Ürəyi kövrək olar,
Zərif tül, ipək olar,
Soluxmuş çiçək olar,
Atası olmayan qız.

Hər sözdən pay götürər,
Ağız dadın itirər,
İçində dərd bitirər,
Atası olmayan qız.

Xəlvət göz yaşı tökər,
Qəm yükün özü çəkər,
Bilməz acıdır, şəkər,
Atası olmayan qız.

Elçilər düşər qaçaq,
Gəzər dost, qohum uzaq,
Yandırar tənha çıraq,
Atası olmayan qız.

Dünya ona dar gələr,
Toya getmək ar gələr,
Həmişə qara geyər,
Atası olmayan qız.

Anasının qiblə sanar,
Önündə mil dayanar,
Qoşa yatıb oyanar,
Atası olmayan qız.

Ramiq Muxtar,
Prezident təqaüdçüsü,
"Şərəf" ordenli,
Rəsul Rza adına Beynəlxalq
Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...