaliyyətinə diqqəti cəlb edib. Bildirib ki, bu müddətdə təşkilatın şura və idarə heyətinin üzvləri müntəzəm olaraq ərazi ilk təşkilatlarında olub, partiya üzvləri və sakinlərlə görüşüb, onların problem və qayğıları ilə maraqlanıblar. Görüşlərdə, həmçinin mart ayının 16-da keçirilən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının iclasında qarşıya qoyulan vəzifələr və bu vəzifələrin icrası istiqamətində görüləcək işlərdən danışılıb.

Vurğulanıb ki, bu gün Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının tərkibindəki 87 ilk təşkilatda 10 min 370 nəfər partiya üzvü var. Onların 3 min 15 nəfərini, yəni 29 faizini qadınlar, 3 min 138 nəfərini, yəni 30 faizini gənclər təşkil edir. Bu ilin altı ayı ərzində partiya sıralarına qəbul edilən 53 nəfərin 50-si gənclər, 21-i qadınlardır.

Əmir Babayev deyib ki, bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi tamam olur. Bununla əlaqədar rayon təşkilatının hazırladığı plana uyğun olaraq müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Məruzə ətrafında müzakirələrdə Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatı Gənclər Birliyinin sədri Mirkərim Seyidov, İbadulla və Cəlilkənd ərazi ilk partiya təşkilatlarının sədrləri Baxşəli Abdullayev, Günel Babayeva çıxış ediblər.

Şura iclasında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Ali Məclisin deputatı Anar İbrahimov çıxış edərək Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının Ulu Öndərin iştirakı ilə 1993-cü il yanvarın 23-də təsis edildiyini xatırladıb. O, bunun partiyanın təşkilatlanmasında əlamətdar hadisə kimi daim yadda qalacağını bildirib. Qeyd olunub ki, hesabat dövründə Şərur rayonunda partiya üzvlərinin artmasında əvvəlki dinamikanın qorunması, ilk növbədə, iqtidar partiyası kimi əhalinin bu siyasi qüvvəyə inam və etibarından xəbər verir.

Şura iclasında təşkilati məsələyə baxılıb, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının şura və idarə heyətinin üzvü seçilib.

Kamal Cəfərov çıxışında bildirib ki, partiyanın yaradıcısı, onun əbədi lideri Heydər Əliyev siyasətinə sadiqliyini əməli işi ilə sübut edən muxtar respublika Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvanın gündən-günə çiçəklənməsi, tərəqqisi və hərtərəfli inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bütün bu tədbirlərdə Yeni Azərbaycan Partiyasının üzvləri daim öndə gedirlər.

İcra hakimiyyətinin başçısı bundan sonra da Azərbaycanın, onun tərkib hissəsi olan muxtar respublikamızın, həmçinin rayonun hərtərəfli inkişafında Yeni Azərbaycan Partiyası üzvlərinin daha böyük uğurlara imza atacaqlarına əmin olduğunu bildirib.

Şura iclasında partiya veteranlarından bir neçəsinə hədiyyələr təqdim edilib, müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə