Yaddaşıma yazılanlar, yaxud gəncliyimdə gəzib gördüyüm yerlər

QƏRBİ AZƏRBAYCAN HAQQINDA DÜŞÜNCƏLƏR SİLSİLƏSİNDƏN

Son illər “Qərbi Azərbaycan” sözünün yüksək pafosla ifadə olunması, işlədilməsi sanki dəbə düşüb. Tarixən yaşanan adlarımızın, ərazilərimizin, yaşayış məskənlərimizin, tarixi yer, qala və abidələrimizin adları sanki unudularaq bir ad altında – Qərbi Azərbaycan adı ilə yaddaşımıza həkk olunmağa başlayıb. Axı, Qərbi Azərbaycan adlı qərib düşən ərazimizin hər qarışının yolu, izi, adı, ərazisi, unudulmayan hadisələrlə dolu, nağıllaşmış və əfsanələşmiş tarixi vardır. Bir zamanlar tarixi səhvlik ucbatından mənfur qonşulara pay verilən Qərbi Azərbaycan ərazisində olan dədə-baba torpaqlarımızın, kəndlərimizin, hətta tarixi abidələrimizin belə adları zaman-zaman erməni adları ilə əvəzlənməyə məruz qaldı. Bu torpaqlarda yaşayan azərbaycanlıların 1937-53-cü illərdə repressiya qurbanına çevrilənlərinin və deportasiyaya məruz qalanlarının sayı-hesabı olmadı.

70 illik sovet dönəmində soydaşlarımızın başına gətirilən müsibətləri görə-görə gəlib XX-ci əsrin sonuncu onilliyinə çatdıq və... torpağına bağlı insanların məcburi didərginliyi başladı...

Mən özüm Şərur rayonunun Tənənəm kəndində doğulub böyümüşəm və hazırda Naxçıvan şəhərində yaşayıram. Hələ uşaq və ilk ğənclik yaşlarımda Dərələyəz, Göyçə, Zəngibasar mahalları haqqında ata və babalarımızın söhbətlərini çox dinləmişdim. Bir zamanlar bu torpaqlarda baş vermiş bir çox qəhrəmanlıqlarla dolu hadisələrə, o cümlədən mənfur ermənilərin bu yerlərin qədim sakinləri olan azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərlə bağlı eşitdiklərim məni bu əsrarəngiz torpaqları gəzməyə, görməyə sövq etdi. Gəzib gördüklərimi, eşitdiklərimi və yadda saxladıqlarımı sizinlə bölüşmək qərarına gəldim. Ola bilsin ki, gəzdiyim ərazilərin bəzi istiqamətlərində səhvlərə, və ya dolaşıqlığa yol vermiş olaram. Ona görə də bəri başdan üzrlü hesab etməyinizi xahiş edirəm.

Bir zamanlar Naxçıvan şəhərindən Şərura uzanan avtomobil yolu, Şərur rayonunun Dizə kəndində iki qola ayrılırdı. Birinci qol – Dizə-Ulya-Noraşen (indiki Oğlanqala) kəndindən keçərək Baş Noraşenin (indiki Cəlilkənd) qarşısından keçərək Sədərəyə qədər uzanır və oradan – Qaraburundan Arazdəyənə, yəni İrəvan mahalına, daha doğrusu, qərbi Azərbaycan ərazisinə keçirdi.
İkinci qol – Dizə, Aşağı Yaycı, Gümüşlü kəndlərindən keçməklə bu gün Arpaçay dəryaçasının yatağında qalmış dərə boyu uzanaraq Danzik kəndinə çatırdı. Danzik kəndi ərazisinin qurtardığı (bura Şərur rayonu inzibati ərazisinin son məntəqəsidir. Kənd sonralar Arpaçay dəryaçasının altında qaldığı üçün kəndin əhalisi Şərur rayonu ərazisində salınmış “Dan yeri” kəndində məskunlaşmışdır) yerdən - Arpa kəndindən isə Dərələyəz mahalı başlayırdı.

Sədərək kəndi ərazisinin qurtaran yerində Qaraburun yerləşir. Bir tərəfi (Sədərəyə tərəf) uca silsilə təpə başlayır, digər tərəfi Araz çayına qədər düzəngahdır.

Qaraburundan keçən kimi Arazdəyən yaşayış məntəqəsidir. Bir zamanlar Qərbi Azərbaycanın Dərələyəz mahalına, Exeqnadzor (Keşişkənd) və Əzizbəyov (indi adı dəyişilib) rayonlarına çatacaq ərzaq, yanacaq və bütün yeyinti və tikinti materialları Şərur rayon mərkəzində yerləşən bazadan göndərilirdi. Sonralar “Arpaçay” dəryaçasının tikintisi başa çatdığından, Gümüşlü və Danzik kəndləri arasındakı ərazi su altında qaldığından, Arazdəyəndə yeni baza yaradıldı. Dərələyəz mahalına gedən yeni yol Xosrov qoruğunun Kərki kəndinə bitişik üstündən keçərək Çanaqçı-Çivə-Arpa kəndlərini birləşdirdi. Bu yol Arpaçay boyunca uzanaraq Cermuxa qədər gedir. Birinci qolu, bir zamanlar Keşiş kəndi, sonralar Exeqnadzor adlandırılan rayon mərkəzinin yaxınlığında sola çönərək dərə boyu uzanır. Həsənkənd və Qoytul kəndlərini keçdikdən sonra çayın sol qolu boyunca Dərələyəz dərəsində yerləşən kəndləri keçərək sonuncu məntəqə olan Qabaqlı kəndinə qədər uzanır. Qabaqlıdan yuxarıda Canı meşəsi, Almalı meşəsi və bir az da qarşıda sağ yamac yuxarı qalxdıqdan sonra Qırxbulaq yaylağı başlayır.

İkinci qol – düz qalxır – Həsənkənd, Qoytul kəndi, yaxın məsafədə “İmanın bulağı” adlı ərazi, 8-10 km-lik məsafədə, sağ tərəfdə, yoldan bir az aralıda Kələkuluk kəndi (erməni kəndi), bir az getdikdən sonra isə səfalı bir ərazidə azərbaycanlılar yaşayan Ağkənd kəndi yerləşir. Kəndi keçən kimi Səlimin gədiyi adlanan (O zamanlar “Selimin perevalı” adlanırdı) dağın döşü boyu qalxan yol başlayır. Zirvənin başına çatdıqda yolun alt üzündə qara və enli tuf daşdan tikilmiş “Şah Abbas” karvansarası, üst tərəfində isə daşdan yonulub düzəldilmiş “Südlü bulaq” adlı bulaq çağlayır. Onu da demək istərdim ki, karvansara qara, enli tuf daşdan tikildiyi üçün zaman keçsə də uçub dağılmamış, olduğu kimi də neçə yüz illərə sinə gərmişdir.

Zirvənin başında yol düzəngaha çıxaraq Göyçə gölü sahilində salınan Martuni rayon mərkəzinə qədər uzanır. Onu da deyim ki, “Şah Abbas” karvansarasından ayrılan kimi, yolun sol tərəfində “Əyricə” yaylaq yerləri, sağ tərəfdə isə “Dəmirtəpə” yaylağı yerləşir. “Əyricə” yaylağının Araz vadisi istiqamətindəki dağ silsilələri arasında “Axırıncı aşrım” filmindən bizə tanış olan Qarabağlar və Kolanı kəndləri yerləşir. (Bu kəndlər hazırda Ararat rayonu ərazisindədir və adları erməniləşdirilib). Arpaçayın Dərələyəz dərəsindən axan qolu üzərindəki körpünü keçdikdən sonra Exeqnadzor (Keşiş kəndi) rayonu ərazisi başlayır. Ərazinin dərəboyu sol yamacda (Naxçıvan MR istiqamətində) azərbaycanlılar yaşayan kiçik kəndlər yerləşirdi. Bir az getdikdən sonra Əzizbəyov rayonu (indi adını dəyişiblər, erməniləşdiriblər) ərazisi başlayır.

Cermux şəhərinə tərəf 5-6 km getdikdə sola bir yol qalxır. Bu yol ermənilər yaşayan Herher kəndindən keçərək “Təpəsidəlik” dağının səfalı döşünə sığınmış azərbaycanlılar yaşayan Kotanlı kəndinə (indi adını erməniləşdirib Mübaraşen qoyublar), oradan “Murad təpəsi”nin ətəyindən keçərək “Qırxbulaq” yaylağınadək uzanır. Dərə ilə düz getdikdə isə Cermux şəhərinə azalmış Arpaçay çayı üzərində salınmış körpüdən yor sağ tərəfə keçir. Bu yol Sisiyan-Gorus-Laçın olmaqla Xankəndinədək uzanır.

Əvvəllər Cermuxa yol körpünü keçmədən dərəboyu – çayın sol sahili ilə gedirdi. Sonralar qaya uçqunlarının yolu dəfələrlə bağlaması nəticəsində həmin yol bağlanaraq çayın sağ sahilinə keçirildi. Yamac boyu qalxan yol təpənin üzəri ilə Gindivas ərazisindən keçərək Cermuxa çatır.

Hələ Sovet hakimiyyəti illərində Cermux yaşayış məntəqəsi burada çıxan mineral suyun və tikilən sanatoriya (istirahət evləri) hesabına şəhər statusu almışdır. Şəhərin yuxarı kənarından meşəlik başlayır və meşənin içərisində bir-birindən aralı altı çoxmərtəbəli istirahət evi yerləşirdi. “Şestoy sanatoriya” adlandırılan istirahət evindən keçib sağ tərəfdəki təpənin başına çıxarkən yaxınlıqda, təpənin ətəyində Kəlbəcər İstisuyu görünür.

1965-69-cu illərdə Naxçıvanda Pedaqoji məktəbdə oxuyurdum. Hər il yay tətilində Cermux şəhəri adlandırılan bu kiçik yaşayış məntəqəsinə gələr və buradakı “Cermux” mineral su zavodunda sexlərə karbon qazı verən sexdə çalışardım. Zavodda işləyənlərin 70-80 %-i azərbaycanlılar idi. (Onu da bildirim ki, bu kiçik şəhərin əhalisinin böyük əksəriyyəti azərbaycanlılar idi). Zavodun o zamanlar direktoru Badoyan, müavini isə Herant adlı erməni idi. Yüksək əməkhaqqı verilməsinə baxmayaraq iş həddindən artıq ağır idi. Yay aylarında zavod üç növbə işləyirdi. Bəzən gecə növbələrində işçi qüvvəsi çatmayanda yenicə növbəni başa vurmuş azərbaycanlı fəhlələrə əlavə nəqdi pul verərək işlədirdilər.

Bir gün səda yayıldı ki, zavodun istehsal etdiyi mineral su Moskvada analiz edilərkən tərkibi tələblərə cavab vermədiyi üçün bağlanır. Aləm bir-birinə qarışdı. İrəvandan vəzifəli şəxslər tökülüb gəldilər. Bir neçə gün sonra gecə iki böyük su maşını zavodun həyətinə girdi. O zaman zavodun qapıçısı işləyən Səlim adlı kişi səhər bizə bildirdi ki, axşam su ilə dolu gələn maşınların yol vərəqəsini yoxlayarkən gördüm ki, bu maşınlar suyu Kəlbəcər İstisuyundan gətirib. O zaman təəccübümüzə səbəb olan bu hadisənin səbəbini bilməsək də, sonradan məlum oldu ki, İstisudan gətirilən bu su “Cermux” mineral suyu adı ilə şüşələrə doldurulub Moskvaya analizə göndərilmişdir.

Deməli erməni riyakarlığı elə sovet hakimiyyəti illərində də davam edirmiş.

İrəvan mahali, yaxud Zəngibasar yadımda necə qalıb?

Sədərək kəndinin yaxınlığında, daha doğrusu Heydərabad qəsəbəsi ilə üzbəüz “Qaraburun” adlanan yerdən Arazdəyənə keçdikdən sonra insanın qəlbində həzin bir sıxıntı başlayır. Yolkənarı plakatlarda, mağazaların üzərində erməni dilindəki yazıları görəndə, ətrafındakıların erməni dilindəki danışıqları adamda qəribə hisslər yaradır. Vay o gündən ki, bu torpaqların tarixən bizə aid olduğunu bütün detalları ilə biləsən. Bu zaman o hisslər daha da dərinləşir.

Arazdəyəndən İrəvana aparan yol Dəvəlinin girəcəyində iki qola ayrılır. Bir yol sıx azərbaycanlılar yaşayan kəndlərin kənarından keçən magistral yoldur ki, bu yolla qısa müddətdə İrəvan şəhərinə çatmaq olar.
İkinci yol Dəvəlinin (sonralar bu yer adı dəyişdirilərək “Ararat”adlan-dırılmışdır.) içindən keçərək İrəvan istiqamətində yolun sağ və solunda salınmış azərbaycan kəndləri yerləşir. Şirazlı, Şidli, aşağı və yuxarı Vedi və neçə-neçə kəndlər. Sonra isə bu yolla Qəmərli (indi ora “Artaşat” adlanır.) ərazisindən keçərək İrəvana daxil olursan.

Əsas yolla gədərkən İrəvanın kənarında bir körpü görünür. Körpüyə çatmamış sola bir yol ayrılır. Bu yol Zəngibasar adlanan mahala aparır. (sonralar bu ərazi “ Masis” rayonu adlandırılmışdır.) Bu ərazi İrəvan şəhəri ilə Araz çayı arasındakı böyük bir vadini əhatə edir. Sulu və məhsuldar torpağı ilə məşhur olan bu ərazidəki kəndlərin hamısı azərbaycanlıların kompakt yaşadığı bir ərazidir. Aşağı Necili, (sonralar Nizami kəndi adlandırılmışdır) Yuxarı Necili, Həmzəli kəndi, Zəhmət kəndi və s. neçə-neçə azərbaycanlı kəndləri...
İrəvan şəhərini bütün fəsillərdə göyərti və tərəvəzlə təmin eləyən bu torpağın əli qabarlı insanları sovet dövrünün son zamanlarınadək yalnız və yalnız öz zəhmətləri hesabına, heç kimə boyun əymədən yaşamışlar.

Aşağı Necili kəndində (Nizami kəndində) əmiqızım Gözəl ailəsi ilə yaşayırdı. Həyat yoldaşı Cəmşid bu torpaqda doğulub böyümüş və bu kənddə özünə gözəl şərait yaratmış, iki oğul, iki qız atası olmuşdur. Məlum 1988-1990-cı illər hadisələri onun ailəsinin də qaçqın düşməsinə və Mərdəkan şəhərində məskunlaşmağına səbəb olmuşdur.

Ötən xatirələrdən: Hələ Masisin Nizami kəndində yaşadığı illərdə bir gün onlara yenə də qonaq getmişdim. Axşam idi, söhbət edirdik. Böyük qızı əlində bir kitab yaxınlaşdı və kitabı mənə uzadaraq – Dayı bu kitabdakı şəkilə baxın. Kitabı aldım erməni dilində ibtidai sinif üçün ana-dili kitabı idi.

Kitabın içində yol ilə gedən bir hamilə qadın şəkli var. Arxasıca iki cavan oğlan gedir. Birinin əlində xəncər var. Şəkilaltı yazı erməni əlifbası ilə olduğu üçün oxuya bilmədim. Soruşdum ki, burda nə yazılıb? Dedi, bax, bu şəklin altında yazılıb ki, gedən qadın erməni qadınıdır. Arxadan gələnlər isə türk oğlanlardır. Oğlanlardan biri soruşur ki, görəsən o qadının bətnindəki oğlandır, ya qız? Oğlanlardan o biri cavab verir ki, gəl xəncərlə doğrayaq, baxaq.

Yenə erməni təbliğatı. Türklərə qarşı hələ uşaq yaşlarından nifrət hissi oyatmaq üçün bu naqislər daha nələrə əl atmırlar. Sovet hakimiyyətinin qılıncının kəsərli vaxtında bu cür təbliğat üsulundan istifadə etmək onların türk xalqlarına olan nifrətinin və bunun təbliğinin ən sərsəm nümunəsidir.

Cəmşidgilin evlərinin arxasından bir asma su arxı keçirdi. Bu su arxı ilə bağlı söylənilənlər o zaman məndə çox maraq oyatmışdı. Düzü inanmamışdım. Bu asma su arxı Araz çayı tərəfdən gəlib keçirdi. Bir gün Cəmşid söhbət edirdi ki, bu gördüyün arx ilə hər ilin eyni vaxtında Araz tərəfdən çox sayda ilan sürüsü gəlir, hara gedir, kimsə bilmir. Tək bildiyimiz odur ki, bir neçə gündən sonra bu ilan sürüsü geri qayıdır. Döyüşdən qayıtdıqları aşkar bilinən bu ilanların çoxu yaralı halda gəlib keçir.

Zəngibasarda, Masis rayon mərkəzindəki bir erməni evində olan söhbət heç vaxt yadımdan çıxmır.
Naxçıvan MSSR Maarif nazirliyində Robert Şirazyan adlı 50-55 yaşlarında bir erməni işləyirdi. Özünü dost kimi göstərsə də yeri gəldikcə daxili aləmini büruzə verirdi.

1981-ci ilin avqust ayı idi. “Pionerlər sarayı”nın avtobusu ilə 17-18 nəfər İrəvana getməli olduq. Naxçıvan MR Təhsil Nazirliyindən Robert Şirazyan və Nazim Məmmədov, Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutundan İbrahim Qazıyev, mən və başqaları var idi. Səhər tezdən yola çıxdıq və bir-neçə saatdan sonra İrəvana çatdıq. Günorta zamanı idi. Geri qayıdarkən Şirazyan Masisdə bacanağı ilə vacib işi olduğu üçün onunla görüşəcəyini bildirib xahiş etdi ki, Masisə gedək. Avtobusu yaxınlıqdakı Masis rayon mərkəzinə sürdürdük. Bacanağı ilə görüşən Şirazyan bizi təkidlə həyətə dəvət etdi. Biz həyətə girdik. Həyətyanı sahədə başdan-başa pomidor, acı və şirin bibər əkilmişdi. Şirazyanın bacanağı həyətdən bir ləyən pomidor və bibər yığdı, evə verərək bişirib üstünə yumurta vurmağı tapşırdı. Mən alıb avtobusa yığdığım yumurtadan bir bağlam gətirib ev sahibinə verdim. Yeməyi stolun üstünə qoyarkən bizimkilər maşından “İrəvan arağı”da gətirdilər. Yemək zamanı araq stəkanını əlinə alan ev sahibi ayağa qalxdı, üzünü bizə tutaraq – bu badəni bizim Naxçıvanın şərəfinə içirəm– deyərək riyakarcasına üzümüzə gülümsəməyə çalışdı... İçkidən üzü qızaran Robert Şirazyan bacanağının sözünü kəsərək, – sən kimsən ki, Naxçıvanın şərəfinə badə qaldırırsan? Naxçıvanda mən yaşayıram, sağlıq demək hüququ da mənə çatır – deyərək əlindəki araq dolu stəkanı yuxarı qaldırdı.

Onların nəşəli-gülən gözlərini gördüm. Ətrafıma baxdım. Özlərini rütbəli məmur hesab edən həmyerlilərim ağızlarına su alıb susurdular. Elə bil ki, içimdə vulkan püskürməyə başladı. Özüm də hiss etmədən bir anda ayağa qalxdım və qeyri–ixtiyari səsimin tonunu qaldıraraq – Siz kimsiniz ki, Naxçıvanın şərəfinə içirsiniz? Naxçıvan sizin yox, mənim dədə-baba vətənimdir, onun da şərəfinə ancaq mən içə bilərəm – deyib stəkanı başıma çəkdim və yerimdə oturdum.

Mənəm-mənəm deyən məmurların hamısı başını aşağı salmışdı, heç kim danışmırdı. Daha heç kim bu mövzuya toxunmadı. Səssiz-səmirsiz halda yeməyi bitirib, sakit-səssiz də erməni həyətindən çıxıb maşına oturdular.

Uzun illər keçsə də erməni həyətindəki o mənzərə hələ də gözlərim önündədir. Görəsən 1990-cı ildə İrəvana qaçan Robert Şirazyan o günü xatırlayıb Naxçıvanın kimə aid olduğunu başa düşübmü? Bunları yazdıqca ötən zamanlar kino lenti kimi gözlərim önündən keçir.

Hər dəfə təyyarə ilə Bakıya gedəndə, yaxud Naxçıvana qayıdanda pəncərənin qabağında əyləşirəm. Qərbi Azərbaycan adlandırdığımız əzəli torpaqlarımızın üzərindən uçarkən qəribə bir kövrəklik hissi bürüyür məni. Pəncərədən gördüyüm tanış yerlərin bir dəli həsrəti məni çəkir özünə. Və bu xatirə - yazını da elə “Qəriblik dağların qəddini əyib” və “Son döyüşə hazırlaşın!..” adlı iki şeirimlə bitirmək istəyirəm.

QƏRİBLİK DAĞLARIN QƏDDİNİ ƏYİB

Ellər köç eyləyib, Göyçə boşalıb,
Ələsgər sazının sədası yoxdu.
Toy - düyün səsinə həsrətdi dağlar,
Nazlı sonaların ədası yoxdu.

Rəngi avazıyıb, başı ağarıb,
Qürbətdən boylanan qoca dağların.
Həsrətlə gözünü yollara tikən,
Suyu da azalıb buz bulaqların.

Gözəllər üzünə həsrət qalıbdı,
Güllü yamacların gözü yol çəkir.
Nisgil acısıyla göydə buludlar,
Saçını yolaraq göz yaşı tökür.

Qartallar qıy vurmur qaya başında
Dərəni bürüyüb tamam çən, duman.
Meşədə əzəmət timsalı olan,
Palıdın qəddi də əyilib yaman.

Sürü gözə dəymir örüş yerində,
Bozdar harda qalıb, Alabaş hanı?
Qulağı kar olub qoca dağların
Səssizlik bürüyüb tamam hər yanı.

Əyricə yaylağı yaman darıxıb,
“Murad təpəsi”nin gözləri yolda.
Bir kimsə yoxdur ki, dərdinə yana,
Bir kimsə qalmayıb böyük mahalda.
***

SON DÖYÜŞƏ HAZIRLAŞIN!..

(Şərur Şəhərində Türk müəllim və tələbə heyəti ilə görüş düşüncələri... )

Bu gün daha,
70 illik bir həsrətin
Son qoyulub acısına.
Bu gün daha qovuşubdu,
Türk millətim qardaşına,
bacısına.
70 ildə duyammadıq,
İki qardaş ürəyində
Qövr eyləyən ayrılığın acısı nə?
Zaman-zaman məftillərdən
çox boylandıq-
Xan Arazın o tayına.
Zamanında çatammadıq
“Sarıqamış” dağlarında
Şəhid olan türk oğlunun harayına.
Çatammadıq Uyğur adlı
Türk oğlunun,
Sincandakı harayına.

Zaman oldu,
Sərhəddəki on metrlik
Məsafəni keçəmmədik.
“Axber” deyən dığalara
qardaş dedik,
Dost- düşməni seçəmmədik.
Neçə illər babaların öyüdünü,
Kar qulaqlar duyammadı.
Yatdı qəflət yuxusunda,
Neçə illər oyanmadı.

Zaman gəldi,
Qapımızda yallananlar,
Üzümüzə ağ oldular.
“Öldü” sanıb heykəlinə
səcdə qıldıq,
Şaumyanlar “xortladılar”,
sağ oldular.
Qarabağa göz tikənin
Zamanında gözlərini tökəmmədik.
Çox yubandıq –
Azadlığın heykəlini,
Neçə illər tikəmmədik.
Xocalının, Xocavəndin
Qatilləri sağdı bu gün.
Törətdiyi vəhşiliklər,
Sinəmizdə dağdı bu gün.

Ey gəncliyim!
Ağ dənizdən Altayadək
Türk oğlunun məskənini,
Yada salmaq zamanıdı.
Düşmənlərdən,
Qisas almaq zamanıdı.
Yaxşı öyrən bu dünyanın hər işini.
Yaxşı öyrən, bu dünyanın gərdişini.

Atillanın qılıncının
Qına girən vaxtı deyil.
Unutma ki,
bu gün orda -
Qarabağda qurulan taxt,
Türk oğlunun taxtı deyil.
Biz o taxtı yağıların
Başlarına yıxmalıyıq.
Doğma Şuşa qalasına,
Alnı açıq çıxmalıyıq.

Yağılardan,
qisas almaq
Zamanına hazırlaşın!
Əsirlikdə qalanların
Amanına hazırlaşın.
Xocalıda ölənlərin
Ruhu bizi haraylayır.
Kəlbəcərdən köçənlərin,
Yolu, izi haraylayır.
İtkin düşmüş mahallardan-
-Zəngibasar ellərindən,
Dərələyəz mahalından,
Ocaqların sönmüş odu,
Közü bizi haraylayır.
Əsir Göyçə mahalından,
- Ağkilsədən
Ələsgərin özü bizi haraylayır.

Ey gəncliyim!
Daha bəsdir susduğumuz,
Hazır olun.
Üçrəngli bayrağımı,
Xankəndinə aparmağın vaxtı çatıb.
Qarabağı yağı düşmən pəncəsindən,
Qoparmağın vaxtı çatıb.
Son döyüşə hazırlaşın,
Son döyüşə hazırlaşın!..

Bütün xəbərlər Facebook səhifəmizdə