20 İyun Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib

Bu gün ADA Universitetində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 20 İyun Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdən öncə iştirakçılar ADA Universitetinin foyesində təşkil olunan sərgi ilə tanış olublar.

Akt zalında davam edən tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı Nümayəndəsi Furio De Angelis və ADA Universitetinin Prorektoru Fariz İsmayılzadə açılış nitqləri ilə çıxış ediblər.

Sonra “Biz qaçqınlarla birgə dayanırıq” qlobal kampaniyası çərçivəsində hazırlanmış sosial-xidməti videoçarxı nümayiş olunub.

Tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 16 ildir ki, Ümumdünya Qaçqınlar Günü qeyd edilir, ancaq onların qayıdışı qeyd olunmur: "Dünyadakı aparıcı dövlətlər nə düşünürlər? Hegemonluq uğrunda mübarizə aparan dövlətlər dünyanı hansı vəziyyətə gətirib çıxarıblar? Azərbaycan da 25 ildir ki, Ermənistan tərəfindən torpaqlarının işğalı ilə üzləşib. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qətnamələr, qərarlar qəbul ediblər, ancaq nəticə yoxdur. Bu gün ermənilər Şuşa məscidində donuz saxlayırlar. Ancaq bəzi müsəlman dövlətləri hələ də ermənilərə yardım edirlər. Bu, necə müsəlmançılıqdır?".

Bu gün dünyada məcburi köçkünləri hüquqi baxımdan idarə etmək üçün beynəlxalq sənədin olmadığını dilə gətirən Komitə sədri söyləyib ki, belə olan halda, dünyada 40 milyon məcburi köçkünün hüququ hansı sənədlə qorunmalıdır?: "Azərbaycan hər il BMT-də bu məsələni qaldırır, bizimlə razılaşırlar, ancaq belə bir sənəd qəbul olunmur. Gəlib Azərbaycan dövlətinin təcrübəsini öyrənsinlər. Avropa İttifaqı tez-tez Azərbaycanda insan hüquqları ilə bağlı sənəd qəbul edir, ancaq ölkəmizdə məcburi köçkün və qaçqınlarla bağlı bir sənəd qəbul etmirlər. Bu dərəcədə ədalətsizlik olar? Azərbaycan prezidenti enerji resurslarının Avropaya daşınması üçün bütün işləri görüb, Avropanı xilas edib. Bunun qarşılığında Avropa bizə nə verib? Hörmət qarşılıqlı olmalıdır, Azərbaycana da hörmətlə yanaşılmalıdır".

Xarici ölkə səfirlərinin və beynəlxalq KİV nümayəndələrinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfərlərinə toxunan Ə. Həsənov Azərbaycanın torpaqlarını necə işğaldan azad və bərpa edə biləcəyini dünyaya göstərdiyini vurğulayıb. Azərbaycan prezidenti və birinci vitse-prezidentin qaçqın və məcburi köçkün gənclərin problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışan Dövlət Komitəsinin sədri dünyada Azərbaycana ədalətli yanaşılmasının zəruri olduğunu vurğulayıb.

Tədbirin davamında Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev çıxış edərək bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini yaşayır: "Münaqişənin hər an alovlanmaq ehtimalı davamlı inkişafa təhlükə yaratmaqdadır. İnanırıq ki, BMT Qaçqınlar üzrə Ali Komisarlığının sabiq rəhbərinin BMT baş katibi seçilməsi bu sahədə problemlərin həllinə təkan verəcək".

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Furio De Angelis qeyd edib ki, 2016-cı ilin sonunda bütün dünyada zorla didərgin salınmış insanların sayı 65,6 milyon nəfər olub, bu da əvvəlki ildən 300 min nəfər çoxdur. Didərgin düşmüş insanların 22,5 milyon nəfərinin qaçqın, 40,3 milyon nəfərinin öz ölkələri daxilində kçökün düşənlər, 2,8 milyon nəfərinin ölkələrini tərk edən və qaçqın qismində beynəlxalq himayə axtaran iinsanlar olduğunu nəzərə çatdırıb: "Didərgin düşən insanlar əsasən Əfqanıstan, Suriya və Somali münaqişələri ilə əlaqədar didərgin düşən insanlardır. Qaçqınlar, miqrantlar bacarıq və peşələri ilə gəldikləri ölkələrin inkişafına böyük töhfə verə bilərlər. Müharibə və terrorizmdən qaçanlarla müharibə və terrorizmi özlərinin peşələri kimi seçənlər arasında fərq böyükdür".

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Azərbaycan cəmiyyəti qonaqpərvərliyi ilə seçilən cəmiyyət olduğunu vurğulayıb: "Azərbaycanın inkişaf üçün ambisiyalı planları var. Azərbaycan Dağlıq Qarabağ problemi ucbatından qaçqın və məcburi köçkün probleminə məruz qalıb. Ancaq Azərbaycan inkişaf yolu seçib. Bu gün Azərbaycan Avropada ən çox didərgin insanın olduğu ölkələrdəndir. Biz bu gün 4 min məcburi köçkünün mənzillə təmin edilməsini nəzərdə tutan layihəni alqışlayırıq. Mən Cocuq Mərcanlının timsalında məcburi köçkünlərin ilk qayıdışı münasibəti ilə Azərbaycan hökumətini təbrik edirəm. Azərbaycan dünyanın digər ölkələrindən gələn qaçqınlar üçün də təhlükəsiz ölkədir. Azərbaycanda əsasən əfqanlar, çeçenlər və iranlılar sığınacaq tapıb. BMT QAK Azərbaycanda qaçqınların rifahının təmin edilməsi üçün müvafiq qurumlarla əməkdaşlıq edir. Mən Azərbaycan hökumətinə təklif edirəm ki, Milli Sığınacaq Sistemi ilə bağlı qanunvericiliyə müharibədən qaçan insanlar üçün əlavə himayəni daxil etsin. Qaçqınlara işlərə çıxış imkanları yaratmaqla ailələrini dolandırmağa imkan yaradılması da yaxşı olardı. Bu, ölkəni daha da zənginləşdirər. Azərbaycanın 2020-ci il hədəfləri üçün qaçqınların potensialından istifadə edilməsi müsbət hal olardı".

Tədbir məcburi köçkün gənclərin ifasında musiqi proqramı ilə davam edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə