Ramiq Muxtar, Prezident təqaüdçüsü, "Şərəf" ordenli, Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı

Xoşuna gəlmədi evim-eşiyim,
Gəlin, ayrı yaşa, oğlum, xoşbəxt ol!
Köç etdi üstümə acı keçmişim,
Gedirsiz, nə deyim, sizə "yaxşı yol".

Atasız, zülmlə böyütdüm övlad,
Analıq haqqımı saldı ayağa.
Bu qəfil gedişə tapammıram ad
Dilim də gəlməyir söz soruşmağa.

Mən ərə getmədim sənin xətrinə,
Balamı şəhvətdən mən uca tutdum.
Köklədim özümü sənin ətrinə,
Qadınlıq hissimi tamam unutdum.

Kişi nəfəsinə qaldım mən həsrət,
Düşündüm, balamın halı pozular.
Evimə təzədən gəlsə məhəbbət
Birdən öz balama sevgim azalar.

Əfsus, bilmədim ki, nankor doğmuşam,
Zamanı gələndə atacaq məni.
Qəhərdən içimdə mən boğulmuşam,
Verdim yad qızına qurbanlıq səni.

Yenə mavi ekran, o diktor qızım,
Olacaq bu gündən mənlə həmsöhbət.
Alnıma yazılan qara gün yazım,
Barı öz balama olmasın qismət.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...