Maraqlı hekayələr ustası (Portret cizgiləri)

Arif Ərşad: “Yazmaq özü bir istedaddır. Amma bu istedadın üzə çıxması üçün insandan böyük zəhmət və səbr tələb olunur”

Dostlarım mənə çox maraqlı bir yazıçı , publisist, tərcüməçi haqqında danışmışdılar. Amma mən onun indiyə qədər heç bir yazısını oxumamışdım. Tale elə gətirdi ki, 8 ay öncə mən onunla yaxından tanış oldum. Dəfələrlə təmasda olduq. Çörək kəsdik. Hətta İsmayıllı və Xızı rayonlarına birinə birlikdə səfər də etdik. İlk baxışdan çox ciddi və qaraqabaq görünsə də, əksinə çox mehriban və incə yumora məxsus bir insan olduğunun, yol boyu onun maraqlı söhbətlərinin, duzlu, incə zarafatlarının şahidi oldum. O, yol boyu danışdığı maraqlı lətifələrilə tez-tez hamımıza böyük gülüşvə xoş ovqat bəxş eləyirdi. Bu insan Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” media mükafatçısı yazıçı, publisist, tərcüməçi Arif Ərşaddır. Günlərin bir günü onun yaradıcılığı ilə yaxından tanış olmaq məqsədi ilə mən Arif müəllimdən xahiş elədim ki, bir neçə hekayəsini mənim email poçt səhifəmə göndərsin. O, özünün 6 hekayəsini mənə göndərdi. “Kənddən bağlama var”, “Yuxu”, “Büllur külqabı”, “Latereya bileti”, “Yanan xalça” və “Babamın nağılı”. Həmin hekayələri oxudum və gördüm ki, bu insan müasir ədəbiyyatımızda həqiqətən maraqlı hekayələr ustasıdır. Arif Ərşad ilk öncə çox maraqlı süjetlər tapmaq, həmin süjetləri obrazların dilində oxucuya maraqlı dillə çatdırmaq, dərin sözaltı mənalar fikirləşmək, gözlənilməz hadisələr qurmaq istedadına malikdir. Ona görə də bu hekayələr çox maraqla oxunur. Belə qərara gəldim ki, Arif Ərşadı yaxından tanıyaq və oxuculara da yaxından tanıdaq ki, bizim belə istedadlı və maraqlı yazıçımız var. Məhz buna görə də onunla müsahibə aparmaq qərarına gəldim. Onu da vurğulayım ki, onunla üç saatlıq söhbətimiz elə gözlədiyim kimi mənim üçün çox qədər maraqlı oldu və heç bilmədim həmin üç saat necə tez gəlib keçdi.

- Arif müəllim necə bilirsiniz, müsahibəyə başlamazdan əvvəl sizi oxuculara təqdim etməyə ehtiyac varmı?

-Düşünürəm ki, hər bir insanın təqdimata ehtiyacı var. Mən Arif Ərşad oğlu Səfərəliyev 1962-ci ildə anadan olmuşam. İxtisasca mühəndisəm. Azərbaycan Dövlət Neft-Kimya institutunun “Kimya istehsalında maşın və aparatların texnologiyası” fakültəsini mühəndis-texnoloq ixtisası üzrə bitirmişəm.

-Amma oxucular sizi mühəndis kimi yox, daha çox yazıçı-tərcüməçi Arif Ərşad kimi tanıyırlar. Arif Ərşadın yazıçı olmağı hardan qaynaqlandı?

-Bilirsiz, uşaqlıqdan mütaliə etməyi xoşlamışam. Bizim nəslin nümayəndələrinin kitaba olan marağı çox güclü idi. Belə ki, dərsdən əlavə bədii ədəbiyyat oxumaq bizim üçün bir növ prioritet məsələ sayılırdı. Bu günümüzdən fərqli olaraq, kitabları oxumaq üçün bir-birimizə ötürmək, sonra bir yerə yığışıb mütaliə etdiyimiz kitablar haqqında fikir söyləmək o zamanlar bir adət, dəb halını almışdı desəm, yanılmaram. Hələ orta məktəb illərində Ernest Hemenqueyin “Qoca və dəniz”, Cek Londonun “Həyat eşqi” , “Ağ diş” əsərlərini, Çigiz Aytmatovun “Dəniz kənarında qaçan alabaş” və “Əlvida Gülsarı” povestlərini oxuduqdan sonra aldığım zövq və necə həyacan hissi keçirməyim bu gün də yadımdan çıxmayıb. İndiki gənclərdən fərqli olaraq biz o zaman Tyodor Drayzerin, O. Henrinin, Mark Tvenin, Fransua Kafkanın, Anton Pavloviç Çexovun, Çingiz Aytmatovun, Fyodor Dostoyevskinin, Lev Tolstoyun, Mehdi Hüseynin, Süleyman Rəhimovun, Mirzə İbrahimovun, Əli Vəliyevin, İsmayıl Şıxlının, İsa Hüseynovun, İlyas Əfəndiyevin, Bəxtiyar Vahabzadənin, Həriman Həsənzadənin, Xəlil Rza Uluturkün, Anarın, Əkrəm Əylislinin, Elçinin və bir çox adını çəkmədiyim yazıçıların, şairlərin povest və romanlarını, poemalarını oxumaqla həyatın incəliklərini öyrənirdik. Bunun da dünya görüşümüzün formalaşmasında, həyata baxışımızın öz düzgün mövqeyini tapmasında böyük əhəmiyyət kəsb edirdi və arada cızma-qaralar da etməyə cəhd göstərirdik. Amma onu da səmmimi olaraq söyləyim ki, nə vaxtsa yazılarımın mətbuat orqanlarında çap olunacağını düşünmürdüm, heç ağlıma belə gətirmirdim. Yazmaq özü bir istedaddır. Amma bu istedadın üzə çıxması üçün insandan böyük zəhmət və səbr tələb olunur. Bunun üçün ətrafdakıların baxdıqları hər hansı bir hadisəni sən fərqli bir aspektdən görməyi bacarmalısan. Və bütün bu gördüklərin daxilən səni narahat edirsə, onu başqalarının da görməsi üçün daxilində belə bir mənəvi tələbat yaranırsa, bax onda həmin gördüklərinin gözünə bir az “duz-istiot” qatıb öz süzgəcindən keçirərək ağ vərəqə köçürürsən. Məndə də yazmağa həvəs beləcə yaranıb və özümdə belə bir zərurəti hiss etdikdən sonra, yazıb ortaya çıxartmaq istəyi də buradan qaynaqlandı. Beləcə, yazmağa başladım. Artıq çoxlu hekayələrin, povestlərin, şeirlərin, poemaların müəllifiyəm. Bir neçə kitabı da dilimizə tərcümə eləmişəm.

-Sosial şəbəkələrin birində dostum, jurnalsit, yazıçı, publisist, Eyruz Məmmədov yaradıcılığınıza yaxından bələd olduğu üçün sizi “hekayələr ustası” adlandırıb. Buna sizin münasibətiniz necədi?

-Respublikanın Əməkdar jurnalisti, yazıçı-publisist, çoxlu maraqlı kitabların müəllifi Eyruz Məmmədovun söylədiyi ifadəni mən də eşitmişəm və bunu ünvanıma etdiyi xoş bir jesti kimi qəbul etmişəm. O, mənim “Büllur külqabı” , “Dağlar oğlu”, “Yol əhvalatı”, “Kənddən bağlama var” və başqa hekayələrimi oxuyandan sonra bu nəticəyə gəldiyini mənim özümə də söyləyib və sonradan bu ifadəni social şəbəkələrin birində işlədib. Təbii ki, bu onun subyektiv fikridir. Bu adla, yəni hekayə ustası adı ilə öz zamanında Bunin, Çexov, Şoloxov, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev kimi və bir çox başqa korifey yazıçılar adlandırılıblar. Nə xoş (gülümsəyir ) mənim halıma ki, dostum da məni həmin sırada görür.

-Yazdıqlarınızı niyə kitab kimi çap elətdirmirsiniz?

- “Ömür qatarı” adlı ilk kitabım 2014-cü ildə işıq üzü görüb. İndi həmin kitabı vərəqlədikcə tələskənliyə yol verdiyim bəzi məqamlar gözümə dəyir. Ona görə də çap işinə bir az məsuliyyətlə yanaşıram. Mənim “Tənha ağac” və “Rəqs edən qızcığaz” adlı iki hekayələr kitabım demək olar ki, çapa hazırdır. Yəqin ki, gələn ildən etibarən oxucular bu kitablarla tanış olacaqlar.

-Deyirlər ki, hekayə yazmaq roman yazmaqdan çox çətindir. Əgər roman yazmaq belə asandırsa, bəs onda siz niyə roman yazmırsınız ?

-Dünyada heç nə asan başa gəlmir, eləcə də yazıda. Hər bir janrın öz çətinliyi var. İstənilən halda hər biri zəhmət və istedad tələb edir. Hekayə yazmağın çətinliyi isə onun lokanik olmasındadır. Qaldı ki, roman məsələsinə, onu deyim ki, mənim şərti olaraq “Şam ağacı”, “Unudulmaz gün”, “Dişi canavar” adlı böyük həcmli üç romanım artıq tamamlanıb. Hal-hazırda müharibə mövzusunda olan “Daş məhəbbət və ya Qara yazı” romanı üzərində ciddi çalışıram. Qarabağ müharibəsindən, onun törətdiyi fəsadlardan, qaçqın və köçkün həyatı yaşamağa məcbur qalan soydaşlarımızın başına gələn faciəvi hadisələrdən, mənfur düşmənə qarşı igidliklə döyüşən oğullarımızdan, qızğın döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizdən bəhs olunan bu romanı, düşünürəm ki, gələn ilin yayına qədər yəqin ki, tamamlamağa çalışacam.

-Tərcümə sahəsində də fəaliyyətinizdən xəbərim var və bu baxından hansı əsərləri tərcümə etmisiniz?

-Bu günə qədər Amerika yazıçısı Karlos Kastanedanın “Don Xuanın təlimi” romanını, fransa yazıçısı Emil Zolyanın “Naturalizim” əsərini və “Tereza Raken” romanını dilimizə tərcümə etmişəm. Onu da deyim ki, XIX əsr klassik fransız naturalist nəsrinin maraqlı və ziddiyyətli simalarından olan (1840-1902) Emil Zolyanın 1867-ci ildə yazdığı “Tereza Raken” romanı 150 il ərzində müxtəlif dillərə tərcümə olunaraq, oxucular tərəfindən çox maraqla qarşılanıb. Ehtirasın doğurduğu cinayət və qatillərin cinayyətdən sonrakı psixoloji sarsıntıları, peşimançılıq və özünə haqq qazandırmaq cəhdi roman boyu oxucunu arxasınca aparır. Romandakı sevgi, iki insanın bir-birinə öyrəşməyi üzərində qurulub. Xalası oğlu, xəstəhal və iyrənc Kamillə xalası xanım Rakenin istəyi əsasında evlənməyə məcbur olan Tereza ərinin dostu Loranın simasında sevginin və ehtirasın gerçək dadını çıxarmaq istəyir, amma arada divar kimi olan Kamill bu yaxınlığa böyük maneədir. Məşuqlar Kamilli aradan götürməklə azadlığa qovuşacaqlarını güman edirlər, lakin hər şey əksinə olur. Kamillin kabusu onları bir an belə rahat buraxmır və sonunda…

Bir sözlə bu kitab “Qanun” nəşriyyatı tərəfindən çap olunub və hal-hazırda bütün böyük kitab mağazalarında satılır. Maraqlananlar alıb oxuya bilərlər və inanıram ki, oxumağına da dəyər.

-Daha tərcümə ilə məşqul olmursunuz?

-Emil Zolya mənim çox sevdiyim yazıçıdır. Hal-hazırda onun “Jerminal” romanının tərcüməsi ilə məşğulam. Amma işlərimin çox olmasından, bu işə bir az fasilə vermişəm, cəmi əlli səhifə tərcümə etmişəm. Bir də ki, tərcümə etmək üçün adamda gərək həm vaxt, həm maddi maraq, həm də stimul olmalıdır. Nəşriyyatlar isə bu işi havayı və ya elə qiymətə görməyi təklif edirlər ki, adam təmiz ruhdan düşür.

-İşlərinizin çox olmasını vurğuladınız. Amma tez-tez yeni çıxan kitablarda sizin imzanıza redaktor kimi də rast gəlirik.

-Hə, elədir, son iki-üç ildə bu istiqamətdə də fəaliyyət göstərirəm. Bu müddət ərzində otuza yaxın kitaba redaktorluq etmişəm. Ən sonuncu redaktə işim Eyruz Məmmədovun yenicə çapdan çıxan Sumqayıtın 70 illiyi ilə bağlı “Sumqayıtım – dünənə boylan” kitabı olub. Onu da vurğulayım ki, Eyruzun nəfis şəkildə çapdan çıxan bu kitabı oxucular tərəfindən maraqla qarşılanıb, həm də çox oxunaqlıdır.

-Gəlin sualların məcrasını dəyişək. Xasiyyətcə mehribansınız və yəqin ki, bu baxımdan sizin dostlarınız da çox olar. DOST sözü sizin üçün hansı anlamı daşıyır?

-Şəxsiyyətinə və qələminə böyük hörmət bəslədiyim şair-qəzəlxan dostum Əli Ələminin dostlarla bağlı bir beyti yadıma düşdü:

Dostluq incə bir teldir, onu qırmağa dəyməz,

Dostluq möhkəm poladdır, o sınsa da əyilməz!

Mənim ətrafımda istənilən təbəqədən - fəhləsindən aliminə kimi, yazıçısından şairinə kimi, orta səviyyəli biznesmendən iri holdinq sahibinə kimi, sıravi əsgərdən generalına kimi cəmiyyətdə mövqe tutan insanlar var. Günün istənilən zamanında onların mənə və ya mənim də onlara əlim yetirsə, deməli, bu əsl dostluq və xoşbəxtlikdir. Mən onlarla fəxr edirəm, qürur duyuram. Adama deyirlər ki, dostunu göstər, deyim sən kimsən. Dost dediyin insan ilk növbədə doğru-dürüst olmalıdır, özünü mənəviyyatca yüksək tutmağı bacarmalıdır, dostluğu öz maddi maraqlarına qurban verməməlidir. Əsl dost odur ki, o, öz hərəkətləri ilə cəmiyyət arasında sənə başı aşağılıq, utanc hissi gətirməsin. Əgər dost dediyin insan ikinci SƏN ola bilirsə, bax onda onunla dostluq eləməyə dəyər. Sən ona güvənməlisən və o da sənə. Bir sözlə DOSTluq etmək gədə işi deyil, əsl KİŞİ və müdrik İNSAN işidir! DOST dediyin insan ilk öncə Şəxsiyyət olmalıdır. Çünki dostluq Şərəf və Ləyaqət məsələsidir!

-Əgər dostunuz səhv edərsə, onu bağışlayarsınızmı?

-Dostumun səhvini bağışlayaram, amma səhvi günaha çevriləndə, yox. Çünki buraxılan günah qəlblərdə xoş olmayan dərin və sağalmayan izlər buraxır. Günah dostlar arasındakı səmimiyyətə kölgə salır. Səmimiyyət olmayan yerdə isə saxtalıq önə keçir.

-Siz, müasir cəmiyyətimizdə “ZİYALI” insanı necə görürsünüz?

-Karl Marksın bir gözəl sözü var, mən həmin fikri tez-tez xatırlayıram – “Təbiət insanı yaradır, cəmiyyət onu formalaşdırır”. Ailə mühüti tərbiyəli insan yetişdirir, təhsil ocağı isə savadlı insan ortaya çıxardır. Tərbiyəli insanın savadsız olması mümkün olduğu kimi, savadlı insanın da tərbiyəsiz olması mümkündür. Amma ziyalılıq insanın qanında olur və bunun ali təhsilə, filana dəxli yoxdur. Məyər Xurşudbanu Natavanın, Üzeyir Hacıbəylinin, Lev Tolstoyun ali təhsili olub? Hətta Hacı Zeynəlabdin Tağıyev yazmağı, oxumağı da bacarmayıb. Amma ən böyük ziyalı olub. Yüzlərlə gənclərimizin təhsil almasında, böyük ziyalı kimi formalaşmasında öz maliyyə köməkliklərini əsirgəməyib. Əsas insanın soy köküdür, təmiz qanıdır və ruhunda olan koddur. Bunlar varsa, həmin insan ziyalı sayıla bilər.

-Bildiyimə görə siz Bakıda yaşayırsınız. Amma Sumqayıtda keçirilən bütün mədəni-kütləvi tədbirlərin hamısında sizi görmək mümkündür. Sumqayıtla sizi nə bağlayır?

-İlk əvvəl onu deyim ki, mən Sumqayıtda doğulmuşam. Bura mənim Vətənimdir. Düzdür, 1995-ci ildən ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə köçməli olsam da, amma Sumqayıtdan bir gün də belə ayrılmamışam. Bu illər ərzində dəfələrlə Bakıda iş təklifi almağıma baxmayaraq, bu günə qədər də Sumqayıtda çalışıram. Hər gün səhər saat səkkizdən, axşam saat doqquza qədər Sumqayıtda oluram, ancaq yatmaq üçün (gülümsəyir) Bakıya gedirəm. Çox qəribədir ki, bazar və bayram günlərində də istirahət və dincəlmək üçün Sumqayıta gəlirəm. Sumqayıt mənim uşaqlığımın, gəncliyimin, bir sözlə şirinli-acılı xatirələrimin şəhəridir. Mən bu şəhərdə təhsil almışam, bu şəhərdə sevmişəm-sevilmişəm. İndi də üç nəvəm bu şəhərdə yaşayır. Bütün ömrüm bu şəhərdə keçib və bu şəhərin sakini olmağımla fəxr edirəm. Bu şəhər məhəllə-məhəllə, küçə-küçə mənim gözlərimin qarşısında ucalıb, inkişaf edib və bu gün nəinki Azərbaycanın, ürəklə deyə bilərəm ki, Cənubi Qafqazın ən gözəl şəhərlərindən biridir. Sumqayıt günü-gündən çiçəklənir, inkişaf edir. Sumqayıt bulvarı öz gözəlliyinə görə heç də Bakı bulvarından geri qalmır. Respublikamızın prezidendti cənab İlham Əliyev son dəfə Sumqayıtda olanda bulvarımızı MÖCÜZƏ adlandırmışdı. Hələ bundan başqa yaşıl xiyabanlara, təzə tikilən yaraşıqlı binalara, yeni salınan geniş prospektlərə heyranlıqla baxmamaq olmur. Təbii ki, bunlar insanın qəlbini sevindirir və gözünü oxşayır. Bütün bu gözəlliyin yaradılmasında şəhərimizin hörmətli İcra Hakimiyyət başçısı cənab Zakir Fərəcovun da əməyi danılmazdır. Mən də öz şəhərini sevən bir ziyalı kimi Sumqayıtın parlaq gələcəyinə inanıram. İnanıram ki, yaxın gələcəkdə Sumqayıt nəinki Azərbaycanın, hətta Avropanın ən inkişaf etmiş şəhərlərindən biri olacaq. Şəhərimizin adı dünyanın müxtəlif bölgələrində həmişə iftixarla çəkiləcəkdir. Əlbəttə, mən də həmişə olduğu kimi, sumqayıtlı olduğumla daima fəxr edəcəm.

Ağalar İDRİSOĞLU,

Yazıçı, rejissor, jurnalist,

Əməkdar incəsənət xadim

Bütün xəbərlər Facebook səhifəmizdə