Ömrün Masallı dünyası (Portret cizgilər)

Şakir Həsənov: “Düz 50 ildir ki, inşaat, tikinti, quraşdırma sahələrində işləsəm də, burada böyük uğurlar qazansam da, səmimi deyim ki, 5 illik incəsənətdə, mədəniyyətdə çalışdığım illər mənə daha əziz və doğmadır”

İsti yay günləri başlamışdı. Səhər evdən piyada çıxıb, rayon mərkəzinə doğru gəldim. Burada mənim bir qəzet köşküm var. Masallı şəhər Mədəniyyət evinə çatanda Nizami Gəncəvinin heykəlinin qarşısında dayanan bir nəfər nəzərimi cəlb elədi. Kiməsə oxşatdım. Yaxınlaşıb salam verdim. Çevriləndə kimi görsəm yaxşıdı. Şakir Həsənovu.

-Sizdən nə əcəb?

-Xeyir işə gəlmişəm. Hər dəfə Masallıya gələndə, birinci bu Mədəniyyət evini ziyarət edirəm. Hamıdan yaxşısını siz bilirsiniz. Mənim uşaqlıq, yeniyetməlik, gənclik illərim bura ilə bağlıdır. Bura mənim üçün əsl məbəddir.

-Nə gözəl oldu, görüşdük. Vaxtınız varsa, gedək sakit bir guşəyə. Oturaq, söhbətləşək, keçən günləri xatırlayaq.

-Əlbəttə, əlbəttə. Elə sizi axtarıb tapacaqdım, yaxşı ki, rastlaşdıq. Şakir Həsənovla maşına oturub, Mir Kazım Aslanlı adına “Yanar dağ” İsti Su Sanatoriyasına getdik. Orada hava sərin idi və təbiət də qəlb oxşayırdı. Beləliklə, orada xatirələr çözələndi. Söhbətə Şakir Həsənov başladı.

-Düz 50 ildir ki, inşaat, tikinti, quraşdırma sahəsində işləsəm də, burada böyük uğurlar qazansam da, sizə səmimi deyim ki, 5 illik incəsənət, mədəniyyət sahəsində çalışdığım illər mənə daha əziz və doğmadır.

-Buna söz ola bilməz. Siz həyatda çox az adamlardansınız ki, iki dünyanı özünüzdə birləşdiribsiniz. Nəsimi demiş: “Məndə sığar iki cahan mən bu cahana sığmazam”. Bu iki dünya da incəsənət və inşaaat, tikinti-quraşdırma işləridir. Yadımdadır ki, lap uşaq yaşlarından sizdə həmişə özünə inam və cəsarət olub. Bax istedadla cəsarət birləşəndə də böyük mütəxəssis yetişir. Bəli. Söhbətimiz də indi istəsək də, istəməsək də həmin məcraya yönələcək.

-Əlbəttə,-deyə Şakir Həsənov qarşısındakı çayı içəməyə başladı və harasa uzaqlara baxdı.

Mən isə birdən-birə beynimdə düz 63 il əvvələ qayıtdım...

...Cəmi 10 yaşı olmasına baxmayaraq, o, bir vaxtlar Masallıda çox məşhur idi. Bu şöhərəti də ona usdad aktyorlar, Xalq artistləri Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu və başqa tanınmış simalarla birlikdə Ağası Məmədibəyovun “Toy kimindir?” musiqili komediyasında oynadığı balaca Tapdıq rolu gətirmişdi. O, həmin musiqili komediyada bu rolla Cənub bölgəsinin rayonlarında qastrol səfərində olduğu vaxt, aktyorların oynadığı rollarda adı elan olunanda, aparıcı deyirdi ki, “balaca Tapdıq rolunda Masallı şəhər 1 nömrəli orta nəktəbin 3-cü sinif şagirdi Şakir Rəfi oğlu Həsənov çıxış edəcək”. Zalda əyləşənlər öz həmyerlilərinin adını, soy adını eşidəndə onu da başqa tanınmış aktyorlar kimi gur, sürəkli alqışlarla qarşılayırdılar. Onun səhnədə yüksək peşəkar aktoylara məşxus hər şıxışı da alqışlanırdı...

... Həmin vaxtdan düz 63 il keçib. İndi mən artıq 73 yaşlı, saş-saqqalı ağarmış, dünyada tanınan məşhur mühəndis, SSRİ-nin Əlaçı mühəndisi, “Tərəqqi” medallı, Avropanın dörd ölkəsindən Azərbaycana beynəlxalq dərəcəli Qızıl medal gətirmiş, Beynəlxalq “Sokrat” mükafatı laureatı, dünyada tanınan “Az.Termoizol” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru, amma yenə də elə 10 yaşında Tapdıq rolunu oynayan, Tapdıq yaşında özünün şux təravətini, danışığında maraqlı yumorlarla dolu fikirlərini, zarafatlarını saxlayan Şakir Rəfi oğlu Həsənovu eşitdikcə, düz 63 il vəvvələ qayıdırıq. Həmin vaxtlar mən də Masallıda çap olunan “Çağırış” qəzetində ilk məqalələrimlə çıxış edirdim. Aramızda 3-4 yaş fərq olsa da və mən onun böyük qardaşı rəhmətlik Şaiqlə dostluq etsəm də, Şakirin həmin tamaşada oynadığı rola baxmaq üçün Şaiqlə birlikdə hər tamaşaya gedirdik. Hətta Masallının və qunşu rayonların kəndlərində tamaşa oynanılan vaxtı da biz ora gedib, tamaşaya baxırdıq. Beləliklə, Şakir az bir vaxtda Masallıda “balaca aktyor” adı ilə məşhurlaşdıqca, artıq rayon Mədəniyyət evində və oxuduğu məktəbdə səhnəciklərdə oynadıqca da məşhurlaşırdı. Bu şöhrət onu 17 yaşında, mədəniyyət üzrə heç bir ali təhsili olmasa da, Masallı rayon Mədəniyyət evinin bədii rəhbəri vəzifəsinə, 18 yaşında isə Masallı rayon Mədəniyyət evinin direktoru vəzifələrinə yüksəltdi... Həmin vaxtlar Şakir Həsənov və Adil Səfərovun rəhbərliyilə yaradılan Miniətür Teatrı isə onların şöhrətini artıq Masallıdan çıxarıb, Cənub bölgəsinə və az bir vaxtda isə respublikaya yaydı. Həmin vaxtlar Masallıya qastrola gələn tanınmış aktyorlar- SSRİ Xalq artistləri Hökümə Qurbanova, Mehdi Məmmədov, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Xalq artistləri Ağasadıq Gəraybəyli, Ağadadaş Qurbanov, Əli Zeynalov, Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Əliağa Ağayev, Həsənağa Salayev, Siyavuş Aslan, Hacıbaba Bağırov, Ələddin Abbasov, Əməkdar artistlər Ofelya Məmmədzadə, Müxlis Cənizadə və onlarca başqaları Miniətür Teatrının tamaşalarına maraqla baxandan sonra onların hər ikisini öz teatrlarına işləməyə dəvət etsələr də, Şakir və Adil Masallıdan ayrılmaq istəmirdilər və bu rayonun mədəniyyətinə yüksək səviyyədə xidmət edirdilər.

Artıq həmin vaxtlar da mən “Çağırış” qəzetinin şöbə müdiri və Masallı yerli radiosunun rəhbəri kimi onların uğurlarını tez-tez həm qəzetdə və həm də radioda işıqlandırıdım. Demək olar ki, hər bir tədbirlərində, tamaşalarında olurdum. Həmin tədbirlərdən, tamaşalardan sonra da öz fikirlərimi, qeydlərimi Şakirə ayrıca deyirdim. Həmin vaxtlar tez-tez Şakiri radio verilişinə də dəvət eləyirdim. O, satirik hekayələri peşəkar aktyorlar kimi söyləməyə çalışırdı. Xüsusən də Mirzə Cəlilin “Quzu” hekayəsini o, çox yüksək pəşəkarlıqla ifa eləyəndə mənə SSRİ Xalq artisti Mirzağa Əliyevi xatırladırdı. O vaxt bizim radioda olan “Toxmaq” radio jurnalı-satira, yumor jurnalı idi. Həmin jurnalın redaktoru və aparıcısı da Şakir Həsənov idi. Mədəniyyət evindəki istedadlı muğam, xalq mahnıları ifaçıları da yerli radio ilə çıxış eləyirdilər. Tamaşaçılar onları da maraqla dinləyirdilər.

Tarix üçün onu da vurğulayım ki, Masallı incəsənətinin tarixində 1940-ci illərdən- 1980-ci illərə kim üç adamın xidməti daha çox və əvəzsiz olub. Onlar- məşhur tarizan Mirzə Salman, rejissor –aktyor Sənən Ağabəyov və aktyor-rejissor Şakir Həsənovdur. Şakir Həsənov həm də Mirzə Salmandan tar dərsləri alaraq, bu aləti də peşəkar səviyyədə ifa edirdi. Mirzə Salman həmin vaxtlar respublikada tanınmış tarizənlər Əvəz Rəhmətovun, Oruc Rəhmətovun, Şaiq Həsənovun da müəllimi olmuşdu.

Şakir Həsənov Masallının sayılıb-seçilən ziyalılarından olan və bu rayonda təhsilin inkişafında məktəb direktoru və sonra İcraiyyə Komitəsi sədrinin katibi kimi əvəzsiz işlər görmüş Rəfi müəllimin ailəsində dünyaya göz açmışdı. Elə uşaq yaşlarından atasının şöhrətini görsə də bu şöhrətin ardında gizlənməyib, özü-özünə yol açmışdı. Öz şöhrətini və uğurunu da özü qazanmışdı.

Artıq ömürümüzün müdrik vaxtını yaşadığımız bu dövrdə, uşaqlıq dostum Şakir Həsənovla qarşı-qarşıya əyləşib, həmin illəri, Masallının əsl intibah dövrünü xatırlayırıq.Və mən ona ayrı-ayrı suallarla müraciət edirəm.

İstedad cəsarətlə birləşəndə

-Siz Masallıya gələndə həm sizdə və həm də sizi uşaqlıq, cavanlıq illərindən tayıyan və sizin həmin illərdəki uğurlarınızı görən adamlarda, yəni bizlərdə bir xoş təəssürat yaranır. Çünki biz yeniyetməkil illərinin dostuyuq. Sizin Masallı həyatınız da bilavasitə mənim gözlərim qarşısında keçib. Uzun illər idi ki, mən sizin Masallı həyatınızı yazıya köçürmək istəyirdim. Amma siz Sumqayıtda və mən də Masallıda yaşadığıma görü bu alınmırdı. Axır ki, Ulu Yaradan bizi yenidən görüşdürdü və biz həmsöhbət olduq. İstəyirəm ki, siz aktyor və musiqi sənətilə bağlı keçən o illəri xatırlayıb, danışasınız. Qoy bu xatirə yazılı ədəbiyyatda qalsın və gələcək nəsillərimiz də bilsin ki, Masallıda incəsənətə xidmət eləyən sizin kimi insanlar olub.

- Sizin sual çox böyük və geniş sualdır. Bu sual bir yazıya sığmasa da çalışaram ki, əsas fikirləri deyim. Bu sualla biz qayıdırıq 1957-ci ilə. Masallı şəhər 1 nömrəli orta məktəbin 3-cü sinifinə. Deyirlər ki, hər bir insan həyata gələndə özü də bilmədən özü ilə gələcəkdə parlamaq və tanınmaq üçün böyük bir istedad gətirir. Mən də dərslərimi yaxşı, əla oxusam da hətta yuxumda da teatr tamaşaları, səhnələr görürdüm. Bilirsiniz ki, atam ədəbiyyat müəllimi olduğuna görə, həm də türk, ərəb, fars, rus dillərini də sərbəst bilirdi. Təkcə Azərbaycan dilində yox, həm də bu dillərdə böyük peşəkarlıqla, çox maraqlı şeirlər deyirdi. Bayram tədbirlərində, yas yerlərində onun dediyi bu şeirlərə, dini məsələlərə hamı çox maraqla qulaq asırdı. Anam Mirxatun yas yerlərində çox yüksək səviyyədə mərsiyyələr, oxşamalar deyirdi. Onun dediyi mərsiyyələri, oxşamaları da qadınlar maraqla dinləyirdi. Böyük qardaşım Şaiq yaxşı tar çalırdı. Bəlkə də uşaq yaşlarımdan həm şeir, həm dini mərsiyyələr, oxşamalar və həm də musiqi eşitdiyimə, bunlar mənim laylam olduğuna görə məndə teatra böyük maraq yaranmışdı. Həmin vaxtı Masallıya gələn Kukla teatrının tamaşalarına mən böyük maraqla baxırdım və sonra evə gəlib, məhəllədə yeşiklərdən səhnə düzəldib, həmin tamaşaları qonşulara göstərirdim. Evimizdəki patefondan isə musiqi verirdim ki, tamaşa daha maraqlı olsun. Bir az böyüyəndən sonra həmin vaxtı DTV kino aparatları vardı. Mən Məsmə xalanın divarını əhəngləyib, DTV aparatı ilə həmin divarda kino göstərirdim. Səssiz olan kinoların danışıqlarını da özüm səsləndirirdim. Yəni izahatla danışırdım. ( Ucadan gülür.) Qonşu qadınlar da bu tədbirlərə gələndə mənim “bu zəhmətimi” yumurta, konfet, pesok, peçenye və başqa şeylərlə qiymətləndirirdilər ki, mən yenə də onlara tamaşa göstərim. Bir dəfə də evdə heç kim yox idi. Qonşularımız olan və mən yaşıdda Vasif-Yusif qardaşlarını çağırdım ki, gəlin evdə kino göstərək. Həmin vaxtı ağ parçanı divara vurdum. Bu vaxt işıq söndü. Dedim ki, gəlin pərdəni spiçka ilə işıqlandıraq. Spiçkanı çəkəndə od düşdü lentə o da yandı. Oradan da od düşdü yorğana və başladı yanmağa. Biz çətinkilə yorğanı söndürdük. Daha qorxudan kino göstərmədik. Axşam evə gələndə gördülər ki, yorğan yanıb. Rəhmətlik atam mənə baxıb, hər şeyi başa düşdü və dedi: “Şakir yəqin kino göstərmək istəyirmiş”. Beləliklə, mən böyüdükcə yalnız aktyor olmaq istəyirdim. Məktəbdə 3-cü sinifdə oxuyanda Bəhram Bəhramovla tanış oldum. O, məndən də güclü teatr həvəskarı və çox istedadlı oğlan idi. Bəhram artıq dünyasını dəyişib. Allah ona rəhmət eləsin. Biz onunla başladıq kiçik səhnəciklər oynamağa. “Nəzərəli və Şəkərəlinin” sərgüzəştləri. “Həsən və Hüseynin” gülməcələri, “Vergülağa Nöqtələrov” və başqa səhnəciklər. Biz, dərslər arası fasilələrdə və ya dərsdən sonra həmin səhnəcikləri göstərirdik. Müəllimlər özləri də gəlib baxırdılar və bizə lazım olan şərait yaradırdılar. Təkcə öz sinifimizin uşaqları yox, başqa sinifin uşaqları da gəlib bizə maraqla tamaşa edirdilər. Biz, uşaqlarda maraq yaratmaq üçün qapıda şagirdləri qoyurduq ki, içəri girənlər dəftər, qələm, pozan versinlər. Bu çıxışlarımız artıq Masallıda səs salmışdı. Bizi rayon Mədəniyyət evinin tədbirlərinə dəvət edirdilər və biz orada da çıxış edirdik. Beləliklə, küçə, məhəllə, məktəb həyatından böyük səhnə həyatına keçdik. Əgər yadınızdadırsa mən 8-ci sinifdə oxuyanda uşaq baxçasında, pionerlər evində və yayda da Tüklə Pioner düşərgəsində tardan uşaqlara dərs deyirdim və 3 iş yerimdən ən azı ayda 150 manat əmək haqqı alıb, böyük ailəmizə köməklik eləyirdim. Çünki həmin vaxtı atam xəstə idi və Şaiq də Bakıda Azərbaycan Dövlət Politenik İnstitutuna qəbul olmuşdu. Orada oxuyurdu. Ona da köməklik lazım idi.

-Bəs necə oldu ki, siz Ağası Məşədibəyovun “Toy kimindir?” musiqili komediyasında məşhur korifeylərlə birlikdə çıxış eləyəsi oldunuz?

-Həmin vaxtı, yəni 1957-ci ildə Musiqili Komediya Teatrının aktyorları Ağası Məşədibəyovun “Toy kimindir?” tamaşası ilə Masallıya qastrola gəldi. O vaxt Masallı rayonun birinci katibi Məmməd Məmmədov idi. O, bu kollektivi yüksək səviyyədə qəbul eləmişdi. Onlar da Məmməd müəllimdən xahiş eləmişdilər ki, bizə 4 nəfər 10-12 yaşlarında istedadlı uşaqlar verin. Onlardan birini seçəcəyik ki, tamaşada balaca Tapdıq rolunu oynasın. Çünki Tapdıq rolunu oynayan balaca aktyor xəstə olduğuna görə gətirə bilməmişik. Həmin 4 nəfərin sırasına mən və Bəhram da düşdük. Biz, 4 uşağı mehmanxanaya gətirdilər. Orada 5-6 nəfər bizi imtahan elədi. Ayrı-ayrı suallar verdilər. Biz, Bəhramla onlara oynadığımız səhnəcikləri göstərdik. Həmin 4 nəfərin içindən məni seçdilər. Mənimlə Tapdığın səhnələrini bir neçə dəfə məşq elədilər. Gördüm ki, hərəkətlərim onların xoşuna gəlir və Ağası Məşədibəyov, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu başda olmaqla hamı ucadan gülürlər. İki gün məşq edəndən sonra tamaşalar başladı. Birinci tamaşada o qərər adam vardı ki, 300 nəfərlik zala bəlkə də 1000 nəfər adam yığılmışdı. Ümumiyyətlə həmin vaxtı Masallıda teatr tamaşalarına, konsertlərə tamaşaçı axını həddindən artıq çox idi. Bir də idmanda futbola, voleybola və güləşə də masallılar böyük maraqla baxırdılar. Həmin istək bu günə kimi Masallı camaatında davam eləyir. Sizin yadınızdadırsa hələ bizdən əvvəl Masallıdakı Xalq teatrında Üzeyr Hacıbəyovun “Məşədi İbad” tamaşasında Sənan Ağabəyovun rejissorluğu ilə, özü də Sərvər rolunu oynamaqla və sonralar məşhur futbolçu olan Böyükağa Ağayev- Məşədi İbad və Oktay Əliyev - Hanbal rolunda oynayanda da həmin tamaşaya və başqa tamaşalara da tamaşaçılar böyük maraqla baxırdılar. Sonralar hamı Böyükğaya Məşdı deyirdi. Bu gün də Məşdi deyirlər. O tamaşalar göstəriləndə mən hələ heç məktəbə getməsəm də, bir təhər adamların arasından sivişib zala girib, o tamaşalara maraqla baxırdım. Hətta o vaxt Oqtay Əliyevin ifasında Hanbalın dediyi sözlər bu gün də yadımdadır:

-Deməyin ki, Hanbalam,

Amma anlayıram məsələni.

Lotular Məşdi İbada,

Yaxşıca qurmuş tələni.

O, Həsən işto takoy,

Məşdiyə meymun da dedi.

Qoçu Əsghər aldadıb,

Məşdinin pullarını da yedi.

Sonralar özüm tetrla məşğul olanda görüm ki, bu sözlər “O olmasın bu olsun” pyesində yoxdur. Bu sözləri sən demə o vaxtı tamaşanın quruluşçu rejissoru Sənan Ağabəyov özündən artırıbmış. Bu sözlər də Hambalın ifasında həmişə tamaşaçılar tərəfindən alqışlarla qarşılanırdı.

- Hə, o tamaşa mənim də yadımdadır.

-Beləliklə, iki gündən sonra Masallıda “Toy kimindir?” tamaşasının ilk tamaşası oldu. Aparıcı başladı tamaşada oynayan aktyorları təqdim etməyə. Qoşun-Lütvəli Abdullayev, Qoşunu arvadı- Nəsibə Zeynalova, Uzun- Bəşir Səfəroğlu, Qoşunun oğlu Tapdıq rolunda Masallı şəhər 1 nömrəli orta məktəbin 3-cü sinif şagirdi Şakir Həsənov. Yadınızdadırsa mənim adım deyiləndə zalda bir gurultu, uğultu qopdu ki, gəl görəsən. Hamı üçün maraqlı idi ki, belə məşhur aktyorlarla, Dövlət mükafatı laureatları ilə birlikdə Masallıdan olan uşaq da çıxış eləyir. Artıq o vaxtlar mən də Masallıda tanınırdım. Çünki mən lap uşaq yaşlarımdan 3-6 yaşlarımda xınayaxtılarda və “Yezidin ölduyu gün” adlı dini mərasimdə mənə bığ-saqqal qoyub, qarın düzəldirdilər və həmin el tamaşalrında oynadırdılar.

Beləliklə, bu tamaşada mən də peşəkar aktyorlarla birlikdə yaxşı çıxış elədim. Hətta özümdən mizanlar da tapırdım. Bu tamaşa ilə biz təxminən bir ay Cənub bölgəsindəki bütün rayonlarda çıxış elədik. Bu tamaşadan sonra Masallıda mənim şöhrətim daha da artdı. Qastrol səfərləri qurtarandan sonra onlar məni Bakıya gətirmək istəyirdilər ki, Musiqi Komediya Teatrındakı başqa tamaşalarda da uşaq rollarını oynayım, kinofilmlərə çəkilim və təhsilimi də Bakıda dövlət hesabına davam etdirim. Rayonun birinci katibi Məmməd Məmmədov razılıq verdi, amma həmin vaxtı bizim Bakıda yaxın qohumumuz olmadığına görə atam, anam razılaşmadılar. Bilirsiniz ki, həmin vaxtı mən həm də tar çalırdım. Ansambılda çıxış eləyirdim. Beləliklə, mən Masallıda qaldım və Mədəniyyət evindəki konsert tamaşalarında Bəhram Bəhramovla səhnəciklərdə oynayırdıq. Sonra da siz bildiyiniz kimi orta məktəbi bitirəndə mədəniyyət sahəsində ali təhsilim olmasa da Masallı rayon Mədəniyyət evinin bədii rəhbəri oldum. Adil Səfərovla birlikdə Miniətür Teatrını yaratdıq. Haqqımızda çoxlu yazılar yazıldı... Adil Səfərovla məni Azərbaycandakı bir neçə Dövlət Teatrları işləməyə dəvət elədi, amma biz getmədik. Masallıda qalıb, bu rayonun mədəniyyətinə xidmət elədik.

Bax burada sizə bir maraqlı faktı da deyim ki, mən sonralar öyrəndim ki, həmin balaca aktyor, sonralar Xalq artisti olan və hamımızın sevimlisi Yaşar Nuriyev imiş. Biz, Əməkdar incəsənət xadimi, yazıçı-rejissor Ağalar İdrisoğlunun sayəsində onunla 2000-ci lldə tanış olanda və Sumqayıtdakı “Palma” restoranında bir qismət çörək kəsəndə, həmin görüşümüz sonradan dostluğa çevriləndə Yaşar müəllim dedi ki, “mən həmin tamaşa ilə Cənub bölgəsinə gedəcəydim, amma xəstə olduğuma görə gedə bilmədim. Qastroldan qayıdanda aktyorlar dedilər ki, sənin oynadığın Tapdıq rolunu Şakir adlı bir oğlan çox yaxşı oynayırdı”. Həmin vaxtı Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu Yaşar Nuriyevlə mənə həsr olunan bir məqalə də yazmışdı. Həmin məqalə qəzetlərdə də çap olundu. Adını da belə qoynuşdu. “Tapdıq, Tapdığı tapdı”. Məqalənin adını da Yaşar Nuriyev təklif eləmişdi.

İki yol ayrıcında qalan Şakir Həsənov

-Siz orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun inşaat mühəndisləri fakültəsinə qəbul olundunuz. Bəs niyə Teatr İnstitutuna qəbul olunmadınız?

-Qardaşım Şaiq orada təhsil alırdı. Həm də həmin vaxtı Politexnik İnstitutu çox məşhur idi. Ora hər adam qəbul oluna bilmirdi. Fikirləşirdim ki, aktyorluğu mən bacarıram. Hətta rejissor kimi tamaşalar da hazırlayıram. Rayon Mədəniyyət evinin Xalq çalğı alətləri ansambılında tar çalıram və həm də Mədədniyyət evinin direktoruyam. Ona görə də evdəkilərin istəyi və təkidilə Politexnik İnstitutuna qəbul olundum. Artıq 3-cü kursda oxuyanda Politexnik İnstitutundan da tələb eləyirdilər ki, gəlib gündüz şöbəsində təhsilimi davam etdirim. Həmin vaxtı məni Masallı rayon Mədəniyyət evinin direktoru təyin elədilər. Bu işin də təşəbbüskarı həmin vaxtı Masallı rayon İcraiyyə Komitəsi sədrinin müavin, Masallıda təhsilin, mədəniyyətin, idmanın, səhiyyənin inkişafında əvəzsiz xidmətləri olan, bütün Masallı cavanlarının dostu, cavanlıq illərindən Masallının ağsaqqallarından biri olan, Prezidentin Fəxri təqaüdçüsü Məmmədhüseyn Həsənovun böyük xidmətləri olub. Mən, indi də hər dəfə Masallıya gedəndə onunla görüşürəm. Vaxtı ilə məni Mədəniyyət evinə direktor qoydurduğuna görə hər dəfə ona təşəkkürümü bildirirəm. Onu da vurğulayım ki, Əməkdar artist Rəsmiyyə Sadıqovanın və sənətşünaslıq doktoru Əvəz Rəhmətovun da incəsənətin musiqi sahəsində təhsil almasında o kişinin böyük köməkliyi olub. Məmmədhüseyn müəllimin köməkliyilə məni o vaxt direktor ona görə təyin elədilər ki, mən Masallıdan getməyim. Çünki mənim tamaşalarda hər çıxışım Masallıda böyük bayram kimi qarşlanırdı. Tamaşaçılar mənim Miniətür Teatrındakı rollarıma böyük həvəslə baxırdılar. Qonşu rayonlardakı çıxışlarımız da tamaşaçılarda böyük maraq yaradırdı. Sizin yadınızdadır ki, Bakıdan, Gəncədən rayonumuza gələn peşəkar aktyorlar da bizim tamaşalara maraqla baxırdıları. Bizim”Gəlməli, görməli, gülməli” miniətür tamaşamız daha məşhur idi. Həmin tamaşada və başqa tamaşalarda mənimlə birlikdə Adil Səfərov ( O, həm də yaxşı saatsaz idi.), Ələfsər Niftiyev, Əlövsət Niftiyev, Şərafət Əzimov, Rəsul Rzayev, Xodaşirin Cəbiyev, Bəhrəm Bəhrəmov, Lumu Nəcəfəova, Seyran Fərəcullayeva, Füzuli Gözəlov, Bayram Hüseynov, Müzəffər Hüseynov, Namiq Quliyev, Əlhüseyn Tahirov, Kərim Həsənov, Mürüvvət Həşimov, Mahir Mürşüdovdan əlavə bu gün respublikada tanınan məşhur insanlar da çalışıblar. Onlardan- uzun illər Masallı rayon İcra Hakiminin müavini işləmiş, bu gün Masallı Ağsaqqallar Şurasının sədri olan Ələşrəf Niftiyev, məşhur və vitioz qarmonçalar Abutalıb Sadıqov, Sənətşünaslıq doktoru, professor, uzun illər Ağdam, Sumqayıt, Bakı Musiqi texnikumlarının direktoru işləmiş Əvəz Rəhmətov, pedaqoji elmlər doktoru, professor, Naxçıvan və Azərbaycan Universitetlərinin rektoru işləmiş Fərahim Sadıqov, filologiya elmləri doktoru, məşhur tənqidçi Vaqif Yusifli, pedaqoji elmlər doktoru, yazıçı-tərcüməçi Zeydulla Ağayev, Əməkdar artistlər Rəsmiyyə Sadıqova, Baloğlan Əşrəfov, Nizami Mirzəyev, Məzahir Cəlilov, Əli Salayev, Əməkdar jurnalist, “Oqonyok” jurnalının Şərq ölkləri üzrə redaktoru Vasif Səmədov, uzun illər Azərbaycanın bir neçə peşəkar Dövlət Teatrının bədii rəhbəri-direktoru işləmiş məşhur yazıçı, rejissor, aktyor, jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu və başqaları da çıxış eləyirdilər. Mən Mədəniyyət evinə rəhbərlik elədiyim vaxt orada Kukla teatrı, Dram dərnəyi, Atabala Səfərovun rəhbərliyi ilə Açıqlar ansambılı, Rafiq Axundovun rəhbərliyilə Gənclik Xalq şalğı alətləri ansambılı, Zurnaçılar ansambılı, İltizam Hüseynovun və Bəhrəm Bəhrəmovun rəhbərliyilə Rəqs kollektivi, Mahmudavar kəndində Ümbülbanu Nəcəfovanın rəhbərliyilə məşhur “Halay” qızlar mahnı və rəqs kollektivi, ümumilikdə 27-dən çox kollektivlər vardı. Biz, Mədəniyyət evinin qarşısına bir aylıq afişa vururduq ki, bir ay müddətində Masallı rayon Mədəniyyət evində hansı tədbirlər, konsetrlər, tamaşalar olacaq. Təkcə Miniətür Teatrının repertuarında 10-dan çox tamaşa vardı. Bunlar- “Gəlməli, görməli, gülməli”, “Milyonçunun dilənçi oğlu”, “Yalan”, “Ər və arvad”. “Yaxşı adam”, “Hacı Kərimin aya səyahəti”, “Qavroş” və başqaları. Hətta elə uşaqlar vardı ki, pis hərəkətlərinə, dələduzluğuna görə milisdə qeydiyatda idilər. Mən onları Mədəniyyət evinə gətirib, onlara rollara verirdim və onları düzgün həyata qaytarırdım. Biz, tez-tez Masallı rayonunun kəndlərinə də qastrola gedirdik. Hətta tərəvəz sahələrdə səhnə yaradıb, əməkçilər qarşısında çıxışlar edirdik. Təsəvvür eləyin ki, həmin vaxtı yekəpər Namiq Quliyevlə, balaca liliput Mahir Mürşüdovu səhnəyə buraxırdım. Onlar duet səhnəsik oynayırdılar. Sahələrdə işləyən qadınlar qəşş eləyib gülürdülər. Mədəniyyət evi mənim rəhbərliyimlə həmin vaxtı bu tədbirlərdən və tamaşalardan yaxşı pul qazanırdı. Həmin pulla hər ay 50 nəfərdən çox adama əmək haqqı verirdik. Məndə həmin vaxtı elə bir istək vardı ki, gecə Bakı-Astara qatarına minib Bakıya gəlirdim və gedib teatrların tamaşalarına baxırdım. Həmin tamaşaları maqnitofona yazırdım. Mizanları yadımda saxlayırdım. Axşam daqatara minib, Masallıya qayıdırdım. Həvəskar aktyorlarla həmin tamaşaları məşq eləyirdik. Əlbəttə, öz əlavələrimizlə də tamaşaçılara göstərirdik. Biz, çalışırdıq Bakı teatrlarının aktyorlarını yamsılamayaq. Çalışıb, öz bacarığımızı ortya qoyurduq. Təvazökarlıqdan uzaq olsa da deyim ki, heç kimdə belə həvəs olmazdı ki, gecə Bakıya gedib, səhər tamaşalara baxıb və axşam da yenə qatarla rayona qayıtsın. Bunu yalnız mən, teatr sənətinə vurğun olduğuma görə edirdim. Həm də rayonun üzdə olan bir qrup rəhbər vəzifəli şəxsləri də mədəniyyətə kömək etməklə məni bu işə çox həvəsləndirirdilər. İstəyirəm həmin adamların adını çəkim. Bunlar- Masallı rayon İcraiyyət Komitəsinin sədri İsrafil İsmayılov, Masallı rayon İcraiyyə Komiyəsi sədrinin müavini Məmmədhüseyn Həsənov, Masallı şəhər Sovetinin sədri İsmayıl Abuşov, Boradigah sovxozunun direktoru Cavanşir Əsədov, Qızılağac sovxozunun direktoru İbrahim Səlimov, Kalinovka sovxozunun direktoru Sergey Brızqalin, Masallı rayon partiya komitəsinin III katibi Nəcəf Nəcəfov, Masallı rayon Komsomol komitəsinin katibləri Yasər Əliyev, Əli Əlişov, Masallı rayon İstehsalat Birliyinin rəisi İmran Əbilov, Masallı rayon Milis şöbəsinin rəisi Şirvan Əbilov və onlarca başqaları. Onlardan bəziləri artıq dünyasını dəyişiblər. Allah onlara rəhmət eləsin.

-Hə, yadımdadır. Onlar rayonun ən üzdə olan ziyalıları idilər. Siz onu da düz deyirsiniz ki, tanınmış aktyorların oyunu təkrarlamırdınız. Hətta yadımdadır ki, “Milyonçunun dilənçi oğlu” tamaşasında Bəşir Səfəroğlunun oynadığı rolu siz tamam başqa cür oynayırdınız.

-Elədi. Mən hətta o rola tamam baş cür yeriş və ştrixlər tapmışdım. Səhənədə at kimi yeriyirdim. Göstərirdim ki, polis rəisi belə yeriyə bilər. Ümumiyyətlə mən oynadığım rollarda heç kimi yamsılamırdım. Çalışırdım ki, hər rolda özüm olum.

Mənim Lütfəli Abdullayevə, Bəşir Səfəroğluna, İsmayıl Dağıstanlıya, Əli Zeynalova, Hacıbaba Bağırova, Siyavuş Aslana sənətlərinə görə çox böyük hörmətim, istəyim vardı. Onlar Masallıya gələndə, həmişə Mədəniyyət evinin direktoru kimi mənim qonağım olurdular. Mən onlarla birlikdə Masallının kəndlərinə gedirdim. Əlbəttə, öz truppamızın üzvlərilə birlikdə. Onlarla birlikdə çıxış edirdik. Mən Bakıya tamaşalara baxmağa gələndə də onlar mənə şərait yaradırdılar ki, həmin tamaşalara baxıb, lentə köçürüm. Həmin vaxtı kino-teatr olmadığına görə kinifilmlər də Mədəniyyət evində göstərilirdi. Biz, çox vaxt kinofilmlər qurtarada axşam saat 12-dən sonra məşqlər eləyirdik. Gecə saat 3-4-ə kimi. Hətta elə olurdu ki, məşqlərimiz səhərə qədər davam edirdi.

Teatra “əlvida” deyən Şakir

- Amma beş illik Masallı uğurundan sonra Şakir Həsənov 1971-ci ildə teatr aləminə “əlvida” dedi. Bu, niyə belə oldu?

- Bəli. Yuxarıda dediyum kimi, mən Politexnik institutunda təhsil aldığıma görə, ali məktəbdən məcbur elədilər ki, hökmən öz sahəmdə işləməliyəm. Əgər belə olmasa məni ali məktəbdən çıxaracaqlar. Beləliklə, mən Sumqayıta gəldim və inşaat sahəsində öz işlərimi davam etdirdim. Elə 1971-ci ildən də Sumqayıta gələn həmin məşhur aktyorlar məni burada görəndə çox təəsüflənirdilər ki, mən niyə bu sahədən ayrıldım. Onlar mənə “karvandan ayrı düşmüş dəvə kimi baxırdılar”. İlk əvvəl betonçu kimi işə başladım. Az bir vaxtda da Sumqayıt Tikinti Trestinə, şəhər İcraiyyə Komitəsinə, Sumqayıt şəhər partiya komitəsinə rəhbəlik eləmiş, rəhmətlik Zülfü Hacıyevin himayədarlığı ilə inşaat sahəsində inkişaf elədim. Niji Novqorodda ali rəhbər kadrlar üçün ikinci ali təhsil aldım. İş icraçısı, sahə rəisi, baş mühəndis işlədim. Sonra da Sumqayıt İstilik İzolyasiya idarəsinin rəisi oldum. Az bir vaxtda da mənim təşəbbüsümlə bu təşkilat “Az.Termoizol” Açıq Səhmdar Cəmiyyəti oldu. Artıq bu təşkilat dünyada tanınır. Çoxlu xarici ölkələrin mükafatını alıb. Biz xarici təşkilatlarla təkcə Azərbaycanda yox, dünyanın bir neçə ölkəsində birlikdə işləyirik. Mən SSRİ-nin Əlaçı mühəndisi olmuşam. Azərbaycan prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı almışam. Tikinti üzrə Beynəlxalq “Sokrat” mükafatına layiq görülmüşəm. Azərbaycanda dövlət səviyyəsində yüzlərlə böyük müəssisələrin tikilişində həm icraçı və həm də iştirakçı olmuşam. Bayaq dediyim sözləri bir də təkrara eləmək istəyirəm. Düz 50 ildir ki, inşaat, tikinti, quraşdırma sahəsində işləsəm də 5 illik incəsənətdə, mədəniyyətdə çalışdığım illər mənə daha əziz və doğmadır. Yəni 73 ilə bərabər ömrümün həmin beş ili mənə daha əziz və ülvidir. Ömrümün bu müdrik vaxtında həmin illəri daha tez-tez xatırlayıram. Mənə elə gəlir ki, o illərdə böyük okeanlar, dağlar, dərələr yatır...

-Masallıya gələndə o köhnə xatirlər yada düşürmü?

-Əlbəttə, düşür. Mən Masallıya gələndə Mədəniyyət evinin qarşısında dayanıram. Necə ki, bayaq siz məni orada gördünüz. Həmin dəqiqələrdə o illər bir kino lenti kimi gəlib gözlərimin qarşısından keçir. Və daxilən öz-özümə deyirəm: “O illəri mən heç vaxt yaddan çıxara bilmərəm”. Çünki mən Bakıya gedədə təkcə tamaşaları lentə köçürmürdüm, həm də teatrlardan tamaşalarda oynanılmayan köhnə paltarları gətiridim. Biz özümüz onları bərpa edirdik və tamaşalarda geyirdik. Həmin real illər indi yaddaşımda bir maraqlı, nisgilli nağıl kimi qalıb. O illər üçün indi də burnumun ucu göynəyir. 50 il çalışdığım indiki işimdən Londondan, Parisdən, İtaliyadan, Portuqaliyadan və onlarca başqa xarici ölkələrdən, MDB ölkələrindən Azərbaycana Qızıl medallar gətirmişik. Aldığım medalların, inşa etdiyim obyektlərin sayı-hesabı yoxdur. Amma 5 ildə Masallıda yaratdığım beş-on tamaşa mənim üçün 50 ildə qazandıqlarımdan daha əziz və qiymətlidir. Yəqin ömrümün sonuna qədər belə də qalacaq...

P.S. Biz, Şakir Həsənovdan belə qəmli, xatirəli, nisgilli notlarla ayrılırıq. Onun gözlərinə baxdıqda, həmin gözlərdə balaca Tapdıq və tamaşalarda oynadığı başqa rolları görürəm. Hiss eləyirəm ki, o da həmin əziz, ülvi illəri beynində, ürəyində yaşayır, yaşadır...

Yol boyu evə gəldikcə mən, yenə də onun Masallıda çalığdığı illəri xatırlayıram və onun dediyi sözlərinə də haqq qazandırıram. Doğrudan da həmin vaxtı Masallı mədəniyyəti Şakir Həsənovun rəhbərliyilə çox böyük və bu rayonun tarixində qalan, insanların yaddaşına əbədi hopan işlər görüblər. Ona görə də qətiyyətlə deyə bilərəm ki, onlar həmin vaxtı Masallı mədəniyyətində intibah yaradıblar. Bir də onu demək istəyirəm ki, Şakir Həsənovla hər dəfə görüşəndə, neyçünsə həmişə yadıma böyük türk satiriki Əziz Nesin, onun məşhur “İndiki uşaqlar möcüzədir” romanı və həmin romanın uşaq qəhrəmanları düşür...

Cəmil NEMƏTOV,

Veteran jurnalist

Bütün xəbərlər Facebook səhifəmizdə