Ramiq Muxtar,

Prezident təqaüdçüsü, "Şərəf" ordenli, Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı

Moskvanın Mərkəzi bazarında
gördüm yüzdən çox həmyerlimi.
Biri dəvədən baha gül satırdı,
biri bombadan baha nar.
Hamısı elə bil yasdan
qaçıb bazara dolmuşdular.
Hərəsinin üzündə bir keşiş
saqqalı tük, totuq qollarında
"Bakı", "Şuşa", "Qarabağ" sözləri.
bir də ki, ərəb babalarımız
İmam Həsənlə, İmam Hüseynin
çatmaqaş gözləri...
Boyu şalban kəlpeysər
satırdı nənəsinin cecimini,
qırmızı sifət pota boyda
anasının gəlinlik kilimini.
Dolandırırdı bazarı qızıldiş fərari
qaçaq Kərəmin gümüş xəncərini.
Bir cavan da satırdı babasından oğurladığı
Lenin ordenini.
İki şorgöz gül satan
görüş təyin edirdi saat 6-ya.
Dostu da vədələşirdi naharı Odessaya,
şamı Yaltaya.
Biri əlində pivə zümzümə edirdi
"Qarabağ şikəstəsi"ni.
Eşitmirdi əsirlikdə
nişanlı bacısının harayını -
naləsini.
Xəcalətimdən yer tapmadım
gizlənməyə, mənim həmyerlilərim.
Qorxun torpaq qarğışından,
Qaval boyda papağınızı qoyun
Qabağınıza, yaxşı-yaxşı fikirləşin.
Bir qramlıq nəfsinizlə Azərbaycan
vüqarını alçaltmayın.
Moskvada yaşayan mərd
oğullarımızın ömrünü qısaltmayın
Qayıdın obanıza-elinizə,
yoxsa Vətən bağışlamaz qan
damdırar gözünüzə.
Torpağı, suyu, sünbülü əsir olan
vətən övladının haqqı
yoxdur qürbət eldə yaşamağa.
Heç olmasa, üz saxlayın zəfər günü
siz Vətənə qayıtmağa.

Bütün xəbərlər Facebook səhifəmizdə