Politoloq: “Dağlıq Qarabağın yekun statusuna aydınlıq gətirilməlidir” AÇIQLAMA

“Bu ilin sonuna qədər Rusiya prezidenti Vladimir Putin tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüşün keçirilməsi gözləniləndir”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Rusiya üçün önəmli əhəmiyyət daşıyır: “Son zamanlar cəbhədə baş verənlər göstərir ki, münaqişənin aktiv hərbi fazaya keçməsi üçün bir qığılcım yetərli olacaq. Müharibə ilk növbədə Rusiyanın maraqlarına cavab vermir. Bu, şimal qonşumuzun təhlükəsizliyinə ciddi təhdiddir. Məhz buna görə əslində Sarkisyanla Rusiya rəhbərliyi ciddi danışmalıdır və Dağlıq Qarabağın ətrafındakı bütün rayonlar Azərbaycana geri qaytarılmalıdır. Daha sonra beynəlxalq hüququ nəzərə alaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın yekun statusuna aydınlıq gətirilməlidir.

Prezidentlərin görüşü baş tutarsa, olduqca çətin keçəcək. Çünki vəziyyət əvvəlkindən çox fərqlənir. Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü sonuncu dəfə 2016-cı ilin iyun ayında Sankt-Peterburqda olmuşdu. Rusiya rasional düşünərək münaqişənin həlli üçün Ermənistana təzyiqlərini gücləndirməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu
loading...