Ermənistanın hərbi kredit oyunu ölkəni uçuruma yuvarlayacaq AKTUAL ANALITIKA

Sarqis Artsruni: “Rusiyadan hərbi kreditin götürülməsi rus silahının Azərbaycana çatdırılması gerçəkliyi qarşısında uğurlu və adekvat qərar sayıla bilməz”

Ermənistanın ictimai-siyasi və hərbi dairələrinin son vaxtlar ən çox toxunduqları mövzulardan biri də hərbi müttəfiqləri olan Rusiyanın Azərbaycana silah satması ilə bağlıdır. Belə ki, işğalçı ölkənin müzakirə dairələri, eyni zamanda mediası bu faktordan ciddi narahatlıq keçirməklə yanaşı, eyni zamanda yeni müharibənin başlayacağını və bu müharibədən rüsvayçı məğlubiyyət şəklində çıxacağını proqnozlaşdırır.

Belə ki, bu dəfə “Azadlıq” radiosunun Ermənistan bürosu olan “Azatutyun”da Ermənistanın maliyyə naziri Vardan Aramyanın müsahibə verməsi və həmin müsahibəsində Rusiyadan yeni hərbi kreditin götürülməsi barədə planların olmasını deməsi vəziyyəti yenidən qarışdırıb.

Ermənistan NATO ilə partnyorluğun dərinləşməsinə çalışır və nümayişkəranə addımları ilə Rusiyadan yeni hərbi kredit qoparacağını düşünür

Aramyan müsahibəsində bildirib ki, Ermənistan Rusiya ilə yeni hərbi kredit müqaviləsi ilə bağlı müzakirələr aparır. Erməni nazir söhbətin nə qədər məbləğdən ibarət olması barədə fikir bildirməməklə yanaşı, əlavə edib ki, müzakirələrə bu il başlanılıb.

SİA bu barədə ermənilərin 1in.am saytının analitik bölməsində yazılan təhlili yazıya da toxunaraq onu oxucuların diqqətinə çatdırır. Belə ki, erməni analitiki Sarqis Artsruniyə görə, hərbi kreditin istənilməsi ölkəyə heç bir hərbi-siyasi divident gətirə bilməz. “Ermənistan bundan öncəki hərbi krediti “Elektrik Yerevan”ın ictimai təşəbbüsü əsasında almışdı”-deyə qeyd edən Artsruni hesab edir ki, çox yəqin, Serj Sarqsyanın komandası Moskva ilə yeni danışıqlarda Ermənistanın NATO ilə yaxınlaşması məsələsini istifadə edir və xüsusilə bu günlərdə Ermənistanın silahlı qüvvələrinin nümayəndələri NATO-nun Rumıniyada keçirilən hərbi təlimlərdə iştirak etməsi göstərilir. Analitik məqalədə bildirilir ki, bu təlimlər hətta formal mənada Rusiyanın Şərqi Avropadakı mümkün aqressiyasına qarşı istiqaməyləndirilib. SİTAT: “Mümkündür ki, Ermənistan NATO ilə partnyorluğun dərinləşməsinə çalışır və nümayişkəranə addımları ilə Rusiyadan yeni hərbi kredit qoparacağını düşünür”.

Erməni analitiki: “Ermənistan hakimiyyəti bunun yerinə Moskvanın üzərinə götürdüyü müttəfiqlik öhdəliyinin yerinə yetirilməsinə nail olmalı, Azərbaycana silah satışının qarşısını almalıydı”

Sarqis Artsruniyə görə, Ermənistan hakimiyyətinin davranışları yüksək regional militarizasiya kontekstinə hesablanıb: “Digər tərəfdən, Rusiyadan yeni hərbi kreditin götürülməsi rus silahının Azərbaycana çatdırılması gerçəkliyi qarşısında uğurlu və adekvat qərar sayıla bilməz. Ermənistan hakimiyyəti bunun yerinə Moskvanın üzərinə götürdüyü müttəfiqlik öhdəliyinin yerinə yetirilməsinə nail olmalı, Azərbaycana silah satışının qarşısını almalıydı”.

Analitik yazıda həmçinin qeyd edilir ki, ruslardan yeni hərbi kreditin istənilməsi faktiki olaraq Ermənistanın Azərbaycanla silahlanma yarışmasına qoşulduğunu sübuta yetirir və müəyyən mənada Rusiyanın Azərbaycana silah satışını legitimləşdirmiş olur: “Belə çıxır ki, Rusiya Qarabağ məsələsində paritet prinsipinə riayət edir, ancaq ona görə yox ki, Ermənistana və Azərbaycana sülh ideyasını aşılasın, əksinə, ona görə ki, münaqişəni idarə edə bilsin. Hətta lazım olanda müharibəyə şərait yaratsın. Yerevan Moskvanın oyun qaydalarını qəbul edir, bu da nəticə etibarı ilə effektsiz diplomatiya ilə nəticəsini tapır”.

Ermənistanın xarici borcu 6 milyard dolları ötür, yeni kredit isə öz istiqamətinə görə bu rəqəmlərin mümkün artmasına səbəb olacaq

Artsruni hesab edir ki, yeni kredit əldə olunarsa, bu Ermənistanın iqtisadiyyatına da mənfi təsirlərini göstərəcək. SİTAT: “Ona görə ki, Ermənistanın xarici borcu 6 milyard dolları ötür, yeni kredit isə öz istiqamətinə görə bu rəqəmlərin mümkün artmasına səbəb olacaq”.

“Başqa tərəfdən, bütün erməni-rus iş birliklərində şəffaflıq məsələsi olmayıb və korrupsiya riski artıb”-deyə qeyd edən erməni analitikinin fikrincə, bu Ermənistanın kriminal-oloqarx sistemini daha da möhkəmləndirmiş olur: “Lakin əsas təhlükə siqnalı yeni müharibənin başlaya bilməsidir ki, bu Ermənisatanın və Azərbaycanın silahlanması fonunda get-gedə daha çox real görünməyə başlayır”.

Erməni etirafı: ““İskəndər”lər Qarabağda baş verə biləcək mümkün müharibədə, xüsusilə lokal qarşıdurmalarda istifadəyə yararsızdır”

Sarqis Arsruninin adıçəkilən saytda yazdığı digər analitik yazısında Serj Sarqsyanın “R-evolyusiya” tv verilişinin feysbuk anonsunda “İskəndər” raketləri ilə bağlı fikirlərə istehza ilə yanaşıb. Belə ki, bu raketlərin erməni silahlı qüvvələri tərəfindən praktiki olaraq istifadə edilib-edilməyəcəyi bəlli olmasa da, onlar Ermənistan hakimiyyətinin əlində silaha çevrilib. “Onlar (hakimiyyət-red.) “İskəndər”lərin yardımı ilə Rusiyanın Azərbaycanı silahlandırmasını dolayısı şəkildə haqlı hesab edirlər”-deyə yazıda vurğulanır: “Yeri gəlmişkən, Sarqsyan qəsdən problemin məğzini gizlədir. Düzdür, heç kim “İskəndər”lərin dağıdıcı gücünə şübhə etmir. Məhz bu səbəbdən, bu silah növü Qarabağda baş verə biləcək mümkün müharibədə, xüsusilə lokal qarşıdurmalarda istifadəyə yararsızdır”.

Erməni analitiki digər prinsipial və ağır problemə toxunub: “Hətta ekspertlər də kifayət qədər əmindirlər ki, Ermənistanda mövcud olan “İskəndər”lər faktiki olaraq bizim (ermənilərin-red.) silahlı qüvvələrimizə aid deyil, hətta formallıqla bizim balansımızda olsalar da...”

Sarqis Artsruniyə görə, “İskəndər”lər nə ruh yüksəkliyi, nə də psixoloji baxımndan heç bir əhəmiyyət kəsb etmir

Artsruniyə görə, “İskəndər”lər həmçinin Kalininqradda da yerləşdirilib və rusiyalı xadimlər - anklav forpost statusu olaraq tez-tez Ermənistanı məhz Kalininqradla eyniləşdirirlər. SİTAT: “Böyük gerçəklik budur ki, Ermənistanda və Kalininqradda yerləşən “İskəndər”lərdən atəş açmaq üçün əmri yalnız Purin (Rusiyanın prezidenti-red.) verə bilər. Təsadüfi deyil ki, birləşmiş ordu qruplaşmasında Rusiya faktiki olaraq erməni silahlı qüvvələrinə nəzarətini daha da artırmış olur”.

Erməni analitiki rusiyalı deputat, Kremlin qeyri-rəsmi ruporu Vladimir Jirinovskinin Dumadakı çıxışında onun erməni zabitlərinin birləşmiş ordu qruplaşmasınnın rəhbərliyində yer almamasını tələb etdiyini xatırladıb. SİTAT: “Bu baxımdan, “İskəndər”lər nə ruh yüksəkliyi, nə də psixoloji baxımndan heç bir əhəmiyyət kəsb etmir – o sadəcə, erməni-rus dostluğunu nümayiş etdirən bir mifdir”.

Beləliklə, faktlar və analitik düşüncələr də belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, Ermənistan ictimaiyyətinin faktiki vəziyyəti çox acınacaqlıdır və hətta Serj Sarqsyan hakimiyyətinin Rusiya amilindən yararlanmaq şansları tükənib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə