Bəzi sərbəst şeir müəlliflərinə

Sərbəst şeir yazır, xəyalı göydə,
Cəbrayıl cildinə giribdi özü.
Min hikmət axtarır dualı göydə,
Dana gözləri tək qızarıb gözü.

Mücərrəd ifadə fısqırır şair,
Qopur sinəsindən rəmzi mənalar.
Şişirdib ordunu qışqırır şair,
İstər hər sözünü irfan sanalar.

İfadələr köntöy, fikirlər qəliz,
Arzu-niyyətini anlamaq olmur.
Dilindən çıxmamış bir sözü səlis,
Heç təbiətini anlamaq olmur.

Onu məşğul etmir nə vəzn, nə ahəng,
Sətrində nə ritm, nə qafiyə var.
Şair tək özünü saymaqda nəhəng,
"Ağ şeir" qarnına salıbdı azar.

Yaqut divarına o, təzək vurur,
Qənşərində dibsiz bir quyu vardır.
Elə bilir sözə min bəzək vurur,
Şerinin nə otu-nə suyu vardır.

Gəlir nəzərinə tuş ibarələr,
Bitirir dibçəkdə "çağa" yarpağı.
Boldur lüğətində boş ibarələr,
Hər sətri it otu-bağa yarpağı.

Çevirib heçliyə həyatımızı,
Muğamı danıbdı, yapışıb rokdan.
"Ağ şerə" döndərib bayağımızı,
Milli mənəviyyat çıxmayıb şokdan.

İstərdi satıla Oğuz avroya,
Çıxar kəlləçarxa yoxsa heyrəti.
Dəyişib müs-müftə ucuz avroya,
Milli heysiyyəti, milli qeyrəti.

Qatıb "ağ şer"inə alın tərini,
Baş alıb getməkdə hara niyyəti?
"Yevrointeqrasya" edib şerini,
Qərbə yönəlibdi qara niyyəti.

VALEH MƏHƏRRƏMLİ

Bütün xəbərlər Facebook səhifəmizdə