Atəşkəs rejimi 132 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Şirvanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə