(Olmuş hadisə)
Qayınanam Xanım ananın əziz xatirəsinə

Ana durna can üstədir,
Beş balası sağ-solunda.
Bir durnası gəlib çıxmır,
Gözü qalıbdır yolunda.
Əzrayıldan möhlət umur,
Öz ilkini görmək üçün.
Yazıq ana gözün yumur,
Vaxt qazanıb ölmək üçün.
Məgər sənin balan yoxdur,
İnsafsızsan sən bu qədər?
Səndən möhlət istəyirəm,
Cümə günü sübhə qədər.
Qızıl zəncir saxlamışdım,
Son nəvəmin mən toyuna.
Bircə günlük möhlət üçün,
Al bunu da sal boynuna.
Qoy balamı görüm ölüm,
Şirin olsun mənə ölüm.
Saqqızımı oğurlama mənim, qarı,
Qismətini belə yazıb Ulu Tanrı.
Bilmirsən ki, ölüm haqdır,
Bu yalvarış tam nahaqdır.
Özünüzə siz baxmayın,
Biz tərəfdə rüşvətlə,
Ömür alıb satmaq olmaz.

Bizdə dəmir qanun vardır, o pozulmaz.
Qarı yerə-göyə baxdı,
Gözlərindən şimşək çaxdı.
Sanki birdən, bir səs gəldi İlahidən,
Ey mənim canişinim,
O mələklə nədir işin?
Görmürsənmi gözlərindən nur tökülür,
Dodağından bal tökülür, dürr tökülür,
O paklığın, o ismətin aynasıdır,
Altı pəri övladının atasıdır-anasıdır.
Qismətinə əzab yazdım,
Çox peşmanam əməlimdən.
O ki, yenə razı qalıb bəd
Yazdığım taleyindən.
Nə deyirsə əməl elə, sən razılaş,
Cənnət yolun ona göstər, tez uzaqlaş,
Göy yarıldı, qopdu tufan,
Cin atını mindi külək,
İldırımlar şahə qalxdı,
Yağış tökdü ələk-ələk.
Göy üzündən bir ağ bulud,
Yavaş-yavaş endi yerə.
Qürbət eldən gələn durna,
Bir təlaşla girdi evə.
Zülmətli ev işıqlandı,
Balasının gəlişindən.
Yatmış ana gözün açdı,
Öz ilkinin naləsindən.
Matdım-matdım baxdı ona,
Tanrısına dua edib,
O yollandı öz əbədi dünyasına.

Ramiq Muxtar,

Prezident təqaüdçüsü,
"Şərəf" ordenli,
Rəsul Rza adına Beynəlxalq
Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...