Azərbaycan Mətbuatı 142 yaşını qeyd etdi FOTOLAR

Bu gün "Altun Saray" istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Milli Mətbuatının 142 illiyi ilə əlaqədar elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, dövlət himninin səslənilməsi ilə başlayan tədbirdə dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini salamlayaraq əsası "Əkinçi" qəzeti ilə qoyulmuş Azərbaycan Milli Mətbuatının çətin və şərəfli yol keçərək hazırkı inkişaf mərhələsinə çatdığını deyib.

Vüqar Səfərli daha sonra Fondun 22 iyul - Milli Mətbuat Günü günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə məlumat verib.

Daha sonra söz Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənova verilib. Tədbir iştirakçılarını salamlayan Əli Həsənov milli mətbuatın 142 illiyi ilə əlaqədar media nümayəndələrini təbrik edərək bildirib ki, mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımızın xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində oynadığı mühüm rol, cəmiyyətimizin, milli dövlətçiliyimizin inkişafına verdiyi əvəzsiz töhfələr bu gün onun şanlı tarixi haqqında fəxrlə danışmağa tam əsas yaradır.

Ə. Həsənov bu il mətbuat nümayəndələrinin peşə bayramlarını ikiqat bayram sevinci ilə yaşadıqlarını, cənab prezidentlə səmimi bir görüşün baş tutduğunu söyləyib: "Mətbuatın dostu, sizin qayğıkeşiniz cənab Prezident sizlərlə görüşərək media nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərin davamlı olacağını bildirdi. Mən əminəm ki, qarşılıqlı ünsiyyətin yaratdığı o xoş təəssürat sizlərin yaddaşına həkk olundu. Ölkə başçısının sizlərin qarşısında proqram xarakterli çıxışı isə bizim üçün bir tövsiyədir. İlham Əliyevin çıxışı ilə bağlı mediamızda təhlillər aparılır və bu davam edəcək. Həmin tövsiyyələr əminəm ki, sizlər tərəfindən də qəbul olundu. Bu günlərdə sizin dostunuz olan cənab prezidentin növbəti qayğısı ilə 255 jurnalist mənzil sahibi oldu. Əlbəttə 255 mənzil sizin ehtiyaclarınız üçün yetərli deyil. Mən həmin mənzillərin paylanması üçün cənab prezidentə siyahı hazırlayan müvafiq komissiyaya böyük əzmlə, çalışdıqları üçün təşəkkür edirəm. Çox təəssüf ki, bəzi üzdəniraq, özünü jurnalist hesab edənlər bu komissiyanın gecəli-gündüzlü əziyyətinə qara yaxmağa çalışır, sosial şəbəkələrdə qarayaxma kompaniyası aparırlar. Siz 255 ev alan jurnalistlərin haqqını danmağa çalışırlar. Beləcə bu nəcib təşəbbüsə kölgə salmağa çalışırlar. Təbii ki, sizlərdən ən fəallarınız onlara lazım olan cavabı verirsiniz. Bu nəcib təşəbbüsə kölgə salamaq istəyənlərin özləri nə qədər bu komissiyanı aldatmağa cəhdlər ediblər.Onlar ev veriləcəyini anlayıb 6-ay öncə öz əmlaklarını özgəninkiləşdiriblər. Öz əmək kitablarını saxtalaşdıraraq stajlarını artırmağ cəhd ediblər. Onların arasında elələri var ki, stajlarını artıraraq 12-13 yaşından peşəkar jurnalistikada olduqlarını göstəriblər. Bunlar da müvafiq komissiyanın diqqətindən yayınmadı. Düzdür, təəssüf ki, bir sıra veteran jurnalistlərə, bu gün fəaliyyət göstərən və ehtiyacı olan jurnalistlərə ev ayıra bilmədik. Onlar növbəti binada mənzillə təmin olunmaq üçün saxlanılıb. Amma çox təəssüf ki, bu nəcib təşəbbüsə qarşı qarayaxma kompaniyası aparanlar katibələrə ev verildiyini deyirlər, sizlərin də bəziləri buna susqunluq nümayiş etdirərək sanki, bununla razılaşdığınızı sərgiləyirsiniz. Sizə əmin edirəm ki, bu siyahıda onların dediyi insanlardan bir nəfər də yoxdur. Yaxud KİVDF-də Komissiyada çalışanlardan birinin ev alması haqqı yoxdur? Yaxud Milli Televiziya Şurasının bir üzvünə ev ayrılıb. O insanlar da mətbuatın problemi ilə məşğul olurlar. O cümlədən mətbuat xidmətlərində çalışanlardan cəmi 5 nəfərə ev ayrılıb. O insanlar da sizin kimi 500 manat maaş alır, onların da haqqı var".

Əli Həsənov jurnalistlər üçün ikinci binada mənzil bölgüsü ilə bağlı iddialara cavab verdikdən sonra jurnalistlər üçün üçüncü binanın 2019-cu il iyulun 22-də istifadəyə verilməsinə çalışacaqlarını qeyd edib: "Dövlət başçısı 2020-ci ilə qədər üçüncü binanın tikintisinin başa çatdırılmasını tapşırdı. İnanıram ki, biz 2 ilə buna nail olacağıq. Bu mümkün olmasa da, 2020-ci ildə mütləq üçüncü bina istifadəyə veriləcək".

Sonra Fondun 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mərasimdə çıxış edərək milli mətbuatımızın keçdiyi çətin və şərəfli tarixi yola nəzər salıb, xalqımızın həyatında "Əkinçi” qəzetinin oynadığı rolu xüsusi vurğulayıb. Qeyd edib ki, "Əkinçi” qəzeti Azərbaycanda uzun illərdən bəri yaranmış problemlərdən çıxış yollarını açıq-aydın göstərərək ölkəmizdə maarifçiliyin, milli oyanış hərəkatının inkişafında mühüm rol oynayıb.

Tədbirə yekun vuran Fondun icraçı direktoru Vüqar Səfərli rəsmi hissənin yekunlaşdığını bildirərək ölkə jurnalistlərini bir daha peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir bədii hissə ilə davam etdirilib

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə