Əflatun Amaşov: “Jurnalistlərin seçimi kifayət qədər obyektiv aparılmışdı” AÇIQLAMA

“Ümumiyyətlə Azərbaycan çoxsaylı hallarda dünyaya örnək olan hadisələrlə zəngindir. Onlardan biri də media nümayəndələrinə təmənnasız mənzillərin bağışlanmasıdır”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, bu məsələ dünyanın heç bir yerində təkrarlanmır: “Mən özüm şəxsən cənab Prezidentin jurnalistlərə təqdim etdiyi mənzillərin verilməsi mərasimində iştirak etdim. Doğurdan da orada möhtəşəm görüntülər var idi. 255 mənzil bir qrup jurnalistə verildi. Bəlkə də ömürləri boyu mənzil gözləyən, mənzillərinin olacağına hələ də inanmayan insanların simalarındakı sevinci, fərəhi sözlə ifadə etmək çətin idi. Bu mənzillərin ölkə rəhbəri tərəfindən jurnalistlərə bağışlanması, Azərbaycan Prezidentinin həmin mərasimdə iştirak etməsi, çıxış edərək jurnalistləri təbrikləməsi o möhtəşəmliyi daha da artırırdı. Ora toplanan insanların demək olar ki, tam əksəriyyəti hər kəs tərəfindən tanınırdı. Çünki seçim kifayət qədər obyektiv aparılmışdı. Təbii ki, bu da birdaha Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkə mediasına münasibətini göstərirdi. Çox təntənəli şəkildə üçüncü binanın da təməli qoyuldu. Yaxın illərdə orada çox kompakt jurnalist şəhərciyi olacaq. Bu şəhərciyin bütün infrastrukturları da tikiləcək. Hətta artıq qərara alınıb ki, orada yaşayan sakinlər üçün dükanlar açılsın, müəyyən iaşə obyektləri təşkil olunsun və yeni yol çəkilsin”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə