Günəş özü nəhəng odlu yanar kürə,

Hərəkətdə Qalaktika ətrafında.
Yer də onun çevrəsində vurar dövrə,
Zaman çarxı fırlanmaqda, bax, bu fonda...

Odlu kürə hərəkətdə... sürət azman,
Bu ahənglə Çərxi-Fələk qoyar nırxı.
Yerimizi beşiyinə sıxar zaman,
İşə salır o, geriyədönməz çarxı.

Nə qədər ki, zaman çarxı səs-küy salır,
İnsan nəsli təbiətdə qalacaqdır.
Sürət sabit - nə azalır, nə çoxalır,
Sıfır həddi Qiyamətdə olacaqdır.

Çərxin sarxı fırlanarsa, yavaşımaz,
Dayanmaqdan danışmağa lüzum yoxdur.
Haqsızlığı haqlı bilməz, haqq daşımaz,
Bu əsrarlı məchulluğa yozum yoxdur.

Çərxin zaman tələsinə düşən canlı,
Doğumundan ölümünə doğru gedir.
Bu vadidən keçən varlıq həyəcanlı,
Yoldan kənar sapanlardan ağrı gedir.

"Xoşbəxtlik bu tələdədir" deyir çoxluq,
Anır sirli bir xəyalla keçmişini.
Sükunətlər aləmini sanır yoxluq,
Faniliyə yozur tale-bəxt işini.

Kim gərdişə boyun əyir, pusqudadı,
Ələnəcək azman zaman xəlbirində.
Boyun əymək istəməyən bir Xudadı,
O da vacib aliməqam tədbirində.

Bu məcraya düşən durmur, keçib gedir,
Birtərəfli axın seldən güclü olur.
Boz-bulanıq sel suyundan içib gedir,
Zaman coşqun... fərdlər üçün çevrə dolur.

Vurhavurda gələn gəlir, gedən gedir,
Birtərəfli hərəkətə yox qayıdış.
Bu həyatda hər cücərti... bitən gedir,
Bu məhvərə tab gətirməz çox qayıdış.

Sürüklənir fəlakətə məqamında,
Hər yaranan məhvə məhkum biri kimi.
Zaman onu çalxalayır öz camında,
Bu dünyanın bir Əhrimən şəri kimi.

Bəşər... canlı fırlandıqca haylanmaqda,
Gedənlər də tək-tük getmir, cəmdə gedir.
Hər bir gələn əks-tərəfdən boylanmaqda,
Nə sirdisə, gedənlər bir səmtə gedir.

Gözümüzü dikərək boş məchulluğa,
Biz yaşamış-işləmişik... finişdəyik.
Bəlkə ünvan yönəlib xoş məchulluğa,
Bəlkə də yox, fırlanğıcda-gərdişdəyik.

Bəlkə o yer asudəlik məkanıdı,
Qayıtmayıb gedənlərdən birisi də.
Bəlkə elə əlçatmazlıq imkanıdı,
Bəlkə elə zülmət boşluq... gerisi də.

04.07.2019
VALEH MƏHƏRRƏMLİ

Bütün xəbərlər Facebook səhifəmizdə