Polşa Prezidenti: "Azərbaycan Cənubi Qafqaz regionunda mühüm tərəfdaşımızdır"

"Azərbaycan Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşıdır. Bu baxımdan biz Azərbaycan ilə iqtisadi əməkdaşlığımızın gücləndirilməsinə xüsusi önəm veririk."

Bu fikri Polşa Prezidenti Andjey Duda iyunun 27-də Varşavada keçirilmiş Azərbaycan-Polşa biznes forumunda bildirib. “Bu gün Prezident İlham Əliyevin və mənim iştirakımla Prezident sarayında mühüm sənədlər imzalandı. Əminəm ki, bunun sayəsində ticarət münasibətlərimiz daha da intensiv olacaqdır. 2005-ci ildə Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Bunun əsasında hökumətlərarası komissiya yaradılmışdır. Komissiya Bakıda və bizim paytaxtımızda dəfələrlə görüşlər keçiribdir. Bu baxımdan, həmçinin strateji tərəfdaşlıq haqqında bu gün imzalanmış Birgə Bəyannamə əməkdaşlığımızı daha da gücləndirəcək və biz bu Bəyannamə əsasında digər sahələrdə də iş birliyi qura biləcəyik”, - deyə Polşa Prezidenti qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə