Yaradıcılığı ömrünə çıraq olan şairə

(Portret cizgiləri)

Həyat doğrudan da qəribə və sirli-soraqlıdır. Elə insanlar da öz xasiyyətinə, təfəkkürünə, düşüncə tərzinə görə bu qəribə dünyamızın, qəribə məxluqlarıdırlar. Məhz buna görə də elə insanlar olur ki, onunla bir dəfə söhbət eləsən, əbədilik yaddaşında qalır. Bax, mənim yazımın qəhərəmanı da belə bir maraqlı inandır. O, hələ orta məktəb illərində öz yaşıdlarından özünün ağlına, təfəkkürünə, təxəyyülünə, istedadına, səbrinə, mehiban xasiyyətinə görə çox seçilib. Bu xanım, özünün gözəl mənsur şeirləri, maraqlı bədii yazıları, oxunaqlı publisistikası ilə heç kimə bənzəməyən, sifətində ilahi bir nur olan İlhamə Məhəmmədqızıdır.

Ömrünün yarım əsrini bu ilin iyun ayında geridə qoyan İlhamə Məhəmmədqızı hələ orta məktəbdə oxuyanda qəti qərara gəlmişdi ki, jurnalist olacaq. Məhz ona görə də orta məktəbi bitirəndən sonra sənədlərin Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə verdi və bu bir nömrəli ali məktəb ocağına qəbul olundu. Bu qədim təhsil ocağında dövrümüzün tanınmış jurnalistləridən, məşhur elm xadimlərindən dərs aldı İlhamə xanım. Jurnalistika sənətinin sirlərinə dərindən yiyələndi. Hələ tələbəlik illərində onun respublika mətbuatında çap olunan maraqlı yazıları müəllimlərinin də diqqətini cəlb elədi. O, əsasən doğulub boya-başa çatdığı, yaşadığı Sumqayıt şəhərində illərlə tanıdığı, təmasda olduğu maraqlı insanlardan-əmək qəhrəmanlarından, müəllimlərindən, ədəbiyyat, incəsənət xadimlərindən portret yazılarını, oçerklərini, məqalələrini mətbuatda çap etdirdi. Hər bir yazısı da oxucular tərəfindən böyük maraqla qarşılandı və sevə-sevə oxundu. Həmin vaxtlar Sumqayıt şəhərində çap olunan “Sintez-kauçuk”, “168 saat” qəzetlərinin və “Formula uspexa” jurnalının demək olar ki, hər nömrəsində İlhamə Məhəmmədqızının məqalələri çap olunurdu. İşlədiyi Sumqayıt Radiosunda isə hər gün öz məqalələrini özünün melodik səs tembri ilə səsləndirirdi. Bu radioda böyük həyat təcrübəsi toplayan İlhamə Məhəmmədqızı nəhayət ki, özünün “İdeal market” qəzetini təsis elədi. Bu qəzet də elə ilk nömrəsindən maraqla qarşılandı. Çox oxunaqlı qəzetlərdən biri oldu. Çünki burada maraqlı məqalələrlə yanaşı, çoxlu elanlar da çap olunurdu. Həm də bir növ sumqayıtlıların “Qayğıkeş” qəzeti sayılırdı. O, özü söz dünyasının adamı olduğuna görə bu qəzetdə söz dünyası olan insanları da yaddan çıxarmır və respublika yazarlarının çoxlu şeirlərini, kiçik hekayələrini, tənqidi yazılarını da çap etməklə hər nömrəsi böyük müzakirəyə çevrilirdi. İlhamə Məhəmmədqızı bu qəzetdə əsasən dünyasını dəyişən yazarlara daha çox yer ayırır və onların heç vaxt çap olunmayan bədii yazılarının, şeirlərinin tarixdə yaşaması üçün onları həvəslə çap edirdi. Bax belə böyük ürəyə malik olmaq, kimsəsizlərə arxa-dayaq olmaq hər insana nəsib olmur. Onun məhz bu xeyirxah əməlləri də İlhamə Məhəmmədqızına insanlar tərəfindən böyük məhəbbəti artırırdı. Bu gün də həmin hörmət, məhəbbət çox yüksəkdir.

İlhamə Məhəmmədqızı təpədən-dırnağa qədər sumqayılıdır. O, Sumqayıtla nəfəs alır desən yanılmaram. Bütün həyatı boyu bu şəhərin uğurlarına sevinib və bu şəhərə xor baxanları özünün satirik şeilərində, mənsur şeirlərində və məqalələrində tənqid eləyib. Buna sübut olaraq onun “Tənha çinar ağacı” mənsur şeirini və onlarca publisit yazılarını, şeirlərini misal göstərə bilərəm. Tənha, yaraşıqlı çinar acağının azğın adamlar tərəfindən kəsilməsi və ağacın “fəryadı” müəllifi möhkəm sarsıdır. Onu gözəl, bədii, dramatik boyalarla yazır. Bu mənsur şeiri oxuyan hər kəsdə, ağacları kəsib, təbiətimizi məhvə doğru aparanlara qarşı böyük bir nifrət və etiraz yaranır. Bu da müəlifin böyük uğurudur. Çünki İlhamə Məhəmmədqızı elə həyatda da hər kəsin dərdinə yanan, hər kəsin dərdini, nisgilini öz dərdi, nisgili bilən bir ziyalı xanımdır. O, yıxılana dayaq, çıraqsız evə çıraq, sağlam sevgisi olmayan ürəklərdə sağlam sevgi yaratmaq iqtidarına malik. Həm də kiminsə göz yaşlarına biganə qalmayan şairə xanımdır. “Hökmdən çıxa bilmirəm” şeirində bu haqda o, çox aydın yazır:

Talehim belə yazılıb,

Hökmdən çıxa bilmirəm.

Kimsənin göz yaşına,

Biganə qala bilmirəm.

Əfsanə bilinən həyatı,

Gerçək anaraq, yaşadım.

Çiynimdə kədər yükümü,

Bir pay sanaraq, daşıdım...

Yeddi çap olunan kitabı və on kitabı da çapa hazır olan müəllif -İlhamə Məhəmmədqızı oxucular tərəfində bir insan kimi səmimiyytinə, sadəliyinə və bir şair, publisist kimi yazdığı maralı əsərlərinə görə çox sevilir. Onun yaradıcılığı mövzu rəngarəngliyinə, maraqlı epizodlar, gözəl dialoqlar tapmağına görə, sadə dilinə, fəlsəfi dərinliyinə görə söz dünyası oxucuları tərəfindən də böyük maraqla qarşılanır. Bu bir həqiqətdir ki, ömrünü söz dünyasına sərf eləyən insan, böyük təfəkkürə, dərin biliyə, həyatı yaxşı müşahidə etmək bacarığına malik olmasa, dünya ədəbiyyatından xəbərdar olmasa böyük uğurlar əldə eləyə bilməz.

Ömrünün yarım sərini geridə qoyan İlhamə Məhəmmədqızının publisist yazıları, mənsur şeirəri, məqalələri, oçekləri onun ömrünə həmsöhbət olmaqla, həm də onunla bu llərdə yol yoldaşı olub. Bax buna görə də İlhamə xanım özünü xoşbəxt saya bilər ki, onun ömür yollarında xatirələr və belə dərin, bənzəri olmayan yazılar oxucuların qəlbini sevindirir, onlara xoş ömür payı qismət eləyir. Ona görə də mən belə deyirəm:

Yazıb-yaratmaqla o, çatıb bu yaşa,

Necə də bu illər çox tezcə ötüşdü.

Heç kəsin arzusu kaş dəyməsin daşa,

Ömür səhifəsinə əlli də düşdü.

Atalar isə belə deyib: “Düz yaşamaq, yüz yaşamaq deməkdir”. Siz 70 yaşlı Sumqayıt haqqında bir-birindən maraqlı yazılar yazmaqla, bu şəhəri və onun insanlarını düyada tanıdırsınız. Gün o gün olsun ki, İlhamə xanım, sizi 100 il gümrah, sağlam yaşayan görək.

Əli RAFİQ,

Şair-publisit

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...