Nuranə Şıxəliyeva: “Qarabağa gedən yol Cocuq Mərcanlıdan, Lələtəpədən başlayır”

“Bu günlərdə biz YAP Səbail rayon təşkilatının Qadınlar Şurası və XXI Əsr İctimai Birliyinin təşkilatçılığı və dəvəti ilə Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə səfər etdik və bu səfər təəssüratları istər mənim, istərsə də digər yol yoldaşlarımın hər birində hədsiz qürur və fərəh hissi oyatdı”. Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Gənclər Birliyinin və Qadınlar Şurasının sədr müavini, 2 saylı Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar liseyinin direktor müavini, Azərbaycan Alpaqut Federasiyasının İctimai Təşkilati məsələlər üzrə Departamentinin rəhbəri Nuranə Şıxəliyeva sözügedən səfər haqqında fikirlərini bölüşərkən deyib.

“İlk öncə, hər xalqımızı və şanlı Ordumuzun əsgər və zabitlərini 26 İyun Silahlı Qüvvələr günü münasibəti ilə təbrik etmək istərdim. Çünki dövlətimizin keşiyində gecə-gündüz, yuxusuz gecələrdə ayıq-sayıq dayanan oğullarımız Vətənimizin ərazilərini göz bəbəyi kimi qoruyurlar”-deyə qeyd edən Nuranə Şıxəliyevanın sözlərinə görə, bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın güclü ordusu var və bu ordu hər an düşmənə layiqli cəzasını verməyə qadirdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bu ordunun daha müasir və güclü olması üçün bütün imkanlardan istifadə edib: “Biz bunu ötən ilin aprelində şahidi olduq”.
Səfərlə bağlı düşüncələrinə gəlincə, Nuranə Şıxəliyeva bildirib ki, bu səfər onlarda çox böyük və fəxredici təəssüratlar oyatdı: “Getdiyimiz ərazidə yerləşən N saylı hərbi hissənin əsgərləri və zabit heyəti ilə, eləcə də Cocuq Mərcanlının sakinləri ilə görüşərkən biz bir daha əmin olduq ki, şanlı ordumuz növbəti zəfərləri ilə xalqımızı bir daha sevindirəcək və tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəklər”-deyə qeyd edən Nuranə Şıxəliyevanın sözlərinə görə, ümumiyyətlə, Qarabağa gedən yolun məhz Cocuq Mərcanlıdan keçdiyini vurğulayıb. Belə ki, ölkə Prezidenti İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyeva ötən ilin aprel qələbəsindən sonra bura səfər etmələri, cəbhəyanı kəndlərə qədər gedərək, əsgər və zabitlərimizlə, sadə kənd adamları ilə görüşmələri çox yaxınlarda əldə edəcəyimiz növbəti qələbələrə bir müjdə oldu: “Əllbəttə, biz Azərbaycan qadınları da möhtərəm Prezidentimizin Lələtəpəyə və Cocuq Mərcanlıya səfərindən stimul aldıq və hesab edirəm ki, bu kimi səfərlərimiz davamlı olmalıdır. Hesab edirəm ki, bizlər qəhrəman əsgərlərimizin ana-bacıları olaraq, hər zaman onların yanında olmalı, mənəvi dəstəyimizi əsirgəməməliyik. Çünki onlar işğalçıların tapdağı altında olan torpaqlarımızın azadlığı uğrunda düşmənlə mərd-mərdanə şəkildə üz-üzə dayanıblar”.
Nuranə Şıxəliyeva kənd sakinləri ilə görüşündə keçirdiyi təəssüratlarını da bildirərkən deyib ki, orada rastlaşdığı yaşlı nəslin nümayəndələri həqiqətən də bir qəhrəmanlıq salnaməsi yazıblar: “Azərbaycan xalqının tarixən iigid oğul və qızları olub və onlar zaman-zaman heç bir xalqın, heç bir millətin yaza bilmədiyi igidlik, ərənlik tarixi yazıblar. O tarixlərə nəzər salarkən, biz bir daha əmin oluruq ki, Azərbaycan xalqının Nəbiləri, Koroğluları, Kərəmləri ilə yanaşı, Nigarları, Həcərləri və s. qəhrəman xanımları da olmuşdur. Biz orada yaşlı bir nənə ilə də tanış olduq. İnanın ki, ermənilərin Azərbaycana qarşı qaldırdıqları torpaq iddiasından sonra gedən müharibə dövründə bu nənə öz doğma yurd-yuvasını atmayaraq, sona qədər evində oturmuşdur. Bu baxımdan, o və ailəsi Silahlı Qüvvələrimizin sona qədər qələbə qazanacağına inanaraq bu gün həmin qələbənin əzmini yaşamaqdadırlar”.
Nuranə Şıxəliyeva sonda Ramazan bayramı münasibəti ilə də təbriklərini bildirib və ümidvarlıqla qeyd edib ki, çox yaxın zamanlarda Azərbaycan xalqı öz bayramlarını Qarabağda – Şuşada, Xankəndində və s. işğal altında qalan ərazilərimizdə keçirəcək: “Çünki bizim ordumuz dünyanın ən güclü orduları sırasında yer alır. Bu, ölkə Prezidenti cənab İlham Əliyevin böyük zəhməti, yorulmaz fəaliyyəti və qətiyyətli, müdrik siyasəti sayəsində əldə edilmiş bir reallıqdır. Çünki Qarabağa gedən yol məhz Cocuq Mərcanlıdan, Lələtəpədən başlayır”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə