Dünyada ilki ilə seçilən Azərbaycan mətbuatı

“Bu gün Azərbaycan mediası üçün əlamətdardır. Çünki, Milli Mətbuatın yaranmasının142 illiyi tamam olur”. Bunu SİA-ya “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Azərbaycan mediasının çox böyük inkişaf yolu keçdiyini deyən baş redaktor bildirib ki, ölkə mediasının hazırki vəziyyətini 142 illik inkişaf yolunun zirvələrindən biri saya bilərik: “Bu illər ərzində Azərbaycan mediası yüksək peşəkarlıq göstəriciləri əldə edib. Jurnalistlərin sosial vəziyyəti yaxşılaşıb, onların mənzil probleminin həlli yönmündə əməli və böyük addımlar atılıb. Mediamızın beynəlxalq inteqrasiya yönümündə fəaliyyətindən nəticələr əldə olunub. Mediamızın peşəkarlıq səviyyəsinin artırılması istiqamətində böyük nailiyyətlər var”.

A.Quliyevin sözlərinə görə, hazırda mətbuatımızın dövlətçilik mənafeləri və vətənpərvərlik prinsiplərinin mənimsəməsi yüksək səviyyədədir: “Bir sözlə ifadə etsək, mediamızın bu illər ərzində inkişaf nəticələri qürurvericidir. Ən böyük nəticə isə mediamızın dövlətçi media olmasıdır. Çünki heç zaman Azərbaycan mediası indiki kimi dövlətçi olmayıb. Təbii ki, bu da görülən işlərin nəticəsidir”.

Baş redaktor qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin konseptual olaraq həyata keçirdiyi media siyasəti nəticəsində media orqanlarının maddi texniki durumu möhkəmlənib: “Ölkə başçısının sərəncamları ilə bu sahəyə maliyyənin ayrılması, jurnalistlərin mənzillərlə təmin olunması, fərdi yazı müsabiqələrinin keçirilməsi, ehtiyacı olan jurnalistlərə sosial yardım istiqamətində dəstəyin verilməsi ilk növbədə mediamızın dövlətçi mediaya çevrilməsində böyük rol oynayıb”.

“Görülən işlərlə yanaşı, digər tərəfdən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi tədbirlər nəticəsində mediamızla icra hakimiyyəti orqanları arasında işgüzar əlaqələr möhkəmlənib. Təbii ki, sadalananlar Azərbaycan mediasının keçdiyi inkişaf yolunun yalnız müəyyən ümumi mənzərəsi idi. Təbii ki, deyilən hər fikrin arxasında çoxlu sayda element və detallar var. Bir neçə gün öncə 255 jurnalistin ölkə başçısı tərəfindən mükafatlandırılması, dünya tarixində bənzəri olmayan faktdır. Təsəvvür edin ki, 255 jurnalist, onun ailə üzvləri, yaxın qohumları və buna görə ədalət prinsipləri çərçivəsində məsələyə qiymət verən böyük bir ordunun olduğunu nəzərə alsaq, əslində bu hadisə bütün Azərbaycan cəmiyyətində fəxarət yaradan hadisədir. Güman ki, bu hadisə davam etdiriləcək və növbəti illərdə də jurnalistlərin mənzillə, digər dövlət təltifləri ilə mükafatlandırılmasının şahidi olacağıq”- deyə, A. Quliyev əlavə edib.

"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz : “Yaxşı haldır ki, Prezident və yürütdüyü siyasətdə mətbuta qayğı öz yerini tapıb. Bu, həm də təkcə evlərin tikilib paylanması deyil, vaxtaşırı digər məsələlərdə də özünü göstərir. Mətbuata diqqət, mətbuatın müstəqil olmasına ən yaxşı töfhədir. Son illərdə isə jurnalistlərin sosial məsələlərinin həlli istiqamətində mühüm layihələr icra edilib. Azərbaycan dünyada yeganə ölkədir ki, mətbuat nümayəndələrinə dövlət tərəfindən pulsuz olaraq mənzil verilir. Milli Mətbuat günü ərəfəsində 255 jurnalistə mənzil təqdim olundu. Bunun özü bir daha sübut edir ki, ölkəmizdə KİV nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri, azad mətbuatın təmin edilməsi ilə yanaşı, dövlətimiz jurnalistlərin mənzil-məişət məsələlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşır”.

Bu tədbirlərin ardıcıl xarakter daşıyacağını qeyd edən Y. Oğuz söyləyib ki, mətbuat nümayəndələri də öz növbələrində onlara göstərilən etimadı doğrultmalı, Ölkə başçısı və dövlətçilik prinsipləri ətrafında sıx birləşməlidir.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Azərbaycan dövləti mətbuata hər zaman açıq şəkildə dəstək verib və azad sözün qorunması istiqamətində öz dəstəyini əsirgəməyib. Son illər ərzində Azərbaycan mətbuatının inkişafı, jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər isə kifayət qədər geniş və tayı bərabəri olmayan addımlardır”.

Onun sözlərinə görə, atılan addımların hər biri ilk növbədə Prezident İlham Əliyevin Azərbaycan mətbuatına nə qədər diqqət yetirdiyini nümayiş etdirir: “Həm 2013-cü ildə, həm də bir neçə gün öncə dövlət tərəfindən ev verilən jurnalistlərin hər biri ölkənin müxtəlif sferasını təmsil edirlər. Onlara münasibətdə hər hansı bir formada ayrı-seçkiliyə yol verilmir. Təbii ki, dövlətin jurnalistlərə verdiyi dəstək müqabilində mətbuatdan hər hansı bir istəyi, umacağı yoxdur. Dövlət hamının dövləti, prezident də hamının prezidentidir”.

E.Mirzəbəyli qeyd edib ki, Azərbaycan prezident atdığı addımlarla bütövlükdə mətbuatın dostu, ölkə vətəndaşlarının prezidenti olduğunu uzun illərdir ki, əməldə sərgiləyir: “Ölkə başçısının verdiyi dəstək nəticəsində Azərbaycan mətbuatının maddi-texniki bazası kifayət qədər möhkəmlənib, sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb”.

Dövlət başçısı tərəfindən təqdim edilən konsepsiya əsasında Azərbaycan mediasının yeni inkişaf mərhələsi yaşadığını dilə gətirən Baş redaktor bildirib ki, ölkə mətbuatı Milli Mətbuatın növbəti ildönümünə tamamilə xoş ovqatla daxil olur və əminik ki, bundan sonra da dövlət Azərbaycan mediasının yanında olacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə