- Ağzım dualıdı, namaz qılıram,
Peyğəmbər vəhyindən ilham alıram,
Allah dərgahına hey ucalıram,
Yerdə zəngin həyat quraram deyə.

Ərəb kəlmələri həzmində şirəm,
Gərəkdir şər molla cildinə girəm,
Ayə ümmanında kamilləşirəm,
Tanrı dərgahına vararam deyə.

Zina həvəsliyəm, qanmaram nikah,
Mənhus məkrliyəm, lap olun agah,
Qardaş malına da salaram tamah,
Bu yolla ovumu vuraram deyə.

İti iştaham da daim bülövdə,
Kasıbın malından bəslərəm gövdə,
Üzüm mehrabdadı, quyruğum göydə,
Zamanın fövqündə duraram deyə.

BU MƏNHUS ARZUNUN OBYEKTİV ŞƏRHİ

- Ərəb kəlməsinə uymuş bir insan,
Dildönməz heç sənə gəlməsin asan,
Orta əsrlərin girdabındasan,
Bəd dua doğuşdan bələyindədir.

Sənin qurşağında çatışmır kəşkül,
Yad kəlmə işini edibdi müşkül.
Zaman da başına ələməkdə kül,
Haram cücərtilər ürəyindədir.

Quyruğun ulduza qalxsa nə qədər,
Cənnət guşəsinə düşməyin hədər,
Səni cəhənnəmə atacaq Qədər,
Bu öz nicatında, gərəyindədir.

Başın qatı yerə batası deyil,
Quyruğun dərgaha çatası deyil,
Qüsurun Peyğəmbər xatası deyil,
Özünün təfəkkür çürüyündədir.

Valeh Məhərrəmli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...