"Həmsədrlərin münaqişənin həlli ilə bağlı yeni planı var" AÇIQLAMA

“Əslində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili ilə bağlı məsələ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə müzakirə olunmuşdu. Həmin görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri nazirlərdən görüşlə bağlı məsələni öz dövlət başçılarına məruzə etmələrini xahiş etdilər. Düşünürəm ki, bu, ATƏT-in Minsk qrupunun narahatçılığından irəli gəlir”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın güclü olması, ermənilərin təxribatına cavab olaraq onlara güclü zərbələr endirməsi, öz maraqlarını, xalqını müdafiə etməsi, ərazi bütövlüyünü hər an təmin etmək iqtidarında olması ATƏT-in Minsk qrupu həmsədrlərini narahat edir: “Onlar anlayırlar ki, Ermənistanın təxribatları yeni münaqişəyə səbəb ola bilər. Bu baxımdan həmsədrlərin əsas məqsədi regionda stabiliyi qorumaq, düşmən ölkənin ziyan çəkməsinin qarşısını almaqdır”.

Münaqişənin həlli ilə bağlı həmsədrlərin yeni planının olduğunu deyən F. Sadıqov qeyd edib ki, plan istənilən halda açıqlanmalıdır: “Hər halda biz planın nədən ibarət olduğunu bilməli, məqsədlər haqqında məlumatlı olmalıyıq. Biz istər nazirlər, istərsə də prezidentlərin görüşündən asılı olmayaraq, öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Çünki, bizim əsas məqsədimiz torpaqlarımızın azad edilməsidir. Əgər həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllini istəyirsə, onlar Ermənistana güclü şəkildə təzyiq etməlidirlər. Əks halda, Azərbaycan öz torpaqlarını addım-addım olsa da, azad edəcək”.

Münaqişənin həllində Rusiyanın böyük rol oynadığını dilə gətirən politoloq söyləyib ki, problemin həllində ABŞ və Fransanın mövqeyi də önəmlidir: “Təbii ki, münaqişənin həllində Rusiyadan çox şey asılıdır. Çünki, Rusiya Ermənistanın ən yaxın müttəfiqidir və onun ərazisində hərbi bazası var. Lakin məsələyə başqa prizmadan baxdıqda burada ABŞ və Fransanın da seyirci mövqedə durduğunu görürük. Bir çox hallarda bu üç dövlətin mövqeyi üst-üstə gəlir. Onların əsas mövqeyi sabitlik, münaqişənin alovlanmaması, problemin dinc yolla həllindən ibarətdir. Çox təəssüf ki, iki aparıcı dövlət olan ABŞ və Fransa da bəzi hallarda Rusiyanın mövqeyi ilə razılaşırlar. Lakin onlar bilməlidir ki, məsələ bu cür ritorik bəyanatlarla həll oluna bilməz. Düzdür, bu iki dövlətdə hakimiyyət dəyişikliyindən sonra münaqişənin həllində müsbət ümidlər bəsləyirik. Amma eyni zamanda biz onların mövqeyinin təkrarlandığını da görürük”.

“Həmsədrlər bizim prinsipial, barışmaz mövqeyimizlə üzləşiblər. Onlar bizim bu mövqedən dönməyəcəyimizi, eləcə də problemi sülh yolu ilə həll olunmasa, hərb yolu ilə həll etməyə hazır və qadir olduğumuzu bilməlidir”- deyə, F. Sadıqov əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə