Qartal vüqarlı xeyirxah kişi (Elegiya)

Təvəkgül Məmmədov: “Sumqayıt təkcə keçmişin, bu günün yox, həm də gələcəyin şəhəridir”

Həyatda elə insanlar olur ki, özlərindən sonra xeyirxah əməlləri, gördüyü böyük işlərlə, yaratdığı tarixi hadisələrlə təkrarolunmaz izlər qoyub gedirlər. Bu insanlar elə öz sağlıqlarında da tarixə çevrilir və hamı tərəfindən hörmətlə qarşılanırlar. Hətta onlar tutduqları vəzifələrdən uzaqlaşsalar da, vəzifədə olduqları hörməti qoruyub saxlayır və sevilirlər. Mən onlarca belə insanlar tanıyıram. Hansılar ki, yüksək rütbəli vəzifələrdə işləyiblər, sonralar kiçik vəzifələrə dəyişdirilsələr də və hətta təqaüdə çıxsalar belə özlərinin əvvəlki şöhrətlərini, nüfuzlarını, insanların onlara olan inamını, məhəbbətini, hörmətini qoruyub saxlayıblar. Bu insanlardan biri də, artıq ömünün 79 yaşında dünyasını dəyişən Təvəkgül Yaqub oğlu Məmmədov idi. O, uca boylu, enlikürək, qartal baxışlı, sifətində həmişə təbəssüm olan, qaltanlı səsilə ləngərlə danışan, danışdığı hər bir sözə fikir verən əsl xeyirxah ağsaqqal idi. Onun bu sifət cizgiləri, xasiyyətində olan mərdlik, mərhəmət, sözü üzə deməsi, heç kimdən qorxmaması mənə həmişə qədim Oğuz igidlərinin hərəkətini xatırladırdı.

...Sumqayıt şəhərindəki Nəriman Nərimanov adına Mədəniyyət Evinin səhnəsində onun cənazəsi qoyulan və ətrafını gül-çiçəklər bəzəyən, tamaşaçı zalındakı oturacaqlar insanlarla dolu olduğundan və yüzdən çox insan isə ayaq üstə dayanıb, onunla son vida anını yaşadığı bir vaxtda, hətta zalda yer olmadığından 1000-dən çox adam Mədəniyyət Evinin həyətində dayanıb Təvəkgül müəllimə son borclarını verməyə, onunla son dəfə vidalaşmağa gəlmişdilər. Hələ Sumqayıtdakı insanların çoxu bilmirdi ki, Təvəkgül müəllim dünyasını dəyişib. Əgər bilsəydilər, inanıram ki, ora toplaşan insanların sayı minlərlə olardı.

... Mən də arxa cərgədə dayanmışdım. Təvəkgül müəllimlə yaxından tanış olduğum 37 illik bir tarix gəlib gözlərim qarşısından keçirdi. Belə ki, 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrında aktyor işlədiyim vaxtı, qanuni mənə düşən iki otaqlı mənzili teatrın direktoru mənimlə arasında olan konfliktə görə, başqa aktyora vermişdi. Mən də bundan qeyzlənərək, həmin vaxtı Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədri Təvəkgül Məmmədova şikayət etmişdim. Təvəkgül müəllim də əsl həqiqəti biləndən sonra əmr vermişdi ki, sənədləri dəyişsinlər və özünün əmrilə həmin iki otaqlı mənzili mənə vermişdi. Haqq öz yerini tapmışdı. Həmin vaxtdan mənim bu insana, bu ağsaqqala hörmətim, sevgim, istəyim daha çox artmışdı. İllər keçəndən sonra biz onunla dostlaşmışdıq. Bu dostluq da ömrürün sonuna kimi davam elədi. İndi zalda dayandığm vaxt, oradkı bəzi insanların sifətindəki kədəri və bəzi insanların göz yaşını gördükcə başa düşürdüm ki, Təvəkgül Yaqub oğlu Məmmədov deməli, hamıya doğma, əziz olub. Bəli. Bu xeyirxah insanı Sumqayıt şəhərində hamı sevir və ona böyük hörmət edirdi. O, bu hörməti, özünə istəyi illərlə şəhər üçün çəkdiyi təmənnasız zəhməti, insanlara diqqəti, qayğısı sayəsində qazanmışdı.

Həyatın bütün keşməkeşlərini, ağrı-acılarını görən Təvəkgül Yaquboğlu 1940-ci ilin dekabr ayının 30-da Naxçıvan rayonunun ( indiki Babək rayonu) Yarımca kəndində dünyaya gəlmişdi. Elə uşaq yaşlarından keşməkeşli, əzablı həyat yolu keçən yeniyetmə Təvəkgül, 1956-cı ildə orta məktəbi əla qiymətlərlə bitirmişdi. Amma ailə vəziyyətləri ağır olduğuna görə həmin il ali məktəbə sənədlərini verməyib, ailələrinə kömək etmək məqsədilə Naxçıvanda qalıb işləmişdi. Bir il sonra isə ordu sıralarına çağrılmışdı. 3 il ordu sıralarında qulluq etdikdən sonra Vətənə dönən Təvəkgül, sənədlərini arzusunda olduğu Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun ( indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) texnologiya fakültəsinə vermişdi. İmtahanlardan əla qiymətlər alıb və gündüz şöbəsinə qəbul olmuşdu. Amma ailə vəziyyətləri ağır olduğuna görə təhsilini axşam şöbəsində davam etdirməli olmuşdu. Gündüz isə Bakı Neftayırma zavodunda operator, sonra Gəmi Təmiri zavodunda rəngsaz və digər sahələrdə çalışmışdı. Atası Yaqub kişi dünyasını tez dəyişdiyinə və Təvəkgül müəllim, evin böyük övladı olduğu üçün ailənin bütün çətinliklərini öz üzərinə götürmüşdü. Belə ki, aldığı əməkhaqqı ilə qardaş və bacılarının gündəlik təlabatını ödəyib və həm də heç bir qohumu, arxası, dayağı olmadan Bakı kimi şəhərdə özünü dolandırmışdı. Ali məktəbdə dərslərini yaxşı oxuyan və institut rəhbərliyinin böyük hörmətini qazanan Təvəkgül Məmmədovu axırıncı kursda oxuyanda, yəni 1966-cı ildə Sumqayıt Texnologiya Texnikumuna müəllim işləməyə göndərmişdilər. O vaxtlar sintetik-kauçuk texnologiyası ilə bağlı Azərbaycan dilində dərslik olmadığına görə gənc Təvəkgül müəllim, rus dilində yazılan kitabları tərcümə edərək, tələbələrə mühazirələr oxuyurdu. Yüksək qaltanlı səsinin olması, hər bir fikri aydın tələffüz və ifadə etməsi, keçdiyi dərsi böyük həvəslə tədris etməsi tələbələr tərəfindən çox maraqla qarşılanırdı. Amma müəllimlik sahəsində özündə böyük perspektivlər görməyən gənc Təvəkgül istehsalatda işləməyi daha üstün tutdu. Çünki o vaxtlar istehsalat sahəsində çalışan cavan mütəxəssislərə maraq daha böyük idi. Bu sahədə təbliğat da çox güclü gedirdi. Qəzetlərdə, radioda belə cavanlar çox təbliğ olunurdu.

Beləliklə, Təvəkgül Məmmədov da Texnologiya texnikumunda bir il işlədikdən sonra 1967-ci ildən taleyini Sumqayıtda tikintisi yenicə başa çatan Polimer Tikinti Materialları Kombinatı ilə bağladı...

O, 53 il idi ki, bu şəhərdə yaşayır və işləyirdi. Sumqayıt minlərlə insanlar kimi, Təvəkgül müəllimin də tale şəhəri idi və həm də bütün uğurlarını, dostlarını bu şəhərdə qazanmışdı. Bu şəhərdə ailə həyatı qurmuşdu. Üç övladı da bu şəhərdə dünyaya gəliblər. Təvəkgül müəllim özü də adi işçidən pilə-pillə yüksələrək, ömrünün çox böyük hissəsini yüksək vəzifələrdə işləmişdi. İlk rəhbərlik vəzifəsinə də elə Polimer Tikinti Materialları Kombinatında yüksəlmişdi. Burada şöbə rəisi, baş mühəndis və direktor işləmişdi. O, direktor işlədiyi vaxt bu Kobinatın uğurları çox artmışdı. Yüksək keyfiyyətlə istehsal etdikləri məhsullara maraq çox böyük idi. Belə böyük uğurlarına görə Azərbaycandan ilk dəfə yalnız bu Kombinatın adı SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin şərəf lövhəsinə yazılmışdı. Bakıda, Hökumət evinin qarşısındakı Şərəf lövhəsində də bu Kombinatın adı düz 15 il ən yüksək zirvədə olub. 10 il Təvəkgül Məmmədovun bu müəssisəyə rəhbərlik etdiyi vaxtda və 5 il də ondan sonrakı dövrdə birinciliyi qoruyub saxlamışdı bu Kombinat. Məhz o, bu Kombinatın adını, uğurlarını respublikada və keçmiş Sovetlər İttifaqında tanıtmışdı. Bu müəssisə Cənubi Qafqazda yeganə Polimer Tikinti Materialları Kombinatı idi ki, bütövlükdə Qafqazı linoleum və başqa inşaat materialları ilə təmin edirdi. Hətta Bakı Məişət Kondinsioneriləri zavodunun istehsal etdiyi kondinsionerləri qablaşdırma formatlarını da Sumqayıt Polimer Materialları Kombinatı hazırlayırdı. Bu işi yüksək səviyyədə gördüklərinə görə, Məişət Kondinsionerləri zavodunun rəhbərliyi ona Bakıda 4 otaqlı mənzil də vermişdi. Hətta Təvəkgül müəllim həyat yoldaşı Maral xanımla gedib həmin evə də baxmışdılar. Amma Təvəkgül Məmmədov Sumqayıta çox bağlı olduğuna görə bu təklifi qəbul etməyib və Bakıya köçməyib. Kombinatdakı işlərinin uğurlarını, bacarıqlı və təşkilatçı insan olduğunu görüb, respublika rəhbərliyi onu 1981-ci ildə Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə seçmişdilər. Bir il sonra isə o, İcraiyyə Komitəsinin sədri seçilib. 9 il bu vəzifədə çalışan Təvəkgül Yaquboğlu şəhərin inkişafı, insanların firavan yaşaması üçün əlindən gələni edib. Bu müddətdə Sumqayıt daha da gözəlləşib. Çoxlu yaşayış binaları tikilib. Məktəblər, xəstəxanalar, mədəniyyət, idman müəssisələri açılıb. Zavodlar tikilib və yeni sexlər yaradılıb. Həmin illərdə şəhərdə biri-birindən maraqlı bayram tədbirləri keçirilirdi. Bu teatrlaşdırılmış bayram tədbirlərinin ssenari müəllifi və quruluşçu recissoru kimi mən, həmişə Təvəkgül müəllmin qayğısını, diqqətini görmüşəm. Yuxarıda yazdığım kimi hətta 1982-ci ildə mənə veriləcək mənzilin qanunsuz başqasına verildiyini bilən Təvəkgül Məmmədov əmr verərək o mənzili məhz mənə verdirməklə, mənim kimi cavan mütəxəssislər üçün öz yaxşılıqlarının, xeyirxahlığının pik nöqtəsini bir daha təsdiq etdi. Cavan mütəxəssislər həmişə onun qayğılarından yararlanırdılar.

1970-80-ci illərdər doğrudan da Sumqayıt nəhəng addımlarla irəliləyirdi. Burada yaşayan insanların güzəranı çox yaxşı idi. Şəhərin bu uğurlarını gözü götürməyən bədnam qonşularımız olan ermənilər, o vaxtkı SSRİ rəhbərlərinin əlləri ilə, başda Mixaıl Qorbaçov olmaqla 1988-cu ilin fevral ayının 28 və 29-da məlum hadisələri törətdilər. Həmin vaxtlar Təvəkgül Məmmədov Sumqayıt İcraiyyə Komitəsinin sədri vəzifəsində işləyirdi. Öz günahlarını şəhərin rəhbərliyi üstünə atan o vaxtkı Azərbaycan və Sovetlər Birliyinin başçıları İcraiyyə Komitəsinin sədri Təvəkgül Məmmədovu və şəhərin birinci katibi Cahangir Müslümzadəni vəzifədən çıxartdılar. Təvəkgül müəllim, yaxşı mütəxəssis, təşkilatçı rəhbər olduğuna görə məcbur olub onu başqa işlə təmin etdilər. O, öz işini Sumqayıt Evtikmə Kombinatının baş direktoru kimi, davam etdirdi. Artıq bu sahədə də sumqayıtlılar üçün əlindən gələni etdi.

Artıq həmin vaxtlar, yəni 1989-cu ilin yanvar ayından mən də Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Darm Teatrının rəhbərliyindən, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının bədii rəhbəri və direktoru vəzifələrinə dəyişdirildiyim üçün onunla tez-tez təmasda olurduq. O, bu Kombinatda da çox böyük təşkilatçılıqla işləyir və şəhərdə böyük xaosa, hərc-mərcliyə baxmayaraq, onlar qısa vaxtda yaraşıqlı evlər tikirdilər. O vaxtlar rayonlarda kolxoz və sovxozlar yaxşı işləmədiyinə, kənd təsərrüfatı məhsullarında, maldarlıqda, quşçuluqda böyük problemlər olduğuna görə Sumqayıtdakı böyük zavodlar özlərinin kənd təsərrüfatı və maldarlıq üzrə sahələrini yaradırdılar. Təvəkgül müəllimin rəhbərliyi ilə Evtikmə Kombinatının nəzdində yaradılan kənd təsərrüfatı, maldarlıq, quşçuluq sahələrində də çoxlu uğurlu işlər görülürdü. Evtikmə Kombinatı təkcə öz işçilərinə yox, şəhər əhalisinə də ət, süd, kənd təsərrüfatı məhsullarını çox ucuz qiymətə satırdılar. Vəziyyəti çətin olan müəssisələrə və şəxsi insanlara isə onlar sponsorluq edirdilər. Sumqayıt Dövlət Musiqili-Dram Teatrını da Evtikmə Kombinatı həmin vaxtlar himayə edirdi. Teatr işçilərinə də Evtikmə Kombinatı tərəfindən pulsuz və ya ucuz qiymətə ət, süd, yumurta, kənd təsərrüfatı məhsulları verilirdi.

1992-ci ildə “Azərikimya” Dövlət Şirkəti yaradılanda Təvəkgül Məmmədovu bu şirkətin vitse- prezidenti təyitn etdilər. O, yeni yaradılan şirkətdə də bütün bacarığını, savadını, təşkilatçılığını sərf etdi ki, Azərbaycandakı kimya müəssisələri dayanmasın və inkişaf etsin. Keçmiş Sovetlər İttifaqındakı respublikalar arasında qırılan əlaqələrin bərpa olunmasında, Azərbaycandakı kimya müəssisələrinə həmin yerlərdən xammalın gətirilməsində, zavodların işləməsində, işçilərin əmək haqqının vaxtlı-vaxtında verilməsində, müəssisələrin Sumqayıt əhalisinə də lazım olan kimi köməklik etməsində öz əmyini əsirgəmədi Təvəkgül Yaqub oğlu Məmmədov.

Sumqayıtdakı zavodların bəzi qara qüvvələr, qara gurruhçular tərəfindən düşməncəsinə sökülərək, əsas detallarının İrana, Türkiyəyə çox ucuz qiymətə satılmasının qarşısını da var qüvvəsilə aldı Təvəkgül Yaquboğlu. Burada işlədiyi dövürdə onun təşkilatçılığının yeni-yeni çalarları üzə çıxdı. Artıq “Azərikimya” Dövlət Şirkətinin vitse- prezidenti vəzifəsi onun təşkilatçılığını elə bil ki, məhdudlaşdırırdı. Çünki onun potensial gücü, təşkilatçılığı daha böyük idi. Buna görə də Prezident Heydər Əliyev Təvəkgül Məmmədovun 2000-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsi barədə sərəncamı imzaladı. Bu vəzifədə işlədiyi üç il müddətində o, artıq şəhərin birinci rəhbəri kimi Sumqayıtın inkişafı üçün əlindən gələni etdi. Yeni iş yerlərinin açılmasında, müəssisələrin stabil işləməsində, sosial obyektlərin tikilməsində, əhaliyə torpaq sahələri verilməsində, sahibkarlığın inkişaf etdirilməsində çox işlər gördü. Şəhər artıq özünün 1980-ci illərdəki böyük uğurlarına qayıdırdı. Şəhər daxilində çoxlu quruculuq işləri gedirdi. Artıq zavod və fabriklərin də çoxu işə düşmüşdü. İşsizlik də getdikcə azalırdı… Amma şəhərdə işlərin belə yaxşı, uğurlu getdiyini gözü götürməyən bəzi bədxahlar da tapıldı… Onlar Təvəkgül Məmmədovu gözdən salmaq, öz səlahiyyətlərindən sui istifadə etməkdə günahlandıraraq, özlərinin çirkin əməllərilə yuxarılara danoslar, yalan məlumatlar göndərirdilər... Özü də bu çirkin işi görənlərə Təvəkgül müəllimin həmişə köməyi dəymiş, yaxşılığı keçmişdi. Onların respublikada tanınmasına çox çalışmışdı...

...2003-cü ilin may ayından Təvəkgül müəllimi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı vəzifəsindən çıxarıb, Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat İstismar Birliyinə baş direktor təyin etdilər. 12 il Təvəkgül Yaqubolğu çox cavabdeh sahə olan bu Birliyə uğurla, böyük təşkilatçılıqla rəhbərlik etdi. Biz də bu illərdə onların çətin, ağır əməyini, uğurlarını Respublika səviyyəsində mətbuatda tez-tez işıqlandırdıq. Uğurlu işlərini lazım olan səviyyədə layiqincə təbliğ etdik. Bütün bu uğurlarına görə Təvəkgül Məmmədov ölkə başçısı tərəfindən “Şöhrət” ordeninə layiq görüldü.

Öz işlərini çox yüksək səviyyədə quran, Sumqayıtın inkişafına bacardığı kimi köməklik edən Təvəkgül Məmmədovu yaş senzilə əlaqədar olaraq, 2015-ci ilin noyabr ayında öz ərizəsilə işdən azad etdilər. Elə həmin ildən o, heç yerdə işləməsə də, fəxri fəqaüddə olsa da, bütün sumqayıtlıların xeyirində, şərində yaxından iştirak eləyirdi. Biz çox vaxt görmüşük ki, yüksək rütbəli adamlar vəzifədən çıxandan sonra onlara hörmət eləyənlərin sayı qat-qat azalır. Amma Təvəkgül müəllim işdən çıxandan sonra elə bil sumqayıtlılar arasında onun hörməti vəzifədə olduğu vaxtdan daha çox idi. Çünki Təvəkgül müəllim xeyir-şər evlərinə girəndə yaşından asılı olmayaraq hamı hörmət əlaməti olaraq, ayağa durur və ona böyük etiramla salam verirdilər. Məclisin başında əyləşməsini xahiş eləyirdilər. Zaldan çıxanda isə orada əyləşən adamların çoxu ayağa durub, onu yola salırdı. Təvəkgül müəllim də hamı ilə mehriban görüşüb, xudafisləşir və maşınına minib gedirdi.

Təvəkgül Məmmədov Sumqayıtda işlədiyi üzün illər onun əməyi dəfələrlə yüksək qiymətləndirilib. Sovetlərin vaxtında dəfələrlə orden, medallarla təlfif olunub. O, 2009-cu ildə Sumqayıt şəhərinin 60 illik yubileyində onun da əməyinə dövlət başçısı tərəfindən verilən yüksək qiyməti isə həmişə fərəflə deyirdi. Belə ki, həmin vaxtı Təvəkgül Yaqub oğlu Məmmədov prezident İlham Əliyevin sərəncamı ilə ölkənin ən ali mükafatlarından birinə, “Şöhrət” ordeninə layiq görülmüşdü. Həyatını şam kimi bu şəhər üçün yandıran Təvəkgül Yaquboğlunun əməyinə verilən bu qiymət həmin vaxtı bütün sumqayıtlıların ürəyincə olmuşdu. Ölkənin belə böyük ali mükafatını alması münasibəti ilə çoxlu təbrik zəngləri, teleqramlar və məktublar gəlmişdi həmin vaxtı Təvəkgül müəllimə. Həmin məktubların, teleqarmların da demək olar ki, çoxunu mən oxumuşdum. Çünki 2003-cü ildən başlayaraq mən Təvəkgül Məmmədovla bağlı 10-dan çox məqalə, portret yazısı, müsahibələr yazmışdım. Bütün bu yazılarla bağlı onunla tez-tez təmasda olmuşdum. Bu insanın böyüklüyü onda idi ki, ona pislik edən, haqqında qərəzli fikirlər danışan, onu var qüvvələrilə çirkaba batırmağa çalışan, həmin fikirləri hətta mətbuata çıxaran qəlbiqara, paxıl adamlar haqqında Təvəkgül müəllim heç bir pis söz deməmişdi. Bu, əsl kişi, əsl ağsaqqal hərəkətinə görə Təvəkgül Yaquboğlu mənim gözümdə çox böyümüşdü. Ucalmışdı. Ona dövlət rəhbəri tərəfindən “Şöhrət” ordeninin verilməsi isə həmin adamlara elə bil ki, zərblə dəyən bir şillə oldu. Təvəkgül Məmmədova çirkab atam həmin adamlar isə uzun illər Sumqayıtda heç bir xeyir-şər məclisinə də gedə bilmirdilər. Çünki sumqayıtlılar onlara nifrətlə baxırdılar. İndinin özündə də həmin adamların Sumqayıtda heç bir hörməti yoxdur...

Təvəkgül Məmmədovun 45 ildən artıq rəhbər vəzifələrdə işlədiyi vaxtlarda yalnız bir amalı, bir istəyi olub. Həmişə söz düşəndə də o, amalını və istəyini bu sözlərlə ifadə edirdi: “ Hər bir insan öz gücü və imkanı çərçivəsində doğma şəhərinə, elinə, obasına, qohum-qardaşına, ailəsinə köməklik edir. Bu köməklikləri etməklə də o, mütləq öz xalqına köməklik etmiş olur. Yəni hər bir insan xalqın nümayəndəsidir. Amma rəhbər işçinin isə cavabdehliyi daha böyükdür. Rəhbər işçi ilk növbədə fikirləşməlidir ki, mən xalqıma köməklik edirəm. Deməli, həmin rəhbər təkcə ailəsinə, qohum-qardaşına, dost-tanışına yox, ən əsası xalqına köməklik etməlidir. Əgər rəhbər işçi xalqına köməklik etmirsə, onun rəhbərliyi də müvəqqətidi. Mən də bütün bunları rəhbərlik etdiyim 45 ildən çox müddətdə özümün ali məqsədim, amalım bilmişəm. Heç bir işçini, heç bir insanı öz ailə üzvlərimdən ayırmamışam. Əslində onlara ailə üzvlərimdən daha çox köməklik etmişəm. Qayğı göstərmişəm.

İndi də həmin amala xidmət edirəm. Mənim xəmirim belə yoğrulub. Nə qədər ki, canımda can varsa, belə də davam edəcək”.

Bu amal həqiqətən də Təvəkgül müəllimin ömrünün son günüə qədər belə də davam elədi. O, əsl xeyirxah kişi ömrü yaşadı. Xeyirxah iş, xeyirxah söz, xeyirxah əməl sahibi olmaqla insanların qəlbində özünə əbədilik heykəl qoydu.

Mən fikirləşirdim ki, elegiyamı elə belə də bitirim. Amma yadıma saldım Təvəkgül müəllimlə 3-4 ay bundan əvvəl olan son görüşümüzü və son söhbətmizi. Belə ki, mən istəyirdim Sumqayıt şəhərinin 70 illik yubileyilə bağlı onunla fikir mübadiləsi aparım. O vaxtı biz onunla həmsöhbət olduq. Həmin müsahibəni də 70 illik ərəfəsində oxuculara təqdim etmək istəyirdim. Fikirləşirdim ki, bu elə Təvəkgül müəllim üçün də bir sürpriz olar. Amma sən saydığını say, gör fələk nə sayır...

İndi tamaşaçı zalında dayanıb, onunla olan son görüşümüzü xatırlayıram... Bir daha təsdiqləyirəm ki, Təvəkgül müəllim həqiqətən müdrik və uzaqgörən şəxsiyyət idi. Həmin müsahibədə o, Sumqayıt və sumqayıtlılarla bağlı necə maraqlı fikirlər demişdi.

Təvəkgül müəllimi son mənzilə yola salandan sonra, yol boyu evə gəldikcə fikirləşdim ki, bu elegiyanı elə onunla olan axırıncı müsahibəmlə tamamlayım. Və evə gəlib, kompüterin qarşısına keçdim. O, verdiyim suallara ağsaqqal müdrikliyi və dərin siyasətlə belə cavablar vermişdi. Yuxarıdakı fikirlərimi yazandan sonra həmin müsahibəni də bura əlavə elədim.

Son görüşümüz, son müsahibəmiz

- Təvəkgül müəllim, işsizlik sizi yormur ki?

-Uzun illər işləyən, istirahət nə olduğunu bilməyən, həyatını insanların güzəranının yaxşılamşasına sərf eləyən insanın indi evdə oturması əlbəttə, çətindir. Amma mən demək olar ki, tək olmuram. Tez-tez yanıma keçmiş işçilər, dostlar gəlir və məni darıxmağa qoymurlar. Bir az da bu xəstəlik mənə qarşı “soyuq” münasibət göstərir. Nə isə mənimlə “yola getmir”. ( Özünə məxsus gülüşlə gülümsünür. Başa düşürəm ki, xəstəliyə təslim olmaq istəmir.)

-Siz iradəsi çox möhkəm olan kişisiniz. İnanmıram ki, xəstəliyə təslim olasınız.

-Əlbəttə, xəstəliyə təslim olsaydım, indi çoxdan dünyamı dəyişmişdim. Hələ ki, mən ona güc gəlirəm. Gör neçə dəfə əməliyyat olmuşam... Ölüb-ölümdən qayıtmışam. Allahıma çox şükür olsun ki, indi yaxşıyam. Ümumiyyətlə mən heç vaxt Böyük Tanrıya asi olmamışam. Çünki valideyinlərim namaz qılan, İslam dininə sitayiş eləyən olublar. Özüm də hələ Sovetlərin vaxtından dinə inanan, onun qanunlarına tabe olan olmuşam. Böyük Yaradan da ən çətin, ağır məqamlarımda belə mənə köməklik eləyib, yol göstərib. Ulu Tanrını həmişə yanımda hiss eləmişəm. Ondan güc, qüvvət almışam.

- Siz 45 ildən artıq bir müddətdə çoxlu yüksək rütbəli insanlarla təmasda olubsunuz. Onların yaxşı və pis cəhətlərini görübsünüz. Bu günkü Azərbaycanın dövlət quruculuğuna münasibətiniz necədir?

- Mən qətiyyətlə deyə bilərəm ki, bu gün ölkədə gedən daxili və xarici siyasət yüksək səviyyədədir. Buna görə böyük iftixar hissi keçirirəm və belə deyirəm. Qoy Böyük Yaradan prezidentmizə həmişə kömək olsun. Bu köməyin sayəsində də ölkədə və ondan kənarda baş verən problemlərin öhdəsindən yüksək səviyyədə gələ bilsin. Çünki biz, müharibə şəraitində yaşayırıq. Hətta qonşularımız olan bəzi respublikalarda bizim bu uğurlarımıza sevinməyənlər, var qüvvələri ilə buna mane olmaq istəyənlər də çoxdur. Mən mübaliğəsiz deyə bilərəm ki, bu vaxta qədər gördüyüm ölkə rəhbərləri içərisində Ulu Öndərdən sonra, yalnız İlham Əliyev prezident kimi xalqın böyük hörmətini, etimadını qazanıb. Xalqın belə yüksək məhəbbətini, etimadını qazanmaq isə hər rəhbərə nəsib olmur.

- Sumqayıt bütün bu illərdə Sizin gözünüzün qarşısında tikilib və günü-gündən gözəlləşib. Sumqayıtın 70 illik yubileyi ərəfəsində bu şəhər və onun qurucuları haqqıda nə deyə bilərsiniz?

- Sumqayıtın inkişafı və onun quruculuğu, burada işləyən, mənim gözlərim qarşısında ucalan insanlarla bağlı bir neçə cild kimtabın yazısı qədər danışa bilərəm. Özü də bu fikirlərin çoxu hələ heç yerdə yazılmayıb. Yəni deyəcəklərim bir müsahibənin mövzusuna sığışmaz. Gərək siz yazarlar bunları çoxdan yazaydınız. Əgər 70 ildə elə Sumqayıtda olan əsas hadisələr, tikilən zavodlar, fabriklər, sosial obyektlər, salınan yollar, parklar və orada çalışan insanlar haqqında lazım olanlar yazılsaydı, bu şəhər və onun insanları haqqında ən azından 100 cild kitab yazılardı. Əfsus ki, bunlar yazılmayıb. Mən Sumqayıta gəldiyim ilk günlərdən başlayaraq, müəssisə rəhbəri və şəhər rəhbərlərindən biri kimi, burada gedən bütün işlərin aparıcı iştirakçılarından biri olmaqla, həm də mərkəzində olmuşam. Belə ki, mən Sumqayıta 1966-cı ildə gələndə o vaxtlar bu şəhərin heç yarısı tikilməmişdi. Elə həmin vaxtlardan da bu şəhər mənim gözlərim qarşısında, iştirakımla, rəhbərliyimlə tikilib. Küçələr, parklar, meydançalar salınıb. Mən bura gələn vaxt Sumqayıt artıq qaynar bir şəhər idi və getdikcə bu qaynarlıq artırdı. Yeni müəssisələr, sexlər tikilirdi. Ölkə rəhbərləri tez-tez Sumqayıta gəlirdi. Xüsusi ilə də ulu öndər Heydər Əliyev. Onun bu şəhərə 19 dəfə gəlişinin ən yaxın şahidi, iştirakçısı və bu görüşlərin təşkilatçılarından biri olmuşam. Sumqayıtın inkişafı Sovetlər Birliyi dağılana qədər ölçüsü olmayan, iri addımlarla gedən bir inkişaf idi. 1991 və 1993-cü illər isə Sumqayıt üçün durğunluq illəri oldu. Bəzi adamlar kimya və sənaye müəssisələrinə bilərəkdən böyük ziyan vurub, onları dağıtdılar. Belə nakəslərin ucbatından xalqa, dövlətə milyardlarla ziyan dəydi. Həmin vaxtı vətəndaş müharibəsi ərəfəsibdəydik. Yaxşı ki, 1993-cü ildə Ulu Öndər xalqın istəyi və təkidi ilə ölkə prezidenti seçiləndən sonra məmləkətimizdə yenidən dirçəliş başladı. Dahi rəhbər, ona inanan xalqın köməkliyi ilə ölkəni düşdüyü ağır vəziyyətdən çox çətinliklə də olsa yavaş-yavaş çıxarmağa başladı. O vaxtlar dahi rəhbərimizlə bağlı çoxlu şüarlar yaranmışdı. Özü də bu şüarlar ziyalılar, rəhbərlər tərəfindən yox, sadə, zəhmətkeş, torpağını, millətini sevən insanlar tərəfindən yaranırdı. Ona görə də mən həmişə deyirəm. Heydər Əliyevi ölkəyə gətirən, yenidən ölkə başçısı vəzifəsinə qaldıran Azərbaycan xalqı olub. Ulu öndər də ikinci dəfə hakimiyyətə gəlişilə xalqın bütün ümidlərini doğrultdu. Vətəndaş müharibəsinin, qardaş qırğının, ölkənin bir neçə yerə parçalanmasının qarşısını aldı. Artıq 2000- ci ildən başlayaraq, Azərbaycan MDB məkanında ən qüdrətli dövlətlərdən biri oldu. Bu gün də həmin uğurlar mətin addımlarla irəliyə doğru gedir. Azərbaycanın iqtisadiyyatı, kənd təsərrüfatı, sənayesi sürətlə inkişaf edir.

Qaldı Sumqayıtla bağlı onu vurğulayım ki, Allahımdan çox razıyam vaxtı ilə Sumqayıta yaşamağa, işləməyə gəlmişəm və həyatımın ən xoş, maraqlı, ağır, keşməkeşli günləri, illəri məhz bu şəhərdə keçib. Minlərlə insanlar kimi bu şəhər mənim də tale şəhərim olub.

- Ömrünün müdriklik zirvəsinin ikinci pilləsinə qədəm qoyan, artıq 79 yaşı dekabr ayının 30-da tamam olacaq Təvəkgül Məmmədov keçmiş illəri yada saldıqda əsasən nələri düşünür?

- İlk öncə Sumqayıta gəldiyim vaxtlardan təmasda olduğum insanları, rəhbər vəzifədə çalışanları daha çox xatırlayıram. Birinci də Zəmin Hüseynovu. Mən həmişə deyirəm ki, o, mənim istehsalatda ilk müəllimim olub. Sonra Nurəddin Babayevi, Nərçə Ağayevi, Əliş Mustafayevi, Fərhad Zeynalovu, İzzət Sadıxovu, Ucal Qazımzadəni, Adil Məmmədovu, Vahid Bayramovu, Baloğlan Bayramovu, Zeynal Hüseynovu, Cümşüd Kərimovu və onlarca dünyasını dəyişən rəhbər vəzifədə çalışan insanları tez-tez xatırlayıram. Bu insanlar Sumqayıt kimya sənayesi üçün böyük işlər görüblər. Bu gün sağ olan və Sumqayıt üçün əvəzsiz işlər görən insanlar da çoxdur.

-Bəs onlardan kimlərin adını çəkə bilərsiniz?

-Onlardan Fikrət Sadıxov, Maqsud Maqsudov, Hüseyn Muxtarov, Əlqəmə Orucov, Şakir Abuşov, Zakir Fərəcov, Təbrik Quliyev, Eldar İsmayılov, Qadir Süleymanov, Qüdrət Kərimov, Əbülfəz Babayev, Akif Zeynalov, Akif Həsənoğlu ( Zeynalov), Şakir Həsənov, İslam İslamov, Mehman Ömərov, Aftandil Nuriyev, Seyfulla Əsadullayev, Fəxrəddin Rəhimov və onlarca başqaları tez-tez yadıma düşür. Eləcə də elm, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışıb böyük uğurlar əldə etmiş, Sumqayıt üçün əvəzsiz xidmətləri olan yüzlərlə insanların adını çəkə bilərəm. Ümumiyyətlə o vaxtlar rəhbər vəzifədə işləyənlərin hamısı haqqında yalnız xoş sözlər deyə bilərəm. Onlar öz işlərinin fanatiki olublar. İndi də yadıma düşəndə gülürəm ki, o vaxtlar təsadüfən axşam saat 10-da evə gələndə uşaqlar təəccüb edirdilər ki, nə əcəb belə tez gəlmişəm. Çünki biz, həyatımızın çox hissəsini işdə, istehsalatda keçirirdik. Ona görə də şəhər və onun sənayesi inkişaf edirdi. Zavodlar, fabriklər, müəssisələr var gücü ilə işləyirdi. Şəhərdə çoxlu yaşayış evləri tikilirdi. O vaxtın rəhbərləri təkcə təşkilatçı direktor yox, həm də yaxşı mühəndis və mütəxəssis idilər. Dövlət əmlakını göz bəbəyi kimi qoruyurdular. Dövlətin bir manatının da itkisinə yol vermirdilər. Onlar təkcə öz işləri ilə yox, həm də işçilərinin ailə vəziyyəti, onların güzəranı ilə çox maraqlanırdılar. Onların güzəranının yaxşı olmasına çalışırdılar. Mən Sumqayıtdakı Polimer Tikinti Materialları Kombinatında rəhbər kimi əmək fəaliyyətinə başlayanda bu şəhərə Sabit Abbasəliyev rəhbərlik edirdi. Məni ilk dəfə şəhər partiya komitəsinə o dəvət etmişdi. Öyrəndim ki, o da Neft-Kimya İnstitutunu qırmızı diplomla bitirib. Mənə çoxlu suallar verdi. Cavablarımdan razı qaldı. Ondan sonra bu şəhərə Kamran Bağırov, Şənlik Əliyev, Cahangir Müslümzadə, Zülfü Hacıyev, Eldar İsmayılov, Şakir Abuşov rəhbərlik ediblər. Onlarla bir yerdə işləmişəm. Şəhər partiya komitəsinə rəhbərlik edən bu insanlar həm nəzəri, həm də praktiki cəhədən savadlı idilər. Çünki o vaxtlar bu şəhərdə kimya, metallurgiya, maşınqayırma, yeyinti sənayesi, yüngül sənaye çox inkişaf etmişdi. Bütün bu müəssisələrin rəhbərlərinə tutarlı söz demək üçün gərək hökmən bu sahələri onlardan yaxşı bilməli idin. Təkcə sizə bir faktı deyim. Birinci il yəni 1982-ci ildə mən İcraiyyə Komitəsinin sədri olanda 160 min kvadrat metr mənzil binalarının tikilməsinə rəhbərlik edirdim. Sumqayıtda keçən əsrin 80-ci illərində hər il ən azı iki bağça, iki məktəb, bir xəstəxana tikib istifadəyə verirdik.

- Bəs siz Sumqayıta gələndə bu şəhərdə vəziyyət necə idi?

-Mən 1966-cı ildə Sumqayıta işləməyə gələndə 9-cu mikrorayon təzəcə tikilməyə başlayırdı. Həmin vaxtdan gör şəhərdə neçə mikrorayon və məhəllələr tikilib. 1981-ci ildə İcraiyyə Komimtəsinə müavin təyin olunanda şəhərdə ilk 14 mərtəbəli binanın artıq birinci mərətəbəsi tikilmişdi. Biz qısa vaxtda bu binanı tikib təhvil verdik. Demək istəyirəm ki, həmin vaxtlar Sumqayıtda inkişaf çox sürətlə gedirdi. Ölkə rəhbərliyi də, şəhər rəhbərləri də Sumqayıtın inkişafına ciddi fikir verirdilər.

- Bir vaxtlar deyirdilər ki, Sumqayıt Bakı şəhərini kadr potensialı ilə təmin edir.

- Bu fikir tasmamilə düzdür. Çünki Sumqayıt yarandığı ilk illərdən başlayaraq, Respublika rəhbərliyinə çoxlu aparıcı kadrlar verib. Mən onlarla belə insanların adını çıkı bilərəm. Bu insanlar təkcə prezident adminstrasiyasında yox, həm də ayrı-ayrı nazirliklərin aparıcı işçiləridirlər. Bu gün Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Əli Həsənov Sumqayıt üçün çox böyük işlər görmüş bir insandır. O, elə cavanlıq illərindən cavabdehli, təşkilatçı insan olmaqla özünü yaxşı rəhbər kimi sübut edib. Ona verilən tapşırıqları yerinə yetirməyincə rahat yata bilməzdi. Onda olan həmin xasiyyət bu gün də davam edir. O, Qaçqınlar Komitəsinə rəhbərlik etdiyi vaxtlarda, qaçqınlar üçün tikilən şəhərciklərdə, qəsəbələrdə onun da zəhməti çoxdur. Bütün bunlar da şüar yox, mənim gözlərimin qarşısında baş verən, iştirakçısı olduğum əsl işlər, hadisələrdir.

-Sumqayıt bir vaxtlar keçmiş Sovetlər Birliyində ən internasional şəhərlərdən biri sayılırdı.

-Bəli. Yadımdadır ki, SSRİ-nin tərkibində olan 15 respublikanın hər birindən şəhərimizə çoxlu insanlar dəvət olunurdu. Və onların hamısının iştirakı ilə Sumqayıtda geniş miqyaslı tədbirlər keçirirdik. Həmin respublikaların şəhərimizdə keçirilən günlərində isə axtarıb Sumqayıtdan internasional ailələr tapırdıq. Elə ailələr vardı ki, orada dörd-beş millətin nümayəndəsi vardı. Onları səhnəyə dəvət edib, ürək sözlərini dinləyirdik. Təkliflərinə qulaq asırdıq. Yəni Sumqayıt həmin vaxtdan internasional şəhər idi və bu gün də çoxmillətli şəhər olaraq qalır. Burada heç bir millətə fərq qoyulmur. Bütün millətlər bir-biri ilə mehriban yaşayırlar. Bu millətlərin də çoxu Sumqayıt şəhəri tikilməyə başlayanda bura gələn insanlardır. Onlar şəhəri tikəndə çox böyük çətinliklər çəkiblər. Çünki qumsal, səhra olan, ağac bitməyən bir yerdə şəhər salmaq sizə elə də asan gəlməsin. Buradakı ağacları, gülləri, yaşıllıqları biz çox çətinliklə göyərtmişik, böyütmüşük. Hər bir ağacın ərsəyə gəlməsində böyük zəhmətlər çəkmişik. Bu şəhərdəki canlı ensiklapediya olan yaşlı insanlardan siz şəhərin tarixi ilə bağlı çox şeyləri öyrənib, yazıya köçürə bilərsiz ki, gələcək nəsillər oxuyub, Sumqayıtın tarixini yaxşı öyrənsinlər. Bizim yaratdıqlarımızı göz bəbiyi kimi qoruya bilsinlər. Sumqayıt təkcə keçmişin, bu günün yox, həm də gələcəyin şəhəridir. Özü də gələcəyin ən gözəl, ən müasir şəhərlərindən biri olacaq Sumqayıt. Çünki bu şəhərin quruculuğu bu gün də möhkəm əllərdədir. Zakir Fərəcovun 4 ildə Sumqayıt üçün gördüyü işləri danmaq olmaz. O, bu son illərdə Sumqayıtda möcüzələr yaradıb. Şəhər həqiqətən günü-gündən gözəlləşir. Zakir Fərəcov hələ bir vaxtlar Sumqayıt Mənzil Təsərrrüfatına rəhbərlik etdiyi vaxtlarda da çox işlər görmüşdü. Biz onunla birlikdə bir vaxtlar Sumqayıta rəhbərlik etmişik. Mən şərər İcra Hakimiyyətinin başçısı və o, Sumqayıt Bələdiyyəsinin sədri kimi. O vaxtlar da biz, Sumqayıt üçün çox işlər görmüşük. Onu da vurğulayım ki, Sumqayıt daim dövlət qayğısı ilə əhatə olunmaqla, bu gün də möhtərəm prezidentimiz İlham Əliyevin nəzarətindədir. Şəhərin rəhbərliyi də ölkə başçısının onlara olan bu etimadını inamla doğruldurlar. İnanıram ki, biz tezliklə Sumqayıtın ikinci intibah dövrünü görəcəyik. Artıq həmin intifab dövrü başlayıb. Mən ona da inanıram ki, Sumqayıt şəhərinin 70 illik yubileyi təkcə Sumqayıtda yox, Respublikada ən böyük və möhtəşəm bir bayram kimi keçiriləcək. Təki sağlıq olsun və biz hamımız bu bayramı görək... Mənim həmin yubileydə deyəcəyim çoxlu sözlər, fikirlər var.

P.S. Bəli. Təvəkgül müəllim çox istəyirdi ki, bu bayramı görsün. Mən onunla görüşəndə gümrah idi. Yaşamağa da həvəsi, istəyi çox idi. Mənim üçün bir nisgil qaldı ki, Təvəkgül müəllim həmin yubileydə hansı maraqlı fikirləri deyəcəkdi... Həmin deyəcəyi fikiri də o vaxt ondan soruşmadım. Əfsus ki, bizim ağsaqqalımıza da ömür vəfa eləmədi ki, həmin yubileydə iştirak eləsin. Allah Sizə rəhmət eləsin, bizim əziz, sevimli, müdrik ağsaqqalımız Təvəkgül Yaquboğlu. Qəbrtiniz nurla dolsun.

Yadımdadır ki, siz Sumqayıt ziyalılarını da çox sevirdiniz. Onlarla tez-tez görüşürdünüz. Onların bütün problemlərini yerindəcə həll eləyirdiniz. Bu haqda həmişə belə deyirdiniz: “Ziyalı millətin bel sütunudur”. Ədəbiyyat və incəsənət sahəsində çalışanlar arasında sizin dostlarınız da çox idi. Elə mən bunun şahidiyəm ki, siz, dünya şöhrətli bəstəkar Arif Məikovla çox yaxın dost idiniz. Onunla olan söhbətlərinizin mən bir neçə dəfə şahidi olmuşdum. Sizin dostlarınızdan biri, Azərbaycan ədəbiyyatının inkişafında əvəzsiz xidmətləri olan, cavanlıq illərindən taleyini Sumqayıtla bağlayan, Əməkdar mədəniyyət işçisi Əşrəf Veysəlli idi. Əşrəf müəllim də həmişə sizin xeyirxah əməllərinizin Sumqayıtda ən böyük təbliğatçılarından biridir. Siz ona hörmət əlaməti olaraq “Şair” deyə müraciət edirdiniz. Siz, Əşrəf Veysəlliyə də ən çətin məqamlarında lazım olan kimi köməklik edibsiniz. Onun övladlarının işlə təmin olunmasında da sizin xidmətiniz çox olub. Ona görə də mən bu elegiyanı onun sizə həsr etdyi bu şeirlə tamamlamaq istəyirəm.

Elə ki, dərdlərim başımdan aşar,

Bahar da gözümə qış görünərdi.

Yaxış ki, dünyada yaxşılar yaşar,

Yoxsa bütün dünya boş görünərdi.

Ağalar İDRİSOĞLU,

Yazıçı, rejissor, jurnalist,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə