Yaradıcılığını doğma şəhərinə həsr edən qələm fəhləsi Qalib Əhmədov - 70

(Portret cizgilər)

Onunla bizim tanışlığımızın, dostluğumuzun düz 43 illik tarixçəsi var. Yadıma gəlir ki, 1977-ci ilin yanvar ayında mən Sumqayıt şəhər Texniki Peşə Məktəblərinin “Ümid” adlı Teatr-Studiyasını yaratmışdım. Bu Teatr-Studiya 49 nömrəli texniki-peşə məktəbində yerləşirdi. Çünki bu məktəbin yaraşıqlı klubu və geniş səhnəsi vardı. O vaxt bu Teatr-Studiyada təxminən 100-ə yaxın teatr, ədəbiyyat, jurnalistika həvəskarı məşğul olurdu. Çünki mən həmin həvəskarlara təkcə teatr sənətindən yox, incəsənətin başqa növlərindən, ədəbiyyatdan, tarixdən, jurnalistikadan da dərslər keçirdim. Az bir vaxtda bu kollektiv Respublika Texniki-Peşə Məktəblərinin festifalında mənim quruluşumda Cəlil Məmmədquluzadənin “Kamança” faciəsini göstərdi və respublika üzrə I dərəcəli diploma layiq görüldü. Artıq bu kollektiv haqqında Respublika və Sumqayıt mətbuatında maraqlı ressenziyalar, məqalələr çap olundu.

Biz elə həmin vaxt 49 nömrəli texniki-peşə məktəbində müəllim işləyən Qalib Əhmədovla tanış olduq. O, tanışlıq üçün mənə bir neçə yumoristik, satirik hekayələrini verdi və oxudum. Onlardan biri - “Usta Haşım” səhnə üçün yaralı olduğuna görə Qalib müəllimə təklif etdim ki, gəl bu hekayəni bir pərdəli pyes kimi işləyək. Razılaşdı və az bir vaxta “Usta Haşım” adlı bir pərdəli satirik pyes yazdıq. Bu pyesdə şagirdlərə yaxşı qiymət yazmaq üçün rüşvət kimi hədiyyələr götürən, onları kəndlərinə toyuq, yumurta, qoyun, quzu və sairə şeylər gətirməyə məcburən göndərən müəllimlər və öyrəndiyi sənətlərindən dərs deyən təlim ustaları kəskin tənqid olunur, həm də satirik, qrotesk boyalarla göstərilirdi. Biz az bir vaxtda və böyük həvəslə həmin pyesi tamaşaya hazırladıq.

Tamaşanın ilk baxışına Sumqayıt şəhər Texniki-Peşə Məktəblərinin rəisi, bütün texniki-peşə məktəblərinin direktorları, müavinləri, aparıcı müəllimləri, təlim ustaları və şagirdləri baxırdı. 300 nəfərlik zal dolu idi. Hətta ayaq üstə duranlar da vardı. Tamaşa 10-15 dəqiqə gedəndən sonra zalda möhkəm bir uğultu və səs-küy qopdu. Özlərinin obrazlarını şagirdlərinin ifasında görən müəllimlər, təlim ustaları zaldan qışqırmağa başladılar ki, “bu nədir səhnədən göstərirsiniz? Əclaflar, niyə bizi biabır eləyirsiniz? Tamaşanı saxlayın!”. Hətta elələri oldu ki, səhnəyə çıxıb, onların rollarını oynayan, onlar kimi danışan şagirdləri döyməyə, söyməyə başladılar. Biz məcbur olub, tamaşanı saxladıq. Sonra həmin müəllimlər və təlim ustaları Texniki-Peşə Məktəblərinin rəisisnə və məktəb direktorlarına bu kollektivin rəhbəri kimi məni buradan qovmağı məcbur etdilər. Əlbəttə, burada Texniki-Peşə Məktəblərinin rəisi və məktəb direktorları da günahkar idi. Çünki onlar da həmin müəllimlərdən və təlim ustalarında rüşvət alırdılar. Çünki elə müəllim və təlim ustaları vardı ki, açıq-açığına deyirdilər ki, biz aldığımız həmin şeyləri gətirib sizə veririk. Rəis və direktorlar bir təhər həmin müəllimləri və təlim ustalarını sakitləşdirdilər.

Sonra rəis kəskin formada mənə dedi ki, “niyə belə tamaşa hazırlamısız?”. Hətta bu pyesi yazdığına görə Qalib Əhmədovu texniki-peşə məktəbindən çıxarmaq istədilər. Amma mən qətiyyətlə bildirdim ki, bu işdə günahkar mənəm və onu mən belə yazmağa təhrik eləmişəm. Hətta bir müqəddəs yalan da dedim ki, “bu pyesin yazılmasından Qalib Əhmədovun xəbəri yoxdur”. Mən bilirdim ki, rəis xanım rus dillidi və Qalib Əhmədovun da heç bir əsərini oxumayıb. Ona görə də tam inandı ki, burada Qalib müəllimin günahı yoxdur. Artıq həmin gündən bizim Sumqayıt texniki-peşə məktəblərinin “Ümid” Teatr-Stdiyasının bağlanması ilə əlaqədar rəis əmr vürildi. Amma Qalib Əhmədovu mən nə qədər müdafiə eləsəm də ona da töhmət verdilər.

Tamaşada baş verən bu hadisə artıq Sumqayıtda böyük rezonans yaratdı. Artıq bunu hamı bildi. Məni Sumqayıt şəhər Mədəniyyət İdarəsinin rəisi, çox ziyalı, vətənpərvər xanım olan Zərifə Təhməzova yanına çağırdı. Hadisənin necə olduğunu tam təfərruat ilə öyrənədən sonra gülümsündü. Çünki həmin rəis xanıma qarşı onun da münasibəti yaxşı deyildi. Zərifə xanım həmin “Ümid” Teatr-Studiyasını Sumqayıt şəhərindəki 41-ci məhəllədə yenicə təhvil verilən “Oktyabr” ( indiki 28 may) Mədəniyyət Evinə köçürməyi təklif elədi. Beləliklə, biz, iki gündən sonra artıq “Oktyabr” Mədəniyyət Evinin kollektivi olduq. Bundan sonra kollektivə gələn həvəskar artistlərin sayı daha da artdı. Mən Sumqayıt Dövlət Dram Teatrında aktyor işləməklə paralel “Oktyabr” Mədəniyyət Evində də kollektiv rəhbəri kimi əmək haqqı almağa başladım. Artıq iki ildən sonra bu kollektiv özünün uğurlu və maraqlı tamaşalarına görə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən Xalq Teatrı adını aldı. Bu tamaşanı da biz, elə həmin mədəniyyət evində, Sumqayıt məktəblərində tez-tez göstərilməyə başladıq. Hər yerdə də böyük maraqla qarşılandı. Bu tamaşadan sonra Qalib Əhmədov da daha çox həvəsləndi və bir-birindən maraqlı satirik hekayələr yazmağa başladı. Sonra əfsus ki, yaradıcılığını daha çox jurnalistikaya və politalogiyay həsr elədi. Bu sahələrdə də uğurları çox olsa da amma mən onu maraqlı və böyük təxəyyülü olan yazıçı kimi kəşf eləmişdim. Əgər o, yalnız bu sahə ilə məşğul olsaydı, bu gün məmləkətimizin ən üzdə olan yazıçılarından biri ola bilərdi. Artıq 70 yaşı tamam olan dostum Qalib Əhmədovla (Qadirlə) mən lap cavanlıq illərindən fəxr eləmişəm. Fəxr eləmişəm ki, xalqımızın belə vətənpərvər, daxilində yüksək yumor hissi olan ziyalısı, yaradıcı şəxsiyyəti var. Ona görə də oxucuları onunla daha yaxından tanış etmək istəyirəm.

Qısa arayış: Qalib Əhmədxan oğlu Əhmədov 1 iyun 1949-cu ildə Qutqaşın, ( indiki Qəbələ) rayonunun Sileyli kəndində anadan olub. O, 1966-cı ildə rayonun Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (ADU-nun) tarix fakültəsinə daxil olub və 1967-ci ildən təhsilini Universitetin filologiya fakültəsində davam etdirib. Tələbəlik illərində mətbuatda müntəzəm çıxış edib və fakültə tələbə elmi cəmiyyətinin sədri seçilib. 1972-ci ildə Universiteti bitirdikdən sonra Qəbələ rayon Çarxana kənd məktəbində müəllim, Sumqayıt şəhər 49 nömrəli texniki peşə məktəbində tərbiyəçi, müəllim və dərs hissə müdiri işləyib. 1977-ci ildə Sov. İKP sıralarına qəbul olub. 1979-cu ildə ADU-nun (indiki BDU-nun) Azərbaycan ədəbiyyatı tarixi üzrə aspiranturasına (qiyabi) daxil olub və 1980-cı ildə Azərbaycan KP MK-nın “Təşviqatçı”-“Aqitator” jurnalında elmi-nəzəri şöbənin müdiri vəzifəsinə işə qəbul edilib. 1983- cü ildən başlayaraq Respublika EA-nın Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi Respublikanın “Təşviqatçı”, “Aqitator”, “Azərbaycan kommunisti”, “Kənd həyatı”, “Azərbaycan qadını” jurnallarında ünsiyyət, siyasi mədəniyyət, ictimai nüfuz, siyasi şüur, insan və zaman problemlərinə həsr edilmiş 20-dən çox elmi-publisistik araşdırmaları çap olunub. Və bu araşrırmalar da maraqla qarşılanıb.

Peşəkar jurnalist-politoloq Qalib Əhmədov 1980-90-cı illərdə “Təşviqatçı”, “Aqitator”, “Dialoq” jurnallarında elmi-nəzəri şöbənin müdiri, 1990-93-cü illərdə “Azərbaycan kommunisti” və “Dirçəliş” jurnallarında ideologiya şöbəsinin müdiri, “Ana Vətən” qəzetində müxbir, “Ayna” qəzetində tərcüməçi redaktor işləyib. 1993-95-ci illərdə Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru olub. 1996-98-ci illərdə “Xalq qəzeti”, “Yeni Azərbaycan” qəzetlərində ədəbi işçi, şöbə müdiri və redaktor müavini işləyib. 1998-2004-ci illərdə “Dünyaya pəncərə” qəzetinin təsisçisi və baş redaktoru olub. 2004-2008-ci illərdə “Respublika” və “Azərbaycan” qəzetlərində müxbir, bölgə müxbiri işləyib, 2011-ci ildən “Dünya” Müstəqil Teleradio Şirkətində çalışır. “Əsrin sədası” qəzetinin baş redaktorudur.

Azərbaycan Jurnalistlər Birliyinin və Fəlsəfə Cəmiyyətinin üzvüdür.

Qalib Əhmədovun “Birinci şəxs: Prezidentin portret cizgiləri” adlı kitabı (“Dünya” nəşriyyatı) 1997-ci ildə kütləvi tirajla çapdan çıxıb. Əsər 1998-ci ildə rus dilinə tərcümə edilərək “Şərq-Qərb” nəşriyyatı tərəfindən kütləvi tirajla çap olunub.

Onun “Siyasət” nəşriyyatı tərəfindən 1998-ci ildə çap olunmuş “Dövlət və rəhbər”, “Partiyalar. Liderlər. Cərəyanlar” adlı kitablarından hazırda Çağdaş siyasi tariximizi öyrənən tələbə gənclər dərs vəsaiti kimi istifadə edirlər.

Bunlardan əlavə Qalib Əhmədov “Müsahiblərim: Demokratik idarəetmənin rəhbər kadrları”, “Sumqayıt və sumqayıtlılar”, “Sumqayıtla birgə ucalanlar”, “Mühitim. Müasirlərim”, “Mənəviyyat Məbədi”, “Corat: Qloballaşan dünyanın daş yaddaşı”, “Karvan. Xeyriyyəçinin böyük dünyası” və digər bir-birindən kitabların müəllifidir. O, son illər çapdan çıxmış tədqiqat xarakterli və çox maraqlı 6 kitabı redaktə edib və onlara “Ön söz” yazıb.

Qalib Əhmədov ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edir. O, 1992-ci ildən Ana Vətən Partiyasının üzvüdür. Ailəlidi. Üç övlad atasıdır.

Belə bir maraqlı, keşməkeşli həyat yaşayan Qalib Əhmədov öz yaşıdı, yaşadığı Sumqayıta və onun əməkçi insanlarına yüzlərlə məqalə və 6 sanballı kitab həsr eləyib. Əmək və əməkçi insanlar Qalib Əhmədovun jurnalist kimi pərəstiş ünvanıdır. O, Sumqayıtı və sumqayıtlılardan yorulmadan yazdıqca yazır. Hal-hazırda Sumqayıtın 70 illik yubileyi ərəfəsində o, “Sumqayıt-sevgim, səadətim mənim”, “Sumqayıtın gizlinləri” adlı əsərləri üzərində işləyir. Bu kitablar onun Sumqayıtın 70 illik yubileyinə yeni töhfələri olacaq. O, yurdsevər vətənkeş jurnalist kimi qələmini bütünlüklə əməkçi halal insanların doğma vətənimizin tərənnüm və təsvirinə həsr edib. Qalib Əhmədov Sumqayıtın 40 illiyindən başlayaraq sonrakı 50 illik və 60 illik yubileylərinə də özünün qələm töhfəsini verib və sumqayıtlı kimi öz vətəndaşlıq borcunu həmişə yerinə yetirməyə çalışıb. Dostum Qalib Əhmədov hər dəfə Sumqayıtdan söz düşəndə fəxarətlə belə deyir: “Mən fəhlə şəhərinin qələm fəhləsiyəm. Ona görə də biz, həmyaşıdım olan belə gözəl, yaraşıqlı, artıq göylərə meydan oxuyan şəhərlə bir-birimizi yaxşı başa düşürük”.

Həyatı böyük zəhmətlə yoğrulan dostimu 70 illik yubileyi və mətbuat günü münasibətilə təbrik eləyirəm. İnanıram ki, ömrünü, yaradıcılığını Sumqayıta və onun insanlarına həsr eləyən Qalib Əhmədovun da əməyi bu şəhərin 70 illik yubileyi ərəfəsində layiqincə qiymətləndiriləcək. Onun uzun illər bundan qabaq layiq olduğu Əməkdar jurnalist fəxri adını Sumqayıtın yubileyi ərəfəsində ona verəcəklər. Mən buna inanıram. İnam isə həyatın sərmayəsidi.

Ağalar İDRİSOĞLU,

Yazıçı, rejissor, jurnalist,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə