"Hər iki qolumu valideynlərimə həsr edirəm"

"Sumqayıt"ın futbolçusu Peyman Babayi Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarınnı cavablandırıb. SİA xəbər verir ki, o, əvvəlcə matç haqda danışıb.

- Bizə görə çətin oyun oldu. "Sabah"la matçda çox yaxşı çıxış edib, 3 xal qazanmışdıq. Bu həftə "Qarabağ"ın oyununu təhlil edib, zəif nöqtələrini öyrənmişdik. Birinci hissədə müdafiədə oynayırdıq ki, qol buraxmayaq. İkinci hissədə qol epizodlarımızın olacağını bilirdik. Çox sevinirəm ki, hər iki epizodda topu qapı xəttindən keçirə bildim. Bu mövsüm "Qarabağ"ı ilk məğlub edən komanda "Sumqayıt" oldu. Növbəti turda isə "Keşlə" ilə qarşılaşacağıq. Çalışacağıq ki, yaxşı oynayaq.

- Qolların ikisi də eyni vəziyyətdə, küncə vurdun. Bunu hücumçunun bacarığı, yoxsa müdafiəçinin kobud səhvi ilə əlaqələndirmək lazımdır?

- Bilirsiniz ki, ölkənin ən yaxşı müdafiəçiləri, qapıçısı "Qarabağ"dadır. Mən əvvəlcə Ayxan Abbasova təşəkkür edirəm ki, bu vəziyyətlərdə üzərimdə çox işləyib. "Zirə"ilə görüşdə də 3-4 qol epizodum oldu, istifadə edə bilmədim. Amma Ayxan müəllim mənə çox dəstək oldu. Epizodlardan yararlanıb, qola çevirə bildiyim üçün sevinirəm.

- Valideynlərin də oyunu izləyirdi. İkinci qoldan sonra onlara yaxınlaşdın. Yəni, valideynlərinin stadionda olması sizin üçün stimul oldumu?

- Birinci dəfə idi ki, mənim oyunumu izləmək üçün stadiona gəlmişdilər. Çox sevinirəm. Hər iki qolumu onlara həsr edirəm.

- Beqoviçə qol vurmaq necə hissdir?

- Yəqin ki, "Qarabağ" kimi komandaya qol vurmaq hər bir hücumçunun arzusudur. Azərbaycan futbolu "Qarabağ"la tanınır. Hücumçu üçün qapıçının kim olmasının fərqi yoxdur. Mühüm olan budur ki, epizoddan yaxşı istifadə edəsən. Bu günkü qarşılaşmada yaxşı oynayıb, "Sumqayıt"a kömək edə bildiyim üçün çox sevinirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə